nikoilbank

“Nikoil” bankda nələr baş verir?

nikoilbankBank “can üstə” düşüb; yüz işçi ilə əmək müqaviləsi dayandırılıb

Azərbaycanın bank sektorunda kifayət qədər tanınmışlardan olan “Nikoil” bank ağır günlərini yaşayır. Bankla bağlı əldə etdiyimiz məlumatların təhlili göstərir ki, ölkədə bir səhmdar təbəqəsinin sərvətlərinin ciddi risk altına düşəcəyi, o cümlədən itiriləcəyi şübhə doğurmur.
Məlumatda qeyd olunur ki, bankın müflisin kandarına gəlib çıxmasında əsas amil düzgün idarəetmənin olmamasıdır. Hazırda bankın pul qıtlığı yaşadığı, daha dəqiq ifadə etsək, kağız üzərində milyonlara sahib olsa da, reallıqda bankın pul çatışmazlığıyla üzləşdiyi bildirilir. Əlavə olunur ki, möcüzə baş verməsə, bu problemdən çıxmaq müşkül məsələdir.
“Azadlıq”a məlumat verən mənbənin sözlərinə görə, bank xilas yolu kimi, analoqu olmayan addım atıb – məcburi şəkildə təxminən 100-ə qədər işçisindən işdən çıxmaq barədə ərizə alıb. Ancaq bank həmin əməkdaşlara münasibətdə o qədər də mərhəmətsiz davranmayıb – onlar yenə də bankda fəaliyyətlərini davam etdirirlər, amma əmək müqaviləsi olmadan. Həmin işçilərlə sadəcə, “xidməti müqavilə” bağlanıb.
Məlumat üçün deyək ki, əmək müqavilələrinin xidməti müqavilələrlə əvəzlənməsi şirkətə pul qazandırır. Kiçik hesablama aparaq. Əmək müqaviləsi olduğu halda, işəgötürən hər işçi üçün dövlətə 22 faiz məcburi sosial sığorta haqqı verir. Bu hələ hamısı deyil, eyni zamanda, hər bir işçi üçün 14 faizlik gəlir vergisi də şirkətin büdcəsindən çıxır, dövlətə ödənilir.
“Xidməti müqavilə”də isə cəmi 4 faizlik ödəmə olur ki, onu da işəgötürən yox, işçi özü verir.
Onu da qeyd edək ki, qanuna görə, işçi ilə işəgötürən arasında faktiki əmək münasibətləri hökm sürürsə (“Nikoil”də olduğu kimi), xidməti müqavilənin bağlanması qadağandır, bu halda, əmək müqaviləsi bağlanmalıdır.
Ən qəribəsi odur ki, “Nikoil” bankda bütün bunlar Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tərəfindən respublikada “Işə götürüləndə əmək müqaviləsi imzalamağı unutma!” kampaniyası aparıldığı günlərdə baş verir. Kiçik müəssisələrdə vergidən yayınma, işçilərlə əmək müqavilələri bağlanmaması hallarını zərrəbinlə axtaran Vergilər Nazirliyi görəsən, doğrudanmı böyük bir bankda baş verənlərdən xəbərsizdir?
Bu suallara biz növbəti yazılarda aydınlıq gətirməyə çalışacağıq. Növbəti yazıda həm də oxucular “Nikoil” bankın öz müştərilərinə qarşı necə qəddar davrandığını, onların girovlarını qanunsuz olaraq necə satıb mənimsədiyini də öyrənəcəklər. Hamının gözü önündə və Mərkəzi Bankın nəzərati altında olan bir bankın Azərbaycan əmənətçilərinin başına gətirdiyi bir çox olayları öyrənmək imkanınız da olacaq.
Onu da əlavə edək ki, “Nikoil” bankın Azərbaycanda fəaliyyət tarixi 1994-cü ildən başlayır. 1 aprel 2011-ci il tarixinə səhm payları aşağıdakı qaydadadır:
QSC “Topaz Investments” – 56,3834 %
QSIC “NIKOIL” – 28,7449%
MMC “Uralsib-Invest” – 13,8717%
MMC “ISR Holding” – 1.0000%

Natiq