guler ahmedova

Deputat 2 milyon dollarlıq rüşvətdə ittiham olunur

guler ahmedovaABU-nun keçmiş rektoru Gülər Əhmədovadan Baş Prokurorluğa şikayət edib

Şikayət məktubuna deputatla söhbətlərin audio və videoyazıları da əlavə olunub

Bir müddət əvvəl fəaliyyətini dayandıran Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev Milli Məclisin deputatı Gülər Əhmədovadan Baş Prokurorluğa şikayət edib. Sabiq rektor deputatı ondan 2 milyon dollar rüşvət almaqda ittiham edir. Elşad Abdullayev dünən mətbuat üçün yaydığı bəyanatda bu haqda məlumat verib. Sabiq rektorun sözlərinə görə, o, Baş Prokurorluğa şikayət məktubuyla yanaşı, Gülər Əhmədova ilə aralarında olan söhbətlərin audio və video yazıları əks olunan diksləri də təqdim edib.

Rüşvət qalmaqalında Ramiz Mehdiyevin də adı hallanır

“Gülər Əhmədova 2005-ci ilin noyabrında keçirilən parlament seçkiləri ərəfəsində rəfiqəsi Babayeva Sevinc Telman qızının vasitəsilə məndən Prezident Administrasiyasının rəhbəri Mehdiyev Ramiz Ənvər oğluna verəcəyi adıyla 2 milyon dollar almışdı. Əvəzində məni Milli Məclisə deputat seçdirəcəyinə və bundan sonra qardaşım Mahirin sağ-salamat geri qaytarılacağına söz vermişdi. Lakin o, vədinə əməl etmədi, pulumu geri istədikdə isə məni həbslə və fiziki cəhətdən məhv etdirəcəyilə hədələdi. Mən həm Gülər Əhmədova, həm də Sevinc Babayeva ilə söhbətlərimin video çəkilişini və telefon danışıqlarımızın audio yazısını aparmışam. Həmin çəkiliş və yazıların surətlərinin olduğu kompakt diskləri də Gülər Əhmədova barəsində cinayət işi başlanması üçün ərizəmlə birlikdə Baş prokuror Zakir Qaralova göndərdim. Xahiş etdim ki, adları çəkilən şəxslər barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsilə cinayət işi başlansın. Lakin Baş prokuror qanunauyğun tədbir görmək, yəni cinayət işi başlamaq və istintaq aparmaq əvəzinə mənim ərizəmi Eldar Əhmədova (Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinin rəisi) göndərdi. O da qanunsuz olaraq, mənim vəkilimə yenə həmişəki məzmunda – ərizənin cinayət işinə əlavə edilməsi barədə cavab verdi. Mən bundan sonra Azərbaycan Respublikası Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova müraciət etdim. Prokurorluq orqanları birbaşa prezident qarşısında hesabat verdiklərindən istəyirdim ki, onlara ərizəmin qanuna müvafiq qaydada həll olunması barədə göstəriş verilsin. Lakin bu ərizəmə də cavab almadım. Mən hüquq-mühafizə orqanlarına və Prezident Administrasiyasına şikayət edərkən də bildirmişdim ki, bu məsələnin, yəni, deputat Gülər Əhmədovanın məndən rüşvət almasının ictimailəşdirilməsini istəmirəm, istintaq aparılmasını, mənim doğru və ya yalan danışmağımın müəyyən olunmasını istəyirəm. Lakin təəssüf ki, onlar qanunla üzərlərinə düşən vəzifəni yerinə yetirmədilər. Ona görə də özümün və ailə üzvlərimin təhlükəsizliyini təmin etmək üçün bu məsələni ictimailəşdirmək qərarına gəldim”, – deyə Elşad Abdullayev açıqlamasında bildirir.
Elşad Abdullayev şikayətinin araşdırılmamasını Baş Prokurorluğun qərəzli mövqeyi kimi qiymətləndirir: “Bunu sübut eləmək üçün iki paralel aparmaq istəyirəm. Birincisi, məlumdur ki, prokurorluq faktiki olaraq, bir nəfərin kiməsə dediklərinə ”inanaraq”, bunu əsaslandıracaq heç bir dəlil-sübut olmadığı halda, Əbülfəz Elçibəyin zəhərlənməsilə bağlı cinayət işi başlayıb. Mən isə deputat Gülər Əhmədovanın məndən rüşvət almasını təsdiq edən video və audio yazıları istintaqa təqdim etdiyim halda, cinayət işi başlanmır. Ikincisi, həmin Gülər Əhmədovanın “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının ondan rüşvət tələb etməsi barədə ərizəsilə jurnalistin barəsində nəinki cinayət işi başlanıb, hətta bu iş onun həbsilə nəticələnib. Belə olan halda, Gülər Əhmədovanın videoçəkilişini onun razılığı olmadan aparmağım barədə istintaq orqanının irəli sürəcəyi arqumentə bəri başdan cavab olaraq deyə bilərəm ki, o zaman Gülər Əhmədovanın Əvəz Zeynallının səsini onun razılığı olmadan yazdığı audioyazı niyə sübut kimi istifadə olunur?”
Sabiq rektor onu da qeyd edir ki, cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etməyə görə Cinayət Məcəlləsinin 296-cı maddəsində məsuliyyət nəzərdə tutulduğundan xəbərdardır və yalan danışdığı təqdirdə məsuliyyət daşımağa da hazırdır.

Elşad Abdullayev qardaşının itkin düşməsində kimlərdən şübhələnir?

Elşad Abdullayev mətbuat üçün açıqlamasında 2003-cü ilin oktyabrından bəri itkin olan qardaşı Mahir Abdullayevlə bağlı məqama da toxunur. Qeyd edir ki, qardaşının itkin düşməsilə əlaqədar hadisədən təxminən bir ay sonra Bakı şəhər Prokurorluğunda CM-nin 144-cü (adam oğurluğu) maddəsilə cinayət işi başlanıb. Lakin uzun müddət Mahir Abdullayevdən xəbər çıxmadığından onun qətlə yetirildiyinə dair şübhələr artıb və 2005-ci ilin noyabrında həmin cinayət işi qəsdən adam öldürmə maddəsinə tövsif edilərək, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinə göndərilib. Iş üzrə zərərçəkmiş qismində də Elşad Abdullayev tanınıb: “Işin istintaqının ləng, səmərəsiz aparılması barədə ən müxtəlif instansiyalara etdiyim müraciətlərə son nəticədə idarənin rəisi Eldar Əhmədovun imzasıyla ”müraciətlər cinayət işinə əlavə olundu və nəticəsi barədə sizə əlavə məlumat veriləcək” məzmunlu başdansovdu cavablar almışam. Eyni məzmunlu sonuncu cavab məktubunu 2010-cu il yanvarın 21-də almışam. Bundan sonrakı müraciətlərimə isə hətta başdansovdu cavab da verilmir”.
Bu işdə geri çəkilmədiyindən təqib və təzyiqlərlə üzləşdiyini və bu səbəbdən ölkəni tərk etmək məcburiyyətində qaldığını deyən Elşad Abdullayev baş verənlərlə əlaqədar Avropa Insan Hüquqları Məhkəməsinə müraciət etmək qərarına gəlib. Lakin bunun üçün əvvəlcə ölkə daxilindəki hüquqi vasitələri tükətmək, yerli məhkəmə instansiyalarını keçmək zəruridir. Sabiq rektor bu hüquqi addımları atmaq üçün vəkil Adil Ismayılovla müqavilə bağlayıb. Elşad Abdullayevin sözlərinə görə, ölkənin nüfuzlu vəkillərindən olan Adil Ismayılov vəkil kimi orderini və onun etibarnaməsini prokurorluğa təqdim etsə də, Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinin rəisi Eldar Əhmədov müdafiəçini zərərçəkmiş şəxsin nümayəndəsi kimi tanımaqdan imtina edib. Belə olan halda, Adil Ismayılov Eldar Əhmədovun hərəkətindən məhkəməyə müraciət edib. Nəsimi Rayon Məhkəməsi 5 iyun 2012-ci il tarixli qərarıyla idarə rəisinin addımını qanunsuz hərəkət kimi qiymətləndirib və ardınca idarənin müstəntiqi Elmar Məmmədov Adil Ismayılovun zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınması barədə qərar verib.
Elşad Abdullayev deyir ki, bundan sonra da prokurorluqla hüquqi müstəvidə problemlər davam edib. Bu dəfə prokurorluq, konkret olaraq, müstəntiq Elmar Məmmədov vəkilə Mahir Abdullayevin oğurlanması (öldürülməsi) faktı ilə bağlı cinayət işi üzrə bir sıra lazımi sənədləri verməkdən imtina edib.
Elşad Abdullayev vəkilinin vəsatətlə tələb etdiyi, lakin müstəntiqin vermək istəmədiyi sənədlərin nədən ibarət olduğunu da açıqlayır:
1. Cinayət işinin vəziyyəti (gedişi və nəticəsi) haqqında məlumat;
2. Cinayət işinin başlanması haqqında qərarın surəti;
3. Cinayət işinin Bakı Şəhər Baş Polis Idarəsindən istintaq aidiyyəti üzrə Baş Prokurorluğa verilməsi haqqında qərarın surəti;
4. Abdullayev Elşad Islam oğlunun zərərçəkmiş şəxs qismində tanıması haqqında qərarın surəti;
5. Zərərçəkmiş şəxs Elşad Abdullayevin iştirakı ilə aparılmış istintaq hərəkətlərilə bağlı tərtib olunmuş protokolların surəti;
6. Iş üzrə ekspertizaların təyin olunması haqqında qararların və alınmış müvafiq ekspert rəylərinin surəti;
7. Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin öldürülməsi (oğurlanması) faktı ilə bağlı vermiş olduğu şikayətlərə baxılmasının nəticələri barədə məlumat;
8. Mahir Abdullayevin öldürülməsi (oğurlanması) ilə bağlı törədilmiş cinayətdə Mətanət Isgəndərli, Ələddin Əzizov, Sənan Ibrahimov, Arzu Kazımov, Hilal Əsədov və onun həmkarı Akif Çovdarovun iştirakının yoxlanılması məqsədilə keçirilmiş əməliyyat-axtarış tədbirləri barədə məlumat;
9. Mahir Abdullayevin öldürülməsi (oğurlanması) ilə bağlı Arzu Kazımov və Zahid Dünyamalıyevin Elşad Abdullayevdən 3 milyon dollar məbləğində pulu almaları ilə bağlı görülmüş tədbirlər haqqında məlumat;
10. Mahir Abdullayevin öldürülməsi (oğurlanması) ilə bağlı törədilmiş cinayətdə Mətanət Isgəndərli, Ələddin Əzizov, Sənan Ibrahimov, Arzu Kazımov, Hilal Əsədov və Akif Çovdarovun iştirakı barədə Elşad Abdullayevin şikayətlərində və ifadəsində göstərdiyi xüsusatların yoxlanılması ilə əlaqədar görülmüş tədbirlər barədə məlumat;
11. Mahir Abdullayevin öldürülməsi (oğurlanması) ilə bağlı Arzu Kazımov və Zahid Dünyamalıyevin Elşad Abdullayevdən 3 milyon ABŞ dolları məbləğində pul alıb ələ keçirmələri ilə əlaqədar Elşad Abdullayevin şikayəti üzrə görülmüş tədbirlər (cinayət işinin başlanıb-başlanmaması, material ayrılması, cinayət işinin başlanmasının rədd edilməsi) haqqında məlumat.
Elşad Abdullayev bildirir ki, səmərəli hüquq-müdafiə fəaliyyətinin qurulması üçün lazım olan bu sənədləri verməkdən imtina edən müstəntiqin hərəkətindən Baş prokurorun birinci müavini Rüstəm Usubova və Nəsimi Rayon Məhkəməsinə müraciət olunub. Rüstəm Usubov şikayətə ümumiyyətlə, cavab verməyib. Məhkəmə isə müraciət daxil olduğu günün ertəsi şikayəti qəbul etməkdən imtina qərarıyla onu geri qaytarıb. Məhkəmənin bu qərarından verilən apellyasiya şikayəti də təmin olunmayıb. Beləliklə, ölkədaxili hüquqi vasitələr tükənib…

***

Onu da əlavə edək ki, sabiq rektor Elşad Abdullayevin Gülər Əhmədovanın ünvanına ittihamlarıyla əlaqədar deputatın da mövqeyini öyrənməyə çalışdıq. Dünən Gülər xanımla mobil telefon vasitəsilə əlaqə yaratmağa cəhd göstərdik. Lakin deputatın telefonuna başqa şəxs cavab verdi və Gülər Əhmədova ilə əlaqə yarada bilmək üçün şəhər nömrəsi verdi (bəlli səbəblərdən nömrəni yazmırıq). Həmin nömrəyə zəng vursaq da, ümumiyyətlə, dəstəyi qaldıran olmadı…

Informasiya şöbəsi