Nigar Yaqublu ilə bağlı ATƏT-in Bakı ofisində müzakirə olub

Sentyabrın 19-da Müsavat Gənclər Təşkilatının rəhbərliyi ATƏT-in Bakı ofisində olub. Partiyanın mətbuat xidmətindən yayılan məlumata görə, Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı, müavinləri Əhəd Məmmədli və Rauf Məmmədli ofisin demokratikləşmə şöbəsinin rəhbəri Nikolas Deçlə görüşüblər.

Görüşdə Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublunun həbsi barədə müzakirə aparılıb. Nigar Yaqublunun kimliyi və onun həbsinin detalları ilə bağlı məlumat bankı Nikolas Deçə təqdim olunub.

Gənclər həbsin siyasi motivli olduğuna şübhələr yaradan məqamları ATƏT  səlahiyyətlisinin diqqətinə çatdırıblar. Qeyd olunub ki, hakimiyyət bu olayı adi kriminal hadisə kimi qələmə verməyə çalışsa da, Nigar Yaqublu barəsində seçilən həbs qətimkan tədbiri də daxil olmaqla istintaq hərəkətləri işin siyasi və sifarişli olduğunu göstərir. Əsasən o fikir vurğulanıb ki, bu, Nigar Yaqublunun “Avroviziya 2012” musiqi yarışması zamanı təşkil olunan etiraz aksiyalarında böyük fəallığına görə cəzalandırma planının tərkib hissəsidir.

ATƏT nümayəndəsi bu məsələni diqqətdə saxlayacaqlarını və qurumun Bakı ofisinin rəhbərinə və mərkəzi qərargaha hadisə barədə ətraflı məlumat verəcəklərini qeyd edib.