Türkiyədən Nigara dəstək

Azərbaycan Kültür Dərnəyi (Türkiyə) Qadınlar Təşkilatının sədri Nəsrin Əsgəran Ünal açıqlama yayıb. “Media forum” saytı açıqlamanı təqdim edir:

– Nigar Yaqublunun yaşadığı talesiz və ağır prosesin 17 sentyabrda Sumqayıt məhkəməsində veriləcək qərarla başqa bir məcrada davam edəcəyinə olan ümid və inamımız, təəssüf ki, məyusluqla nəticələndi.

Hər şeydən əvvəl böyük bir şanssızlıqla baş verən qəzada dünyasını dəyişən Aydın Acalova Allahdan rəhmət diləyir və kədərli ailəsinə başsağlığı veririk.

Şübhəsiz, hələ 4 yaşındaykən Qarabağ müharibəsində vuruşan atasının yolunu gözləyərək həyatı anlamağa başlayan, uşaqlıq, gənclik illərini şərəfli bir mübarizənin yaşandığı ailə atmosferində keçirən, bu mübarizənin iştirakçısı olmağı seçən Nigar üçün ailə dostu Aydın bəyin ölümünə şahid olmaq gənc ömrünün ən ağır sınaqlarından biri olub. Bu cəhətiylə Nigarın mənəvi dünyasında yaşadıqları bu gün onu sevənlərin qayğıyla izlədikləri prosesdən daha ağırdır.

Gözlənilməz qəzalar, istəmədən edilən səhvlər insan həyatının ən çətin sınaqlarıdır və əlbəttə, içində yaşadığı dövlətin qanunları çərçivəsində səhvlərin cəzası da çəkilər.

Ancaq Nigarın müdafiəsini həyata keçirən vəkillərin açıqlamalarına paralel olaraq Azərbaycan ictimaiyyətində səsləndirilənlər də bu günə qədər yol qəzalarında tətbiq edilən qaydalardan fərqli bir qaydanın tətbiq edildiyini və ortaya qoyulan arqumentlərin kökündən yanlış olduğunu göstərir. Bu çərçivədə milli və beynəlxalq səviyyədə Azərbaycana edilən müraciətlərdə qanunların yerinə yetirilməsi ilə bağlı məcburiyyətlərin, qaydaların, ictimai həssaslıqların istər hüquqi, istərsə də insanı baxımdan dəyərləndirilməsinin vacibliyi vurğulanmaqdadır.

Azərbaycan Kültür Dərnəyinin baş qərargahı və bütün şöbələri Nigar Yaqublunun həbs olunması ilə bağlı prosesi narahatlıqla izləməkdədir. 17 sentyabrda verilən qərardan sonra bu hadisənin 100-cü ildönümünü qeyd edən Müsavat Partiyasının tarixində yaşadığı ədalətsizliklərdən daha biri olması ehtimalını üzüntü ilə bölüşürük.

Sevgili Nigar!

Müsavat Azərbaycanın siyasi tarixi və qürurudur. Bu partiyanın Məclis üzvü və Gənclər Təşkilatının sədr müavini olaraq inamla davam etdirdiyin mübarizədə kişi-qadın ayrı-seçkiliyi etmədən və ya bu sahədə hər hansı bir imtiyazdan istifadə etmədən cəsarətinlə və ideallarınla yolunu davam etdirdin. Bu gün də böyük bir talesizlik yaşadığın hadisənin içindən keçərkən eyni duruşu nümayiş etdirdiyinə və yalnız ədalət gözlədiyinə inanırıq.

Məhəmməd Əmin Rəsulzadə tərəfindən 63 il əvvəl qurulan bu ocağın bütün üzvləri öz duaları ilə sənin və dəyərli ailənin yanındadırlar.