Hacı Məmmədovu MTN- dən niyə buraxmırlar?

Kimə inanaq: Elçin Behbudova, yoxsa Hacı Məmmədovun anasına?

Dünən mətbuatda Daxili Işlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili, çoxsaylı qətllər, adam oğurluqları, quldurluq kimi cinayətlər törətmiş Hacı Məmmədov barədə yeni xəbər yayıldı.
Işgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudova istinadən yayılan xəbərdə bildirilirdi ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılmaq Hacı Məmmədovun öz arzusudur. Çünki banda başçısı ömürlük məhkumların saxlanıldığı Qobustandakı qapalı həbsxanaya köçürülməkdən çəkinir. Qorxur ki, digər dustaqlar onu öldürərlər.
“O özü MTN-nin təcridxanasında qalmaq üçün milli təhlükəsizlik nazirinə məktubla müraciət edib. Hacı Məmmədov bizim komitəyə daxil olan məktubda da bildirib ki, onu Qobustan qapalı həbsxanasına köçürsələr, orada öldürəcəklər. Ona görə də öz istəyi ilə MTN-nin təcridxanasında qalır”, – deyə Elçin Behbudov bildirib.
Maraqlıdır. Çünki Hacı Məmmədovun doğma anası Almaz Məmmədova əksinə, oğlunun MTN-də saxlanılmasından narazılığını bildirir. Onun sözlərinə görə, oğlu özü də MTN-də qalmaq istəmir.
“Evə zəng etmişdi, dedi ki, daha MTN-də qalmaq istəmir. Xahiş elədi ki, onu Qobustana köçürsünlər. Bununla bağlı Qırmızı Xaç Komitəsinə də müraciətini çatdırmağımızı etdi. Deyir ki, daha orada qala bilmir”, – deyə Almaz Məmmədova bir müddət əvvəl “Yeni Müsavat”a açıqlamasında demişdi.
Indi kimə inanaq: Hacı Məmmədovun anasına, yoxsa MTN-də onunla mütəmadi görüşən Elçin Behbudova?
Digər tərəfdən, harada saxlanmaq məsələsi nə vaxtdan dustağın öz arzusuyla müəyyənləşir? Azərbaycanda Hacı Məmmədov istisna olmaqla, indiyə qədər ömürlük həbs cəzası almış bütün məhkumlar Qobustandakı qapalı həbsxanada saxlanılıb. Hacı Məmmədovla birlikdə mühakimə olunan və ömürlük azadlıqdan məhrum edilən digər doqquz nəfər də bu sıraya daxildir.
Qeyd edək ki, Hacı Məmmədov 2005-ci il martın 10-da MTN-in “Qara kəmər” əməliyyatı nəticəsində həbs olunandan bəri bu qurumda saxlanılır. Hələ 2007-ci ildə bu dəstənin məhkəməsi başa çatandan sonra digərləri köçürülsə də, Hacı Məmmədovun MTN-də saxlanılması müxtəlif söz-söhbətlərə səbəb olmuşdu. Ehtimallardan biri də bu idi ki, Hacı Məmmədov yaxınlarına münasibətdə müəyyən güzəştlər müqabilində müəyyən razılaşmalara gedib. Bu baxımdan onu MTN-də – “göz qabağında” saxlamaq daha asan və məqsədəuyğundur. Əks halda, müəyyən sirlərin üstü açıla bilər. Hacı Məmmədova müstəsna hüquqların verilməsi, onun qanunsuz olaraq, 7 il yarımdır ki, MTN-də saxlanılması da bu işdə qaranlıq mətləblərdən xəbər verir.

Hikmət