Tofiq Yaqublu: “Bilərik ki, demokratiya uğrunda bizim ailə də bir şəhid verdi”
Müsavatçı fəal Nigar Yaqublunun həbsindən verilən apelyasiya şikayəti təmin edilmədi. Məhkəmə əvvəlki instansiyanın qərarını qüvvədə saxlayaraq gənc fəalı azadlığa buraxmadı. Indi müdafiəçilərin növbəti hədəfi N.Yaqublunun istintaq müddətini ev dustaqlığı şəraitində keçirməsinə nail olmaqdır. Atası – Müsavat başqanının müavini Tofiq Yaqublu ilə söhbətimizə də elə bundan başladıq.
– Tofiq bəy, Nigarın ev dustaqlığına buraxılması üçün müraciət edilib. Qərarın müsbət olacağına ümidlisinizmi?
– Azərbaycandakı məhkəmə sisteminin vəziyyəti bu cür məsələlərlə bağlı proqnoz verməyə imkan vermir. Elə demokratik düşərgənin – cəbhəçilərin, müsavatçıların əsas hədəflərindən biri Azərbaycanda müstəqil məhkəmənin və istintaqın olmasıdır. Problemin kökü bundan qaynaqlanır. Əlbəttə ki, Nigar barəsində həbs-qətimkan tədbirinin seçilməsi qanunsuz və absurd idi. Buna heç bir zərurət yox idi. Ictimaiyyətdən, deputatlardan çoxsaylı müraciətlər olduğu üçün Apelyasiya Məhkəməsinə ümidlə getmişdik. Lakin məhkəmə qanunu pozaraq heç Nigarı məhkəməyə gətirmədi, üstəlik həbs qərarını qüvvədə saxladı. Çox ağ elədilər.
Indi həmin məhkəmə ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxacaq. Düşünürəm ki, bu dəfə də nəticə ürəkaçan olmayacaq. Yəqin düşünürlər ki, bu yolla Tofiq Yaqublunu cəzalandırırlar. Başa düşmürlər ki, biz təzyiqlərə, repressiyalara öyrəşmişik. Əziyyət çəkə-çəkə gəlmişik, amma dözmüşük. Biz usanmamışıq, yorulmamışıq. Görünür, onlar da bu repressiyalardan usanmırlar, zövq alırlar. Belədirsə, Nigar haqqında edam cəzası çıxarsınlar. Bilərik ki, demokratiya uğrunda bizim ailə də bir şəhid verdi. Könüllərindən keçirsə, eləsinlər. Axı nəyə nail olmaq istəyirlər? Özlərini sual verirləmi ki qız uşağını həbsdə saxlamaqla nə demək istəyirlər? Bu cür suallara cavab tapılmadan mən necə deyə bilərəm ki, onu ev dustaqlığına, girovluğa buraxacaqlar, ya yox. Müstəqil, ədalətli məhkəmə sistemi olsaydı, deyərdim ki, Nigar çıxacaq, gələcək evə.
– Mərhumun övladı rəsmən müraciət edərək Nigardan şikayətçi olmadığını bildirib. Bu məqam Nigarı ən azı, istintaq müddətində həbsdən azad etməyə imkan vermir?
– Elə əsas məqamlardan biri də odur ki, qarşı tərəf Nigardan şikayətçi deyil. Burada istintaq aparmalı bir şey də yoxdur. Məsələ, detallar bəllidir. Yol qəzaları ilə bağlı nadir hallarda qəliz, dərin araşdırma tələb edən məqam olur.
– Bu həbsin siyasi motivli olması hər kəsə bəllidir. Sadəcə o maraqlıdır ki, həbsin səbəbi Nigarın siyasi fəaliyyəti olub, yoxsa, Tofiq Yaqublunun?
– Məncə hər ikisinin payı var. Amma hansı nə qədərdir, onun deyə bilmərəm. Əsas məsələ bu həbsin siyasi motivli olmasıdır. Qoy, bacardıqlarını etsinlər. Hələ ki, zor, güc bunların əlindədir. Atlarını sağa da çapırlar, sola da. Təbii ki, baş verənlər bizə də xoş təsir eləmir. Amma dediyim kimi, bizim ailə uzun illərdir bu təzyiqlərə, həbslərə öyrəşib. Bir növ bizdə immunitet var.
– Bu günlər ərzində qızınızla görüşə bilmisiniz?
– Elə bunun özü növbəti bir qanunsuzluqdur. Qanuna görə, ailə üzvləri həbs edilən şəxslə istintaq dövründə ayda dörd dəfə, ümumilikdə dörd saat görüşə bilərlər. Mən istintaq təcridxanasına görüş üçün müraciət etdim, heç ərizəni qəbul etmədilər. Təsəvvür edin, onlar mənə cavab verdilər ki, bizim belə bir qanundan xəbərimiz yoxdur. Mən bu sözü “JEK”də desəydim, onlar bu cavabı verə bilərdilər. Amma istintaq tədricxanasının bunu deməsi çox gülməlidir.
Amma vəkilləri Nigarı darıxmağa qoymurlar. Bilirsiz ki, çoxlu sayda vəkili var. Hər gün biri gedir, görüşür. Nigar sarsılmayıb, möhkəmdir. Bu işin necə nəticələnəcəyini maraqla gözləyir.
Gültəkin