“Satılmış güllə yenidən dövriyyəyə buraxılıb”

Qətlə yetirilənin atası Imişli prokurorunun və məhkəmə-tibb ekspertlərinin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir

Ötən il iyulun 16-da Imişli rayonunun Qulubəyli kəndində 16 yaşlı yeniyetmənin qətli ilə bağlı aparılan istintaqın başa çatmasına və məhkəmə araşdırmasının yekunlaşmaq ərəfəsində olmasına baxmayaraq, bir müəmmaya hələ də aydınlıq gətirilməyib.
Belə ki, ilkin müayinə zamanı meyidin başından çıxarılan güllə, sonrakı vaxtlarda yoxa çıxıb və bu barədə ziddiyyətli qərarlar qəbul edilib. Mərhum Mirnahidin atası Nağıyev Qalib Qaraseyid oğlu prezidentə, baş prokurora, Ali Məhkəmənin sədrinə, ədliyə və səhiyyə nazirlərinə ünvanladığı, surətini “Azadlıq”a göndərdiyi müraciətində Imişli rayon prokurorunu və məhkəmə-tibb ekspertlərini qətlin üstünü ört-basdır etməyə cəhd göstərməkdə, saxta sənədlər tərtib və təqdim etməkdə suçlayır. Qısa ixtisarla həmin məktubu dərc edirik:
“Oğlum aldığı güllə yarasından xəstəxanada vəfat etdi və orada şərait olmadığından, meyidi həyətimizdə müayinə olundu. O vaxt ”Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin Beyləqan rayonlararası zona idarəsinin rəisi Fazil Bayramov və həmin vaxt rəsmi məzuniyyətdə olan Imişli rayon şöbəsinin rəhbəri Şaiq Qasımov meyidi müayinə etdilər. Mərhumun başından “TOZ-8″ silahından atılmış mərmi onlarla insanın gözü qarşısında çıxarıldı. Prokurorun göstərişi ilə F.Bayramov əlindəki maqqaşla mərmini Ş.Qasımovun əlində tutduğu kiçik sellafon torbaya qoydu. Bundan sonra bizə mərhumu dəfn etməyə icazə verildi.
Lakin 10 avqust 2011-ci il tarixli rəyində ekspert F.Bayramov yazıb ki, kəllə-beyin sümüyünə pərçimlənib qaldığından güllə çıxarılmayıb və mərhumun başında qalmaqla dəfn olunub. Bu saxtakarlıq barədə Baş Prokurorluğa çoxsaylı müraciətlərim oldu. Oktyabrın 5-də oğlumun qəbrinin açılmasına razılıq verdim. Meyit ekskumasiya və düz 7 saat müayinə olundu, ancaq güllə tapılmadı. Bu ilin aprelin 5-də istintaq başa çatdırılaraq, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərildi. Qəribədir ki, ekspertlər məkhəmədə şahid qismində dindirildi. Onlardan heç soruşulmadı ki, güllə meyitin başında deyildisə, niyə belə rəy vermisiniz? Üstəlik, məhkəmə mərminin mənim həyətimdə axtarılması barədə gülünc qərar qəbul etdi.
Avqustun 2-dən 3-nə keçən gecə saat təqribən 3 radələrində ailə üzvlərim həyətdə, vaxtilə oğlumun meyidinin müayinə olunduğu yerdə tanımadıqları şəxsin torpağı əllərindəki alətlə qazdıqlarını görərək, bərk qorxu keçiriblər. Səs eşidən kimi həmin şəxs hasarı aşaraq qaçıb. Səhər açılan kimi mən bu barədə Imişli Rayon Prokurorluğuna və digər orqanlara məlumat verdim. Amma görəndə ki, bu şikayətim də obyektiv araşdırılmır və “itmiş” gülləni öz əlləri ilə həyətimə basdırıb bir neçə gün sonra onu oradan tapmaq istəyirlər, həmin ərazidəki torpağın üst qatını bir maşına yığaraq, onu kəndimizin kənarından keçən Baş Muğan kanalına  tökdüm. Qoy professor Şakir Musayevin ekspertləri indən belə gülləni həmin kanala atıb, sonra oradan tapsınlar.
Birliyin başqa bir eksperti Zöhrab Rüstəmovun istintaqa verdiyi rəylə məhkəmədəki ifadəsi ziddiyyət təşkil edir.  Adam rəyində bildirib ki, atəş yaxın məsafədən və üzbəüz vəziyyətdən açıla bilərdi. Məhkəmədə isə dedi ki, oğlum arxadan vurulub. Guya başın arxa tərəfindən atəş açılıb, güllə havada süzərək başın üstündən keçərkən cazibə qüvvəsi ilə geri qayıdaraq təpə nahiyyəsindəki kəllə boşluğuna daxil olub. Ağ yalandır. Ekskumasiya zamanı oğlumun baş qapağı müayinə üçün götürüləndə, təpə nahiyyəsini deşib keçən güllənin istiqamətini öz gözlərimlə gördüm. Mərmi başda qalaraq çıxmadığından, yəni başın arxa hissəsindən deşik açmadığından, atəşin başın arxa tərəfindən açılması mümkün deyil. Amma ekspertlərin məqsədi odur ki, qətli törətməkdə təqsirli bilinənin uydurduğu yalan, guya sudan başını çıxaran canlının siçovul olmağını zənn edərək onu vurmağı barədə dedikləri inandırıcı olsun. Əvvəllər gülləni ona görə “itirmişdilər” ki, atəşin qanunsuz saxlanılan “TOZ-8″-dən deyil, ov tüfəngindən açılmağını sənədləşdirsinlər və bu hadisəni ”ehtiyatsızlıq üzündən baş verən bədbəxt hadisə” hesab etsinlər. Bu, alınmayıb deyə, gülləni “tapmaq” istəyirlər. Sövdələşmə baş tutmadığından və əsas maddi sübut yoxa çıxarıldığından, indi cinayəti törətməkdə təqsirli bilinən iddia edir ki, oğlumu heç o vurmayıb, bəlkə ondan qabaq kimsə vurubmuş.
Məhkəmədə 10 nəfər şahid ifadə verdi ki, güllə ekspertlər tərəfindən çıxarılıb və götürülüb. Amma bu adamların dediklərinə əhəmiyyət verilmədi. Məhkəmə həm də onu nəzərə almır ki, vaxtilə ekspert güllənin meyidin başında qalmağı barədə saxta rəy verib. Həmin saxta rəyə görə oğlumun meyidi təkrar müayinə olunub və hazırda baş qapağı təkrar ekspertizalar üçün saxlanılır (bunun valideynlər üçün nə qədər ağrılı olduğunu izah etməyə zənnimcə, ehtiyac yoxdur), qəbirdən çıxarılaraq 7 saat bayırda saxlanılmaqla urvatsız edilib. Ekspert meyidin üzərində gülləni görübsə, onu çıxarmağa, qoruyub saxlamağa, sənədləşdirməyə borclu idi. Görməyibsə, tapıb yerə saldığını, ya hansısa səbəbdən yoxa çıxdığını demirsə, hansı əsasla onu həyətimdə axtarırlar? Əgər ekspert rəyində yazıbsa ki, güllə kəllə sümüyünə pərçimləndiyindən onu çıxarmaq mümkün olmadı və meyit başında güllə olmaqla dəfn olundu, bundan sonra güllə öz-özünə qəbirdən çıxıb həyətimizə gələ bilərdimi? Ekspertin bilə-bilə yalan rəy verməyi sübuta yetəndən sonra niyə qanunvericiliyin tələbinə uyğun olaraq, o, məsuliyyətə cəlb edilmir? Əgər bu ekskumasiya heç nəyi həll etməyəcəkdisə, niyə keçirilirdi?
Onu da qeyd edim ki, bundan bir neçə il əvvəl ekspert Şaiq Qasımov meyidi müayinə etmədən prokurorluqda deyilənlər əsasında rəy verib, sonradan meyit ekskumasiya olunarkən rəy təsdiqini tapmadı. Amma buna görə ekspert nəinki məsuliyyətə cəlb edildi, hətta vəzifədən belə kənarlaşdırılmadı. Ekspertlərin verdiyi rəyin saxtalığına xırda texniki səhv kimi yanaşılır. Halbuki belə rəylərlə nə qədər cinayətin üstü ört-basdır edilir, qanlar batırılır. Prokuror, məhkəmə-tibb ekspertləri qatillərlə sövdələşməyə gedib güllə alveri edirsə, ədalət mühakiməsinin nüfuzundan danışmağa dəyərmi?”.

Sosial şöbə