Dindarlar Təzəpirdə aksiya keçirdi

 

Şeyx dindarları qəbul etmədi, polis isə məsciddən qovdu

 

Yanvarın 24-də gün ərzində Bakının mərkəzindəki Təzəpir məscidində və məscidin ətrafında gərginlik yaşandı. Gərginliyin səbəbi cənub zonasından gələn dindarların Hacı Allahşükür Paşazadə ilə görüşmək istəmələri idi. Onların Şeyxlə görüşməsinin əsas səbəbi hicab qadağası ilə bağlıydı.

 

Səhər saatlarından məscidin ətrafı polis maşınları ilə doldurulmuşdu. Təzəpirin yerləşdiyi küçələri polis nəzarətə götürmüşdü. Məscidə gedən hər kəs yoxlanılır, kim olması ilə maraqlanırdılar.

Məscidin həyətinə isə mülki formalı polislər nəzarət edirdilər. Hüquq-mühafizə orqanlarına məxsus videokameralar vasitəsilə bütün hadisələr, məscidə girib-çıxanlar lentə alınırdı.

Günorta namazından sonra məscidin həyətində aksiyanın olacağı xəbəri yayıldı. Lakin namazdan sonra heç bir aksiya olmadı. Məscidin içində isə dindarlar hicab qadağası ilə bağlı müzakirələr aparır, Şeyxin onlarla görüşməsini tələb edirdilər.

Bəxtiyar Cavadov adlı Masallı sakini gəlişlərinin səbəbini belə izah etdi: “Biz bura öz ana və bacılarımızın hicablarının müdafiəsinə gəlmişik. Mənim evimdə qızım dərs ala bilmirsə, məktəbə gedə bilmirsə, mən nə etməliyəm? Bizim prezidentdən də, şeyxdən də istəyimiz hicabdır. Başqa heç nə”.

Bir az sonra Masallı dindarlarının nümayəndəsi Sərdar Hacı Həsənli Qafqaz Müsəlmanları Idarəsinin qapısına doğru yaxınlaşaraq Şeyxlə görüşmək istədiklərini bildirdi. Elə qapının ağzında idarənin nümayəndəsi ilə Sərdar Hacı arasında mübahisə yarandı.

Sərdar Hacı öz haqlarını tələb etdiklərini və bunun üçün konstitusion hüquqlarından istifadə etdiklərini dedi. O bildirdi ki, dindarlar şeyxlə görüşüb ölkə başçısına hansı formada müraciət etməyin yolları barədə müzakirə aparmaq istəyirlər.

Bir neçə saatlıq gözləntidən sonra Cəlilabad dindarlarının təmsilçisi Hacı Ilqar Əliyev idarəyə daxil oldu.

Dindarlar isə məscidin həyətinə toplaşaraq nəticəni gözləyirdilər. Lakin Allahşükür Paşazadənin dindarları qəbul edib onların dərdlərini dinləyəcəyinə heç kim ümidli deyildi.

Az sonra idarədən xəbər gəldi ki, şikayətçilər öz müraciətlərini yazılı formada təqdim etsinlər. Lakin dindarlar bununla da razılaşmadı.

Daha sonra Təzəpir məscidinin axundu Hacı Faiz etirazçı dindarlarla danışmağa cəhd etdi. Şeyxin bütün bu narazılıqları prezidentə çatdıracağı, onları narahat edən məsələlərin həll ediləcəyi deyilsə də, dindarlar fikirlərindən dönmədilər.

Axşama doğru Şeyx, nəhayət ki, onu gözləyənlərə cavab göndərdi: “Vaxtım yoxdur”.

Dindarlar kor-peşman yenidən məscidə yığıldılar.

Şəxsiyyətini dəqiqləşdirə bilmədiyimiz mülki geyimli polis rəisi dindarların nümayəndəsi ilə söhbət etməyə başladı. O, bu zaman jurnalistlərin çəkiliş aparmasına icazə vermədi. Əlindəki mobil telefonla onların danışığını çəkən gənci isə yanına çağıb telefonu əlindən alaraq yerə çırpdı. Daha sonra o, dindarlara xəbərdarlıq etdi: “Buranı tərk etmək üçün sizə 5 dəqiqə vaxt verirəm. Əks halda məndən inciməyin”.

Bu xəbərdarlıqdan sonra dindarlar başlatdıqları dinc aksiyanı bitirərək məscidi tərk etdilər. Onlar bildirdilər ki, şikayətlərini bundan sonra birbaşa Prezident Administrasiyasına çatdıracaqlar.

Elmin