Cənub problemi: filoloji müstəvidən siyasi müstəviyə…

Yarım əsrdir cənub problemi filoloji müstəvidədir. O, şairlərin problemi kimi yalnız kövrək ədəbi duyğuları oyadır. Soyuq məntiq, soyuq mühakimə ona milli problemlərin cərgəsində özünə layiq yer tutmağa imkan vermir. Bunun çox səbəbi var. Bir səbəbi də odur ki, hamımız yaman realistlər olmuşuq və düşünürük ki, bu problemin real siyasət müstəvisində həlli yoxdur. Amma siyasət imperativlərlə idarə olunmur. Bir də görürsən ki, reallıq baxımından mümkün görünməyən hadisə hansısa geosiyasi proseslər nəticəsində tam reallığa çevrilir. Bəli, bir vaxt deyilsəydi ki, keçmiş SSRI və ya Yuqoslaviya parçalanaraq ayrı-ayrı dövlətlərə bölünəcək, buna heç kim inanmazdı. Ən azı ona görə ki, o vaxtlar da dövlətlərin ərazi bütövlüyü əsas prioritet idi və o, dövrün bütün sənədlərində, o cümlədən də Helsinki Yekun Aktında da öz əksini tapmışdı. Ona görə də indi konqesmen D.Rorabaxerin departamentə ünvanladığı müraciətə “Biz dövlətlərin ərazi bütövlüyünü müdafiə edirik” kimi cavab verilsə də bundan bədbin nəticələr çıxarmağa dəyməz, əksinə o məsələdə D.Rorabaxerə kömək etmək lazımdır. O, bu yaxnlarda Bakıda da olmuşdu. Təəssüf, 1813-cü və 1828-ci illərin gerçəklikləri sonradan özünün ifadəsini üç böyük milli etirazda tapsa da hələ bir çoxları əsl həqiqətləri bir o qədər də yaxşı bilmir və üstəlik, Iranın çox məharətlə apardığı demoqrafik siyasət də o həqiqətləri son dövrlərdə bir qədər pərdələyib. Bəli, indi Iranda milli azadlıq haqda danışanda bir çoxları qayıdır ki, bəs Tehranda yaşayan soydaşlar necə olacaq? Bu, mənə 80-ci illərin sonlarını xatırladır. O vaxt da Azərbaycanın müstəqilliyindən danışanda deyirdilər ki, Rusiyada yaşayan azərbaycanlılar və ya Azərbaycanda yaşayan ruslar necə olacaq?
Amma zaman özü hər şeyi yerbəyer etdi, hamı özü üçün yaşamaq yeri tapıb sakitləşdi, daha belə suallar verən yoxdur. Cənub məsələsində də nə vaxtsa belə olacaq. Mən hələ bir neçə il əvvəl qeyd etmişdim ki, Cənubda proseslər fars dövlətinin nomenklaturasına çevrilmiş azərbaycanlı elitasının müəyyən müqaviməti ilə qarşılaşacaq. Məsələn, indi Cənubun azadlığı haqqında söz düşəndə deyirlər ki, siz nə danışırsınız, o boyda dövlət bizim nəzarətimizdə və idarəçiliyimizdədir, Xamneyinin özü azərbaycanlıdır, belə söhbətlər bizim nəyimizə lazımdır? Amma iki nüans var. Birincisi, o boyda dövlət əgər sizin nəzarətinizdədirsə, niyə uşaqlarınızı öz ana dilində oxuda bilmirsiniz? Digər məsələyə, Xamneyinin azərbaycanlı olmasına gəldikdə isə, cənublular buna da aydınlıq gətirirlər. Onların dediyinə görə, Xamneyinin bir babası türkdür, bizim dildə desək azərbaycanlıdır, amma o özünü daha çox ərəb hesab edir.
Əgər Xamneyi Iran dövlətində o boyda postu tutmasaydı və bu amil Cənub probleminə tormozlayıcı amil kimi təsir etməsəydi, biz heç bu detala elə bir əhəmiyyət verməzdik, çünki Xamneyinin milli kimliyi bizim üçün o qədər də maraq kəsb etmir. Amma nə edəsən ki, bu gün çoxsaylı Iran mühacirləri iki böyük hissəyə bölünüb – iranlılara və azərbaycanlılara. Birincilər – iranlılar azərbaycanlıların öz müqəddəratını müəyyən etmək hüququnu bütün vasitə və üsullarla əngəlləməyə çalışır, bu məqsədlə Iran cəmiyyətinin çox mühüm dərəcədə inteqrasiya olunduğunu önə çəkirlər. Lakin problemlər onunla da bitmir. Azərbaycanın özündə də son illərdə Cənub probleminə maraq azalıb.
Biz nədən bu qədər realist olmuşuq?
Azərbaycandakı əksər partiyaların liderləri 1980-1990-cı illərin hərəkatını təmsil etsələr də, o mübarizə illərindən gəlsələr də, son dövrlərdə Cənubun problemlərinə bir o qədər də önəm vermirlər. Bunun bir səbəbi odur ki, bu partiyalar daxildə o qədər təzyiqlərə məruz qalırlar ki, onlar heç bir dövlətin, hətta o, Iran olsa belə, onun timsalında özlərinə əlavə düşmən qazanmaq və təzyiqlərə məruz qalmaq istəmirlər.
Digər tərəfdən, bunu ölkə siyasətində “romantika dövrü”nün bitməsi ilə də izah edənlər də var. Amma bir vaxtlar Şimali Azərbaycanın azadlığı uğrunda çarpışanları da romantik adlandırırdılar. Ümumiyyətlə, mühüm, çətin keçid dövrlərində, əmiyyətli dönəmlərdə romantikanı reallıqdan ayırmaq olduqca mürəkkəb bir məsələ olur və belə dövrlərin siyasətçilərindən elə sözün əsl mənasında romantik keyfiyyətlər tələb olunur.
Çox ciddi siyasi “rıçaq”
Əgər dərindən düşünsələr D.Rorabaxerin səylərindən hakimiyyət də istədiyi qədər faydalana bilər. Doğrusu, cənub probleminin kimlərinsə əlində alət və təzyiq vasitəsi, siyasi konyunktura predmeti olmasını istəməzdik. Amma gəl D.Rorabaxer elə siyasi “rıçaq” təklif edir ki, ondan istifadə etməmək günah olardı. Bəli, bu böyük siyasətdir və burada belə şeylər mümkündür. Düzünü desək, mən bu hakimiyyətdən elə bir fəhm gözləmirəm, çünki məhz həmin o hakimiyyətin dövründə ölkədə Cənub problemilə bağlı səylər heçə endirilib, insanlar, xüsusən də gənclər yeri gələndə Iran səfirliyi qarşısında belə dinc etirazlarını ifadə və izhar edə bilmirlər, çünki bu hakimiyyətin siyasi metodu zəif cəmiyyət qarşısında böyük, böyük güclər qarşısındasa kiçik görünmək, özünü bütün vasitələrlə hifz etməkdir.