Şairlər mətbuat konfransı keçirdi

“Iranda 3 gün olmağı planlaşdırmışdıq. Iki gün festival oldu. Sonuncu gün isə bilet alıb vətənə dönürdük. Həmin gün vaxt boşluğundan istifadə edib Məhəmmədhüseyn Şəhriyarın ev muzeyində olduq. Daha sonra ”Şairlər qəbiristanlığı”nı da ziyarət etdik. Axşam isə Təbrizdə Firdovsi küçəsində avtobusa minməzdən 5-10 dəqiqə əvvəl Iran Islam Respublikasının Kəşfiyyat işləri üzrə Nazirliyinin (ETTELAAT) nümayəndələri tərəfindən saxlanıldıq” – bu sözləri ötən gün BMM-də mətbuat konfransı keçirən, 3 aydan artıq bir müddətdə Iranda həbsxana həyatı yaşamış şairlər – Şəhriyar Hacızadə və Fərid Hüseynidir.
Fərid Hüseyni tədbirdə onları 22 gün ayrı-ayrı təkadamlıq kameralarda saxladıqlarını dedi: “Hər gün elə olurdu ki, 8-10 saat bizi sorğu-suala tuturdular. Heç bir fiziki təzyiq olmadı, ancaq psixoloji gərginlik yaşadıq. Daha sonra bizi eyni kameraya saldılar və 64 gün də bir yerdə qaldıq. Ümumilikdə isə 86 gündən sonra bizi ETTELAAT-ın kameralarından çıxardıqdan sonra Təbrizdə təcridxanaya göndərdilər. Bundan sonra 40 gün də təcridxanada 15-25 yaşlı məhkumların arasında qaldıq”.
Şairlər Irana həmin ölkədə yaşayan şair Bəhram Sürgünün dəvəti ilə ədəbi festivalda iştirak etmək üçün getdiklərini deyirlər. Gənc şairləri Irana dəvət edən Bəhram Sürgün barəsində isə 3 il ev dustaqlığı tədbiri seçilib. Həbsdə olduqları müddətdə onlara əvvəlcə icazə kağızının olmaması ilə bağlı, sonradan isə Iran əleyhinə təbliğata cəhd ittihamı irəli sürülüb.
Şairlərin sözlərinə görə, həmin gün Azərbaycanın Təbrizdəki konsulunun müavini Nəriman Orucəliyev onlarla görüşüb və dövlətin bu məsələnin həll edilməsində əlindən gələni etdiyini bildirib.
Şəhriyar Hacızadə bildirib ki, onlar həbsdə olduğu müddətdə iki məhkəmə olub.
Birincisi qapalı, ikinci məhkəmə isə avqustun 7-də açıq keçirilib. O bildirib ki, avqustun 21-də şairləri Iran Konstitusiyasının 500-cü maddəsinə əsasən (Iran əleyhinə təbliğat) 1 il müddətinə həbs edilmələri barədə qərar verilib: “Həbsimiz ”təcili” hökmü ilə verildiyi üçün 6 ay sonra azad olunmağımız barədə qərar çıxarıla bilərdi. Bu halda ən tez halda noyabrın 4-ü buraxılmalı idik. Dövlətimizin dəstəyi ilə biz daha tez azad olunduq”.

Ramin DEKO