Vəfa Quluzadə hesab edir ki, nə Iranın üstümüzə qalxmasına imkan verməliyik, nə də sayıqlığı itirməliyik
ABŞ-da konqresmen Dana Rohrabacherin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə təqdim etdiyi qətnamə layihəsi ətrafında müzakirələr gedir. Söhbət, Irandakı azərbaycanlılarının öz müqəddəratını təyin etmək hüqüqunun tanınmasına dair sənəddən gedir.
Konqresmen özü “BBC Azərbaycanca”a açıqlamasında deyib ki, təqdim etdiyi qətnamə layihəsi məqsədə doğru birinci addımdır. “Bölünmüş Azərbaycan xalqının öz müqəddəratını təyin etmək, ölkəsini seçmək hüququndan” bəhs edən sənədin müəllifi vurğulayıb ki, onun əsas məqsədi bu ideyanı beynəlxalq müzakirəyə çıxarmaqdır.
Hazırda dünyada gedən geosiyasi dəyişikliklərin fonunda Cənubi Azərbaycan məsələsinin gündəmə gəlməsi təsadüfi deyil. Ekspertlərin fikrincə, ABŞ bu məsələni Iranı daxildən parçalamaq məqsədilə ortaya atıb. Bu halda yaranmış situasiyada Azərbaycan hansı addımları atmalıdır? Cərəyan edən proseslər tarixi baxımdan Şimali və Cənubi Azərbaycanın birləşməsi üçün növbəti tarixi şans kimi dəyərləndirilə bilərmi?
Politoloq Vəfa Quluzadə o fikirdədir ki, ABŞ-ın gözlənilmədən Cənubi Azərbaycan məsələsini müzakirə mövzusuna çevirməsi Iranı daxildən parçalamaq cəhdidir. Yəni, ABŞ Iranda yaşayan soydaşlarımızın problemlərini qabartmaqla bu dövləti daxildən parçalamağa çalışır.
“Görünür ABŞ ilk növbədə Iranı daxildən parçalayaraq, zəiflətmək istəyir. Daha sonra isə hərbi müdaxiləyə başlaya bilər. Istisna deyil ki, Amerika birinci addım kimi, hərbi müdaxilədən çəkinir. Ona görə də məhz bu yolla Iranı zəiflədib sıradan çıxarmağa çalışır”, – deyə Vəfa Quluzadə bildirib.
Cənubi Azərbaycanla birləşmək ehtimalına gəlincə, politoloq deyir ki, bu cür proseslər kifayət qədər uzun çəkir. Bununla belə hesab edir ki, birləşmənin günü sabah baş verməsi ehtimalı az olsa da, bu prosesə hazırlaşmaq lazımdır: “Almaniya təcrübəsində də birləşmə prosesi bir xeyli çəkdi. Birləşmədən əvvəl üzücü ”soyuq müharibə”, ardınca SSRI-nin dağılması kimi hadisələr yaşandı. Əlbəttə, o zaman dünyada heç kim SSRI-nin və ya Yuqoslaviyanın dağılmasını proqnozlaşdıra bilməzdi. Lakin bu baş verdi. Bu mənada, biz də Azərbaycan olaraq bu cür hadisələrə hazır olmalıyıq”.
Bütün bunlarla yanaşı, politoloq onu da qeyd edir ki, Azərbaycan özünün hazırkı gücünü nəzərə alaraq, Cənubi Azərbaycan məsələsilə əlaqədar Irana qarşı fəal şəkildə addım atmamalıdır. Amma prosesləri də nəzarətdən kənarda buraxmamalıdır. Əksinə, baş verənləri diqqətlə izləyərək, soydaşlarımızın köməyə ehtiyacı olan kimi proseslərə müdaxilə etməlidir.
Politoloqun sözlərinə görə, baş verən proseslərdə narahatlıq yaradan məqamlar da az deyil: “Yuqoslaviya dağılanda, Almaniya birləşəndə proseslər demək olar ki, qansız baş vermişdi. Lakin Şərqdə böyük textonik dəyişikliklər tarix boyu qanla müşahidə olunub. Ona görə olduqca diqqətli olmaq gərəkdir. Əgər Cənubi Azərbaycan apardığı mübarizə nəticəsində azadlığa nail ola biləcəksə, növbəti mərhələ kimi, bu dövlətin Şimali Azərbaycanla konfederasiya şəklində əməkdaşlıq etməsi vacibdir. Bir müddət birgə fəaliyyətdən sonra isə iki dövlət birləşə bilər. Amma bu cür hadisələr böyük textonik dəyişiklikdir və Iran kimi dövlətlərdə belə hadisələr qanla müşahidə olunur. Ona görə də hələlik Azərbaycan dövləti qonşusu olan Iranla münasibətləri gərək olmadan korlamamalıdır”.
V.Quluzadə onu da əlavə edib ki, Iran hazırkı dönəmdə ABŞ qarşısında məğlub duruma düşməmək üçün Cənubi Azərbaycandakı soydaşlarımızın pozulan haqlarını bərpa etməlidir. Amma digər tərəfdən də, bu kimi liberal dəyişikliklər müstəqilliyə doğru gedir.
Bu yerdə politoloq bir xatırlatma da edib: “Keçən əsrdə Stalinin dövründə Cənubi Azərbaycan müstəqillik üçün ayğa qalxmışdı. Amma Stalin soydaşlarımızı satdı. Ona görə də mən bir daha azərbaycanlıların satqınlığa məruz qalmamasını diləyirəm”.
Xəyal