Özalın ölümündə Azərbaycan izi

Türkiyənin eks prezidentinin öldürülməsi iddiaları güclənir

Türkiyənin 8-ci prezidenti Turqut Özalın qəbri açılacaq. Ankara Baş Prokurorluğu 1993-cü il aprelin 17-də vəfat edən T. Özalın məzarının açılmasına və onun ölüm səbəbinin araşdırılmasına qərar verib. Baş Prokurorluq bu qərarını Özalın ölümünü araşdıran dövlət qurumu DDK-nın (Devlet Denetleme Kurulu) hesabatı əsasında verib.

T. Özalın gözlənilməz ölümü ətrafında indiyədək mübahisələr var. Ozalın oğlu Ahmet Özal Türkiyənin NTV televiziyasına deyib ki, atasının ölümü ilə bağlı şübhələr 1998-ci ildən başlanıb. Ahmet Özalın sözlərinə görə, xəstəxanadan onu axtarıblar və onlarda Turqut Özalın qan analizlərinin olduğunu deyiblər. Mərhum prezidentin oğlu əlavə edib ki, o, analizin ona verilməsini istədiyi vaxt qan tökülüb.

Ahmet Özal daha sonra deyib ki, bir jurnalist gizli kamera ilə həmin qan analizinin yoxa çıxdığı laboratoriyada olub. Jurnalist daha sonra həmin qanda insanda olmamalı şeylər olduğunu söyləyib. Oğul Özal bundan sonra atasının ölüm səbəblərini araşdırmağa başlayıb. Özalın o vaxtki köməkçisi Ekrem Pakdemirli “Showhaber.com”-a açıqlamasında eks prezident öldüyü zaman həkim və təcili yardım tapılmadığını söyləyib. Təsadüflər üst-üstə düşüb. O, həmçinin meyiti yardırmağın ağıllarına belə gəlmədiyini də etiraf edib. Pakdemirli Özalın öldürüldüyünə inanmasa da, istisna etmir ki, bu ölümün arxasında siyasi güclər, iş adamları, qaçaqmalçılar dayana bilərdi.

Əlavə edək ki, Türkiyənin səkkizinci prezidentinin ölümüylə bağlı müxtəlif versiyalar dolaşır. “Sabah” qəzeti bu il iyunun 19-dakı sayında yazırdı ki, Özalın ölümünü araşdıran dövlət qurumu DDK (Devlet Denetleme Kurulu) Özalın ölümü ilə bağlı hesabatını yenicə tamamlayıb.
Hesabatda Özalın xanımı Semra Özala 1998-ci ildə göndərilən bir məktub qeyd olunur. Məktubda deyilirdi : “Türqut Özalı “Glikonorinaid” adlı dərmanla öldürdüblər. Qatil Azərbaycanda . Adı Həsən Əlioğludur”.

Hesabata görə, bunu yazan adam 1998-ci ildə Semra Özalla görüşmək istəyib, ancaq Semra Özal evdə olmayıb.
Onda həmin şəxs Özalın xanıçına məktub yazaraq azərbaycanlı, adının isə Şəhriyar Purnovruz olduğunu bildirib. Qaldığı otelin ünvanını da məktubda yazıb. Ancaq sonra axtaranda oteldə elə adam olmayıb. DDK-nın araşdırmasına görə, həmin vaxt ümumiyyətlə Türkiyədə leqal yolla gəlmiş Şəhriyar Purnovruz adında adam olmayıb. Onun gəldiyi maşının nömrəsini də hamı görüb. Ancaq sonradan elə nömrəli maşın tapılmayıb. Bu məlumatda düşünməyə vadar edən o idi ki, Turqut Özal Orta Asiya və Azərbaycana səfərdən dərhal sonra ölmışdü.

Hesabat çıxandan sonra hamı maraqlanırdı ki, Həsən Əlioğlu kim ola bilər? Yalnız o yada düşdü ki, DDK-nın hesabatı çıxmazdan 4 ay qabaq fevral ayında Bakıda yerli mediada belə bir xəbər yer almışdı – Türkiyə vətəndaşı 47 yaşlı Həsən Əlioğlu Kandilçi müəmmalı şəkildə ölüb. Hamamdan çıxanda halı pisləşib və keçinib.

“Azadlıq radiosu”