baki-neftqaz-sergi

Bakıdakı neft-qaz konfransında hakimiyyət ifşa edildi

baki-neftqaz-sergiAlman ekspert Azərbaycanda bu biznes sahəsinin hakim ailəyə məxsus olduğunu dedi

Yurgen Rot: “Ölkənin resursları bir neçə adamın əlindədir və heç kim onların pulla nə etdiyini bilmir”

Sentyabrın 18-də Bakıda, “Gülüstan” sarayında “Neft, qaz və media” adlı iki günlük beynəlxalq konfrans işinə başlayıb. Konfransı Beynəlxalq Mətbuat Institutu (BMI) Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyilə təşkil edib. Tədbirə Azərbaycan jurnalistləri də daxil olmaqla, dünyanın 27 ölkəsindən 200-dən çox media nümayəndəsi qatılıb.
Tədbiri Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov açıb. Ə.Həsənov ölkə başçısı Ilham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxuyub.
Sonra BMI-nin icraçı direktoru Alison Makkenzi dünyada medianın vəziyyəti, neft, qaz və media münasibətlərinin hazırkı durumundan danışıb.
Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev isə ölkənin neft-qaz strategiyası haqda məlumat verib.
Bundan sonra BMI-nin direktor müavini Antoni Millsin moderatorluğu ilə konfransın “Neft və mətbuat azadlığı – çirkli sularda buruq…” adlı birinci sessiyası işə başlayıb.
Sessiyada ABŞ, Almaniya, Trinidad və Tabaqodan olan panelçilər 2011-ci ildə bp-nin Meksika körfəzində istismar etdiyi quyudan sızma məsələsi və jurnalistlərə təzyiqlərdən, Rusiyanın “Qazprom” şirkətinin oliqarxlar tərəfindən idarə edilməsindən danışıblar.

Müzakirələr zamanı panelçilərdən biri – Almaniyadan olan araşdırmaçı jurnalist Yurgen Rot Azərbaycanın adını çəkib. O, Rusiyada neft-qaz biznesinin oliqarxların, Azərbaycanda isə “ailənin” əlində olduğunu deyib. Bununla belə, alman ekspert Azərbaycanla bağlı fikrini inkişaf etdirməyib. Rusiya ilə bağlı isə deyib ki, “Qazprom” siyasi güc vasitəsilə idarə edilir, bu səbəbdən də vəziyyət anti-demokratikdir.
Lakin “BBC Azərbaycanca” Yurgen Rotun Azərbaycanla bağlı fikirlərini öyrənib. Alman ekspert deyib ki, əgər Rusiyada neft-qazı kimlərin çıxardığına baxılsa, bunun “siyasi lider ailə” olduğu görünər və təkcə Rusiyada deyil, Azərbaycan, Tacikistan, Qırğızıstanda da vəziyyət eynidir.
“Azərbaycanda siyasi lider ailə isə Əliyevin ətrafındakı ailə deməkdir. Bu, problemdir, çünki onlar demokratik seçki vasitəsilə seçilməyib və onların hakimiyyəti 20 ildir ki, sürür. Ölkənin resursları bir neçə adamın əlindədir və heç kim onların pulla nə etdiyini bilmir. Çünki şəffaflıq yoxdur və Azərbaycanda bu barədə danışmaq qadağandır. Çıxışımda demək istədiyim bu idi…”, – deyə alman ekspert bildirib.
Almaniyalı araşdırmaçı qeyd edib ki, Qərb ölkələrində şirkətin bu və ya digər şəxsə aid olduğunu öyrənmək asan olsa da, Azərbaycanda sənədləri əldə etmək və ya hökumət qurumlarından bu məlumatları almaq çətindir.

***

Konfransın davamında “Risk və mükafatlandırma”, “Məsələnin izlənilməsi (gündəmdə saxlanılması): hökumət sizə nə deməlidir?”, “Tədqiqat, çıxarma və təhlükəsizlik” adlı sessiyalar keçirilib.

İnformasiya şöbəsi