Mit Romni kasıb amerikalıları “müftəxor” adlandırıb
ABŞ-da bu ilin noyabrında keçiriləcək prezident seçkilərində Respublikaçıların namizədi kimi mübarizə aparacaq Mit Romninin gizli kaseti mediaya sızıb. Gizli videoçəkilişdə Romninin kasıb amerikalılar barədə söylədikləri cəmiyyətə böyük rezonans doğurub. “Mother Jones” jurnalının saytında yerləşdirilmiş videodan Mit Romninin prezident Obamanın potensial seçicilərini “havayı yeyənlər” adlandırdığı məlum olur.
Video Mit Romninin öz şəxsi sponsorları ilə şam yeməyində gizli kamera ilə çəkilib. Romni bildirib ki, Barak Obamanı dəstəkləyən amerikalı seçicilərin 47%-i gəlir vergisi ödəmir və heç vaxt bir respublikaçıya səs verməz:“Ona görə də 47% nə olur-olsun prezidentə səs verəcək. Bunlar ödənişsiz tibbi xidmətə, havayı yeməyə, havayı yaşamağa haqlarının olduğuna inananlardır”.
“Mother Jones” jurnalının bu videonu dərc etməsinə münasibət bildirən Mit Romni ictimaiyyət önündə də həmişə bu cür bəyanatlarla çıxış etdiyini bildirib. Demokratların reaksiyası da özünü çox gözlətməyib. Obama qərargahının nümayəndəsi Cim Messina bildirib ki, millətin yarısını nifrətlə siyahıdan çıxararaq, bütün amerikalıların prezidenti olmaq çətindir.