Jirinovskinin hədələri niyə cavabsız qalır?

Nurəddin Məmmədli: “Hakimiyyət təmsilçiləri Rusiyanın təlxəyindən də, dövlət xadimindən də qorxur”

Qalmaqalllı açıqlamalı ilə gündəmə gələn Rusiya Liberal Demokrat Partiyasının sədri, Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin erməni diasporunun Moskvada keçirdiyi mitinqdəki çıxışı zamanı səsləndirdiyi fikirlər Azərbaycanda cavabsız qalıb. Daha doğrusu Jirinovskini qeyri-ciddi adlandıran rəsmilər və hakim partiya təmsilçiləri ona cavab verməyi lazım bilməyib.
Xatırladaq ki, budəfəki çıxışı zamanı Jirinovski Ermənistan xüsusi xidmət orqanlarından Ramil Səfərovun ekstradisiyası və azadlığa buraxılmasına cavab tələb edib. O həmçinin bildirib ki, Rusiya hərbi yardım edərək Ermənistan ordusunu Yaxın Şərqin ən güclü ordusuna çevirməlidir.
Buna cavab olaraq Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Jirinovskini təlxək adlandıraraq onun yırtıcı olduğunu deyib. Jirinovskinin özünü “provokator” kimi apardığını deyən YAP icra katibi Əli Əhmədovun cavabı isə qısa olub: “it hürər, karvan keçər”. Ə.Əhmədov RLDP sədrinin dediklərinin nə Azərbaycana, nə də azərbaycanlılara isti-soyuğunun olmadığını bildirib.
Avropadan gələn tənqidlərə sərt cavab verən hakimiyyətin rusiyalı deputatın fikirlərinə belə münasibəti heç də anlaşılan deyil. Ancaq görünür, hakimiyyət yalnız öz ünvanına olan tənqidləri cavablandırmağı lazım bilir. Bunun səbəbi nədir?

AXCP sədrinin müavini Nurəddin Məmmədli Jirinovskinin cavabsız qalmasını Azərbaycan hakimiyyətinin Rusiyadan olan qorxusu ila izah etdi: “Hakimiyyət təmsilçiləri Rusiyanın təlxəyindən də, dövlət xadimindən də qorxur. Bu ölkənin adı gələndə bir tərəddüd, narahatçılıq keçirirlər. Digər tərəfdən, söhbət Azərbaycan xalqından gedəndə hakimiyyət narahatçılıq keçirmir. Əgər Jirinovskinin sözü birbaşa hakimiyyətdəkilərin ünvanına yönəlsəydi, hətta parlamentin xüsusi iclasını buna həsr edərdilər. Çünki hakimiyyət təmsilçiləri böyük siyasətlə bağlı nə qədər zəif, aciz olsalar da, qışqırtı, söyüş, ittihamla danışmağı bacarırlar”.
AXCP sədri müavininin fikrincə, Jirinovskinin dedikləri cavablandırılmalıdır. Çünki onun həyasızlığı getdikcə genişlənir, artır. RLDP sədri Azərbaycan xalqını ittiham edir, təhqir edir: “Necə ola bilər ki, 21-ci əsrdə, bütün dünya terrorizmlə vuruşduğu bir vaxtda Rusiyada parlamentdə təmsil olunmuş partiyanın sədri bütün bir xalqı terrorla hədələsin. Erməni terrorçularını Azərbaycan xalqını qırmağa çağırsın. Bu, Azərbaycan qanunları, həmçinin beynəlxalq konvensiyalarla da qadağandır”.
N.Məmmədlinin sözlərinə görə, Rusiya qanunlarına görə də Jirinovski cəzalandırılmalıdır. Azərbaycan hakimiyyəti bunu tələb etməlidir. Ancaq rəsmi səviyyədə təpkinin olmaması hakimiyyətin zəifliyini, gücsüzlüyünü və yerində olmamasını göstərir.

Fizzə