İctimaiyyət sifarişli qərarı pisləyir

Gözəl Bayramlı: “Bu hakimiyyət barış istiqamətində heç bir addım atmaq istəmir”

Novella Cəfəroğlu: “Nigarın azad edilməsi üçün gərgin iş aparırıq”

“Nigar Yaqublunu həbsdə saxlamaqla hakimiyyət öz mahiyyətini bir daha nümayiş etdirdi”. Bunu, AXCP sədrinin müavini Gözəl Bayramlı müsavatçı fəal Nigar Yaqublunun barəsində seçilmiş həbs qərarının qüvvədə saxlanılmasına münasibət bildirərkən deyib.
G.Bayramlının sözlərinə görə, hakimiyyət bu yolla gənc müxalifətçidən qisas alır: “Analoji işlərin heç birində belə həbs qərarı seçilməyib. Ən azı apelyasiya instansiyasında hakimiyyət öz yanlış addımını düzəldə bilərdi. Amma məhkəmənin qərarı hakimiyyətin belə bir niyyətdən uzaq olduğunu göstərdi. Nigarın həbsini qəbul eləmək çox çətindir. Bu dərəcədə də olmaz. Nigar hələ o hadisənin şokundan çıxmamışdı. Istintaqdan da yayınmırdı. Göründüyü kimi, bu hakimiyyət cəmiyyətə qarşı barış istiqamətində heç bir addım atmaq istəmir. Azərbaycan məhkəmələri sübut etdi ki, ölkənin hüquq sistemi ölkə başçısının iradəsinə tabedir. Əgər onun iradəsi olsa, Nigar azad ediləcək, əks halda isə həbsdə qalacaq”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu N.Yaqublunun həbsi ilə bağlı ölkə başçısından tutmuş, beynəlxalq təşkilatlara qədər hər yerə müraciət etdiklərini deyir: “Bu istiqamətində gərgin iş aparırıq. Demək olar ki, günün böyük hissəsini bu işlə məşğuluq. Apelyasiya Məhkəməsinin qərarı gözləntiləri doğrultmadı. Hazırkı mərhələdə həbs qərarının ev dustaqlığı ilə əvəz edilməsinə çalışırıq. Heç olmasa, istintaq müddətində azadlıqda, öz evində olsun”.