Srağagün ANS-in “Hesabat” proqramının qonağı olan təhsil naziri Misir Mərdanov TQDK sədri Məleykə Abbaszadənin ünvanına tikanlı sözlər söyləyib.
O deyib: “Balların aşağı salınması, mən tam məsuliyyətlə deyirəm, təhsildə keyfiyyətlə bağlı deyil… Bu, çox şeylərlə bağlıdır. Ola bilməz ki, 10 milyona yaxın əhalisi olan Azərbaycan daxilində bir il ərzində təhsilin səviyyəsi çox aşağı düşsün… Birmənalı şəkildə deyim ki, bu, ilbəil sualların çətinləşdirilməsi, qəlizləşdirilməsilə bağlı olan məsələdir… Ola bilməz ki, bu il minimum bal 250 olsun, gələn il 150. Burada ciddi səbəblər var və bu səbəblər ölkə mediasında zaman-zaman araşdırılır, təhlil olunur. Ancaq mən istərdim ki, bu, daha yüksək səviyyədə təhlil olunsun və nəticə çıxarılsın”.
Xatırladırıq ki, Təhsil Nazirliyinin TQDK-ya qarşı bu şəkildə açıq hücumu birinci dəfə bu il iyulun 7-də müşahidə olunmuşdu. Həmin gün nazirlik rəsmi bəyanat yayaraq TQDK sədrini qərəzkarlıqda, böhtanda və müxalif mətbu qurumların qəhrəmanına çevrilməkdə suçlamışdı: “Son aylar müxalifət mətbuatının əsas qəhrəmanına çevrilmiş iqtidar nümayəndəsi Məleykə Abbaszadənin Təhsil Nazirliyinin fəaliyyəti ilə bağlı verdiyi müsahibələrindəki məlumatlar araşdırılaraq onların əsassız, qərəzli və böhtan olduğu müəyyən edilmişdir”.
Yeri gəlmişkən, bir çox ekspertlər Mərdanovun “Hesabat”dakı çıxışını indiyədək TQDK-nın susqunluqla qarşıladığı həmin bəyanatın məntiqi davamı kimi dəyərləndirirlər. Görək nazirin budəfəki sərt ittihamlarına Məleykə Abbaszadənin reaksiyası necə olacaq.
Informasiya şöbəsi