Tanınmış yazar İlham Əliyevi Bəşər Əsədlə eyni aqibətin gözlədiyini bildirdi
“Suriyanı BƏƏS-çilər, Azərbaycanı “KQB”-çilər talayır; Suriyada Əsəd, Azərbaycanda Əliyev hakimiyyəti atadan oğula ötürülən diktatorluqdur; Suriyada Əsəd korrupsionerdir, Azərbaycanda İlham Əliyev…”
Türkiyənin tanınmış köşə yazarı Mine Kırıkkanat “Cümhuriyyet” qəzetində Azərbaycan hakimiyyətini hədəf alan məqalə yazıb. Məqalədə Azərbaycandakı rejim Suriyada Bəşər Əsəd rejimi ilə eyniləşdirilib. Hər iki hakimiyyətin ortaq tərəfləri göz önünə sərilib. Müəllif Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın ötən həftə ölkəmizə səfəri və iki ölkə arasında qurulan Strateji Əməkdaşlıq Şurasının toplantılarına diqqət çəkərək eyni münasibətlərin bir zamanlar Suriyada da yaşandığını xatırladıb.
Mine Kırıkkanat
Bəşər Əsəd və İlham Əliyev
“Baş nazir Ərdoğanın üstün xüsusiyyətlərindən biri, Allah vergisi olan uzun boyudur. Türkiyədə kimsə ona yuxarıdan baxa bilmir. Xarici ölkə liderləriylə şəkil çəkdirəndə, məsələn tarixdə ilk dəfə ABŞ prezidentiylə eyni boyda olması gözümüzü oxşayır. Hörmətli baş nazirə bu günə qədər yan-yana gəldiyi liderlər arasında, təbii ki, ancaq boy fərqiylə, o da müəyyən ölçüdə, yuxarıdan baxa bilən iki adam var: Bəşər Əsəd və İlham Əliyev.
Həftənin əvvəlində Strateji Əməkdaşlıq Şurasının toplantısı üçün Azərbaycana gedən baş nazir Ərdoğan ilə həyat yoldaşı Əminə Ərdoğanı Bakı Hava Limanında prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşıladı. Qarşılanma mərasimini tarixə köçürən fotoşəkil diqqətimi çəkdi. Mənim doğru qəbul etməyə çətinlik çəkdiyim bir bənzərlik işığı partladı. Bu bənzərlik daha öncə çəkilmiş bir başqa fotoşəkili – 2009-ci ildə Ankarada Əsma və Bəşər Əsədlə bu cütlüyü qarşılayan Əminə və Rəcəb Tayyib Ərdoğan dördlüyünü xatırlatdı”, – deyə Mine Kırıkkanat yazır.
Yazar daha sonra əlavə edir ki, baş nazir Ərdoğanı Azərbaycana rəsmi səfərdə müşaiyət edən bütün rəsmilər 2009-cu ildəki Suriya səfərində də onun yanında idilər: “Əhməd Davudoğlu yenəcə xarici işlər naziri təyin olunmuşdu, bəzi nazirlər səlahiyyət və vəzifə dəyişdirdilər, amma istisnasız hamısı Dəməşqdəydilər. Azərbaycanla qurulan Starteji Əməkdaşlıq Şurasının eynisi Suriya ilə də qurulmuşdu. Ötən həftə Bakıdakı toplantıda Azərbaycanla imzalanan müqavilələrin hamısı və daha artığı 2009-ci ildə Dəməşqdəki Şura toplantısında Suriya ilə də imzalanmışdı. Üç ildən sonra çəkilən fotoşəkillər də eyniydi sanki – qırmızı xalçalar, sıcaq dostluq mesajları, hərarətli mərasimlər, gülüşlərlə zəngin şəkillər. Baş nazir Ərdoğan onsuz da dəyişməmişdi: həmsöhbətlərinin boy-buxunu belə eyniydi”.
Suriya və Azərbaycan: iki oxşar diktatorluq
Mine Kırıkkanat yazısında Azərbaycan və Suriya rejimlərinin oxşar cəhətlərinə toxunub. Müəllif Suriyadakı kimi Azərbaycanda da sülalə hakimiyyətinin mövcud olduğuna, korrupsiya, rüşvət, qanunsuzluq və seçkilərin saxtalaşdırılmasına diqqət ayırır. “Yoxsa sıfır düşmənçilik sırası Suriyadan sonra Azərbaycana gəldi?” deyə sual verən Kırıkkanat iki ölkə arasında apardığı paralelləri belə izah edir: “İki ölkənin bənzərliyi yalnız liderlərinin boy-buxunu və baş nazir Ərdoğanın başçılıq etdiyi hökumətlə qurduqları Strateji Əməkdaşlıq Şurası deyil. Suriya demokratik deyildi, Azərbaycan da deyil. Suriyada azad seçkilər keçirilmirdi, Azərbaycanda da bütün seçkilər saxtalaşdırılır və dünya bunu bilir. Suriyada ifadə azadlığı yox idi, Azərbaycanda da yoxdur. Suriyada insan hüquqları pozulurdu, Azərbaycanda da pozulur. Suriyanın varidatını BƏƏS-çilər talayırdı, Azərbaycanın varidatını “KQB”-çilər talayır. Suriyada Əsəd xanədanlığının hakimiyyəti atadan oğula ötürdüyü diktatorluq var, Azərbaycanda da Əliyev hakimiyyəti atadan oğula ötürülən diktatorluqdur. Suriyada Bəşər Əsəd korrupsionerdir, Azərbaycanda da İlham Əliyevə “Don Karleone” deyilir!..”.
Hakim ailə üzvlərinin biznesi
Yazıda Azərbaycanın hakim ailəsinin biznes fəaliyyətləri, sahib olduğu şirkət və holdinqlərdən də bəhs olunur: “Azərbaycanın neft və təbii qazını satışa çıxaran ARDNŞ birbaşa prezidentə bağlı bir qurumdur. İlham Əliyev prezident “seçilənə” – atası Heydər Əliyevdən hakimiyyəti təhvil alana qədər şirkətin vitse-prezidentiydi. Ölkənin tikinti, turizm və sığorta sektorunda ən böyük holdinqi “Pasha Holding” və ən böyük bankı “Pasha Bank”ın sahibləri də başqaları deyil. Holdinqin qurucusu Arif Paşayevin qızı, İlham Əliyevin xanımı Mehriban Əliyevadır. İlham və Mehriban Əliyevlərin qızları da bekar dayanmırlar. Azərbaycanın ən böyük mobil operatoru onlarındır. İsveçrədə villaları, İngiltərədə sarayları və daha nələri var!”.
Əliyev, Nazarbayev və Kərimovu nə birləşdirir?
Müəllif İlham Əliyevin Dubayda 11 yaşlı oğluna mülk aldığını da xatırladır: “Prezident maaşı illik 228 min dollar olan İlham Əliyev ötən il Dubayda 11 yaşlı oğluna 44 milyon dollarlıq villa alıb. Bütün bunlar bizə yad deyil, bizləri çaşdırmaz. “Bal tutan barmağını yalayar”, əlbəttə. Qərb Asiya və Afrikanın islam ölkələrini yenidən dizayn etməyə başlayıb. Hələ ki neftlə zəngin ölkələrlə məşğuldular. Azərbaycanda Əliyev, Qazaxıstanda Nazarbayev və Özbəkistanda Kərimov xanədanlıqlarını “İslam baharından qaçan son diktatorlar” deyə xarakterizə edirlər”.
Əliyev xanədanını bitirmək üçün gec-tez veriləcək “start”…
“Türkiyənin Suriya ilə yaxşı münasibətlərinə son qoyan səbəblərdən hər biri Azərbaycan üçün də keçərlidir. Bu səbəblər, Suriyada olduğu kimi, bəzilərinin “start” düyməsnə basmasını gözləyir! “WikiLeaks” sənədlərində “Azərbaycan orta əsrlər Avropa dövlətlərinə bənzəyir – hamısı bir-birinə bağlı olan bir neçə ailə ölkəni bölgələrə bölüb, iqtisadiyyatın hamısını nəzarətə alıblar” deyə yazılır. Azərbaycanda Əliyev xanədanını bitirmək üçün gec-tez veriləcək “start” 2014-cü ilə təsadüf etsə, yandıq! Çünki bölgədə Türkiyə ilə Strateji Əməkdaşlıq və dostluq qurmaq “iki ilə devrilmək” əlaməti hesab edilir”, – deyə Mine Kırıkkanat yazıb.
Turan Əli