sumqayit-partayish

Sumqayıtda dəhşətli partlayış (FOTO/VİDEO)

sumqayit-partayishYanğın şəhərin bir hissəsin cənginə aldı; ölənlər və yaralananlar var; olaya görə cinayət işi açıldı

Sumqayıt şəhərində “Səthi Yuyucu Vasitələri Zavodu” MMC-də güclü partlayış baş verib. Sumqayıt şəhər Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, partlayış saat 16:50 radələrində baş verib. Partlayışdan sonra güclü yanğın olub.
Hadisə yerinə azı 40-a yaxın yanğınsöndürən maşın cəlb olunub. Hətta Bakı şəhərindən də Sumqayıta yardım göndərilib. Yanğının qarşısını almaq üçün əlavə qüvvələr, o cümlədən helikopterlər cəlb olunub. Hadisə yerinə təcili yardım briqadaları da gedib.
Saat 21 radələrində zavodda növbəti partlayış olub. Partlayışdan sonra ərazidə yanğın güclənib.
“Hadisənin baş verdiyi zavod özəl müəssisədir. Hələlik konkret nəsə demək mümkün deyil. Indi yanğının söndürülməsi ilə bağlı tədbirlər görülür. Lazım olan məlumatı FHN açıqlayacaq”. Bunu isə Sumqayıt Şəhər Icra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq Sumqayıtda baş verən partlayışla bağlı birgə məlumat yayıb. ANS PRESS-ə daxil olan məlumatda bildirilir ki, sentyabrın 17-də saat 17:00 radələrində Sumqayıt şəhərində yerləşən “Məişət malları” Açıq Səhmdar Cəmiyyətinin ərazisində 6 ədəd yanacaq çənində yanğın baş verib və partlayış nəticəsində yanğın ətrafa yayılmağa başlayıb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar, Daxili Işlər nazirliklərinin və Sumqayıt şəhər prokurorluğunun əməkdaşları, həmçinin Fövqəladə Hallar Nazirliyinin maşın, mexanizm və helikopterləri cəlb edilərək yanğın hadisəsinin qarşısının alınması, hadisə nəticəsində xəsarət alan şəxslərə təcili tibbi yardım göstərilməsi və digər təxirəsalınmaz tədbirlər həyata keçirilib.
Fakta görə Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) və 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarının pozulması) maddələri ilə cinayət işi başlanıb.
Ilkin araşdırmalarla müəyyən olunub ki, cəmiyyətin ərazisində yerləşən yanacaq çənlərində aparılan qaynaq işləri zamanı yanğın təhlükəsizliyi və əmək mühafizəsi qaydalarının pozulmasına yol verilib. Hadisə nəticəsində 2 nəfər ölüb, bir nəfər itkin düşüb, 2 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Ölən və xəsarət alanların şəxsiyyətləri dəqiqləşdirilir.