“Cəmiyyət səfərbər olunmalı, gənclərə meydan verilməlidir”

İctimai Palatanın İmişli rayon şöbəsinin yığıncağından qeydlər

“Biz yaxın vaxtlarda ölkədə baş verəcək ciddi hadisələrə, böyük dəyişikliklərə hazır olmalıyıq”. Bu fikir sentyabrın 16-da İctimai Palatanın İmişli rayon şöbəsi üzvlərinin, yerli ziyalıların və fəalların ənənəvi birgə toplantısında səsləndi. Dünyada baş verən ictimai-siyasi proseslər və onun Azərbaycana mümkün təsirləri barədə mülahizələr səslənərkən 2013-cü ildə keçiriləcək prezident seçkisinin ölkə həyatı üçün mühüm önəm daşıdığı xüsusi olaraq vurğulandı.
AXCP rayon şöbəsinin sədri Əli Qasımlı indiyə qədər keçirilən seçkilərin total şəkildə saxtalaşdırıldığını, buna etiraz edən müxalifət üzvlərinə qarşı repressiv tədbirlərin, təzyiq və inzibati həbslərin həyata keçirildiyini xatırladaraq, ölkədə hakimiyyətin dinc, qanuni üsul və vasitələrlə dəyişdirməyin yolunu güclü ictimai müqavimətin təşkilində gördüyünü bildirdi: “İctimai Palata yaranandan sonra birliyimiz, mübarizə əzmimiz xeyli artıb. Bu hakimiyyətdən az qala hər kəs narazıdır, cəmiyyətin səfərbər edilməsi üçün təşkilatlanma işi gücləndirilməlidir”.
Müavat Partiyası rayon təşkilatının sədri İltizam Əkbərli son illər müxalifət düşərgəsinə intellektual gənclik axınının müşahidə olunduğunu yaxşı hal hesab edərək dedi: “Çalışmalıyıq ki, onlara söz demək, təşəbbüskarlıq göstərmək üçün meydan verək”.
Toplantıda rayonda “abadlıq, quruculuq və yenidənqurma” adı altında görülən işlərdən də danışıldı. Təəssüflə qeyd olundu ki, rayonun köklü problemlərinin həlli əvəzinə uca daş hasarlar çəkilir, kosmetik işlər görülür. İP fəalı Vüqr Qədirov  bu hakimiyyətlə iş birliyində olan hər kəsin rejimin qurbanı olduğunu dedi: “Tikinti materiallarının dəyəri idarə, müəssisə və təşkilat rəhbərlərinə, icra nümayəndələri və bələdiyyə sədrlərinə zorla ödətdirilir, hətta poçtalyonun, süpürgəçinin belə əmək haqqı əlindən alınır. Sonra da utanmaz-utanmaz koorrupsiyaya qarşı mübarizədən danışırlar. Tikintidə çalışan usta və fəhlələr belə aldadılıb”.
Yığıncaq iştirakçıları İmişli Rayon İcra Hakimiyyəti başçısı Vilyam Hacıyevin bu yaxınlarda keçirdiyi yığıncada dediyi “mən harada işləmişəmsə, orada müxalifət olmayıb” sözlərini də gülüşlə xatırladılar. İP fəalı Səxavət Quliyev dedi ki, yerlərdə belə təmsilçiləri olan prezident demokratiya, insan haqları barədə danışmaqdan ehtiyat etməlidir.

Azər Əli