Təxribatçı filmin sifarişçisi yoxa çıxdı

«İslamın məsumiyyəti»ndə rol alan daha bir aktrisa aldadıldığını bildirdi

Filmə etirazlar Avropa şəhərlərini də bürüdü

Məhəmməd peyğəmbərin təhqir olunduğu “Islamın məsumiyyəti” filminə etirazlar davam edir. Pakistanın müxtəlif şəhərlərində filmə etiraz edən yüzlərlə müsəlman küçələrə axışıb. Etirazçılar ABŞ və Israil əleyhinə şüarlar səsləndiriblər.
Aksiyada iştirak edən Cammat-Ud-Dava partiyasının rəhbəri Hafiz Məhəmməd Səid bildirib ki, belə bir hərəkətdən sonra ABŞ səfirliyinin bu ölkədə fəaliyyət göstərməsi qeyri-mümkündür. Onun sözlərinə görə, filmi istehsal edənlər ölüm cəzasına məhkum edilməyənədək səfir və onun əməkdaşlarının həyatları daim təhlükə altında olacaq.
Türkiyənin bir sıra şəhərlərində də filmlə bağlı ABŞ və Israilə qarşı etiraz aksiyaları keçirilib. Aksiyaçılar ABŞ və Israil bayraqlarını yandırmaqla Islama qarşı yürüdülən siyasətə etirazlarını bildiriblər.
Məhəmməd peyğəmbəri təhqir edən filmə etirazlar Niderland və Belçikada da keçirilib. Niderlandın paytaxtı Amsterdamda ABŞ səfirliyinin önünə toplaşan nümayişçilərə ancaq səfirlikdən 200 metr aralıda aksiya keçirməyə icazə verilib. Niderlanddakı “Müsəlman qardaşları” təşkilatı tərəfindən təşkil olunan aksiyanın iştirakçıları ABŞ və Israil əleyhinə şüarlar səsləndiriblər. Gücləndirilmiş təhlükəsizlik tədbirləri çərçivəsində keçən aksiya insidentsiz ötüşüb. Amma Parisdə ABŞ səfirliyi qarşısında keçirilən aksiya zamanı qarşıdurma yaranıb. Polis 90-a yaxın aksiya iştirakçısını həbs edib.
Belçikanın Antverpern şəhərində də aksiya zamanı nümayişçilərlə polis arasında toqquşma yaşanıb və nəticədə 1 polis əməkdaşı yaralanıb. Etirazçılar ABŞ əleyhinə şüarlar səsləndirib və bu ölkənin bayraqlarını yandırıblar. Islami “Sharia for Belgium” qruplaşmasının lideri də saxlanılanlar arasındadır.
ABŞ administrasiyası alovlanan etirazlar qarşısında əlacsız duruma düşərək bir çox ölkələrdəki səfirliklərinin işini dayandırmaq qərarına gəlib. ABŞ-ın Tailanddakı səfirliyinin internet saytında yerləşdirilən xəbərdə deyilir ki, səfirlikdəki zəruri xidmətlərlə məşğul olan diplomatlar istisna olmaqla, digər rəsmilər binadan çıxarılır. Səfirliyin nümayəndəsi Valter Braunohler diplomatik korpusun fəaliyyətinin müvəqqəti bağlanması qərarını qalmaqallı filmə etirazların güclənməsilə izah edib.
ABŞ-ın Sudan və Tunisdəki diplomatlarının ailələri geri çağırılıb. Yəməndəki səfirliyə isə əsgər göndərərək mühafizəni gücləndirən ABŞ Sudanda da eyni taktikanı yürütmək istəyib. Ancaq Sudan ABŞ-ın bu istəyinə rədd cavabı verib.
Bu arada, “Hizbullah” terror təşkilatının lideri Şeyx Həsən Nəsrullah Məhəmməd peyğəmbərə qarşı hörmətsizliyə görə dünya müsəlmanlarını fəal şəkildə etiraz etməyə çağırıb: “Belə çirkin işlər regionda sülh və əmin-amanlığı təhlükəyə atır. Bu isə ümumilikdə, bütün dünyada sülh şəraitinin pozulmasına gətirib çıxara bilər. Peyğəmbəri təhqir edən kəslər filmi istehsal edən və ABŞ kimi onu dəstəkləyən ölkələrdir. Ona görə də onlar məsuliyyətə cəlb olunmalıdırlar”.
Bundan başqa, srağagün ABŞ polisi tərəfindən ifadəsi alınan qalmaqallı filmin sifarişçisi, misirli kipti xristian Nakoula Basseley Nakoula yoxa çıxıb. Fırıldaqçılıq ittihamıyla şərti cəza alan Nakoula ifadə verdiyi polis idarəsindən çıxdıqdan sonra evinə qayıtmayıb. Kaliforniyanın Kerritos bölgəsinin polis şefi Stiv Uitmor da qalmaqallı filmin sifarişçisinin evinə qayıtmadığını təsdiqləyib. Ingiltərədə çap olunan “Daily Mail” qəzeti polis bölməsinə gedərkən üzünü gizlədən Nakoulanın fotosunu yayımlayıb.
Fotoşəkil “Islamın məsumiyyəti” filminin çəkilişi zamanı filmdə rol almış aktrisalardan biri Anna Gurci ilə çəkilib. Aktrisa jurnalistlərə açıqlamasında deyib ki, qalmaqallı filmin Islam dinini və peyğəmbəri təhqir məqsədilə çəkildiyini bilməyib. O, filmin sifarişçisi tərəfindən aldadıldığını bildirib: “Insanlar bu iyrənc filmə baxıb məni görür. Halbuki, biz ”Çöl savaşçısı” adlı filmə çəkildiyimizi düşünürdük. Gündə 75 dollar alırdım”.