Ali məktəblərin yataqxanaları hələ də qaçqınların ixtiyarındadır
Tələbələr bu ili də kirayələrdə keçirməli olacaqlar
Dərs ili başladı. Şagirdlər məktəbə, tələbələr universitetə yollanırlar. Kiminin üzü sevinc, kiminin sifət cizgiləri kədərlə əhatələnib. Sevinənlər daha çox təhsil almaq üçün ilk addımlarını atanlardır. Dərslərin başlanması valideynləri də narahat edir. Axı, əsas yükü onlar çəkirlər. Övladlarına geyim, dərslik, məktəb ləvəzimatları almaq kiçik pul tələb etmir. Uşaqları tələbə adını daşıyan ata-anaların çəkəcəkləri dərd daha böyükdür. Təhsil haqqı bir yandan, ev kirayəsi o biri yandan.
Bakıda evi olmayanlar, rayonlardan ali təhsil almaq üçün paytaxta təşrif buyuranların durumu çox acınacaqlıdır.
Tələbə, yoxsa məcburi köçkün yataqxanası?
Dərslərin başlanmasına bir ay qalmış artıq kirayə ev verənlər mənzillərinin qiymətini qaldırdı. Nəzərə alanda ki, kommunal xidmətini də kirayənişinlər ödəməlidir, onda vəziyyət lap kritikləşir. Ona görə də, Bakıda tək-tük hallarda bir evi bir tələbə kirayəyə götürür. Ya iki-üç tələbə birlikdə bir mənzilə sığınırlar, ya da yaxın qohumlarının evinə pənah aparırlar. Hər şeydən əlini üzənlər isə təhsil aldıqları universitetlərin yataqxanalarına üz tuturlar.
Ötən gün bir neçə yataqxanaya baş çəkib oradakı durumla maraqlandıq.
Öncədən bildirək ki, sentyabrın 15-i şənbə günü olduğundan, universitetlərdə isə həftənin bu günü tədris olmadığı üçün tələbələrin bir qismi hələ Bakıya “yürüş” etməyib. Ancaq bizi daha çox yataqxanaların vəziyyəti maraqlandırdığından onlarsız ötüşərək işimizə başladıq.
Ilk üz tutduğumuz ünvan Bakı Dövlət Universitetinin (BDU) yataqxanası oldu. Bir neçə binadan ibarət olan yataqxananın öz komendantı var. Adətən kənar şəxslər komendantın icazəsi ilə binaya daxil olur. Bu zaman içəriyə keçmək üçün komendant kimlərləsə əlaqə saxlayır, yaxud birbaşa “yox” deyir. Ona görə də başqa taktika seçirik; özümüzü buranın sakini kimi göstərərək binaların mərtəbələrini var-gəl edirik.
Nəinki BDU-nun, paytaxtda fəaliyyət göstərən bütün universitetlərin yataqxanalarını məcburi köçkünlər “zəbt” edib. Onlara mənzil verilmədiyi üçün “Qaçqınkom” köçkünlərə buranı göstərib.
Birotaqlı evlərə iki-üç ailə necə sığınır…
Yataqxanaların ümumi görünüşünə kənardan baxanda burada vəziyyətin necə olduğunu elə anındaca dərk edirsən. Içəriyə keçməyə heç ehtiyac qalmır. Bina sanki adamın üstünə gəlir. “Hər an uça bilər” təəssüratını kənara qoyub binanın pilləkənlərinə ayaq basırıq.
Burada elə bir mərtəbə, elə bir mənzil (əgər ona mənzil demək olarsa) yoxdur ki, orada elektrik xətti normal olsun. Bütün işıq xətləri əlin toxuna biləcəyi yerlərdədir. Istənilən an burada qəza, faciə yaşana bilər. Bu azmış kimi naqillər qırıq-qırıq, bir-birinə yapışqanla “bərkidilib”. Yəni elə bir mənzilin sahibi tapılmaz ki, evinə elektrik xəttini birbaşa çəksin. Elə bunun nəticəsidir ki, son zamanlar binalarda baş verən yanğınlar məcburi köçkünlərin məskunlaşdığı binalarda olur. Rəsmilər isə bunun qısa qapanmadan, ehtiyatsızlıqdan baş verdiyini söyləyirlər (baxmayaraq ki, bəziləri yanğının qəsdən törədildiyini deyir).
Yataqxanalarda işıq, qaz problemi olmasa da, sakinlər sudan əziyyət çəkir. Bəzən günlərlə binalara su gəlmir. Camaat həyətə düşüb vedrələrlə su daşımalı olur.
Evlər standart və balacadır. 15-20 kvadrat metrlik bir otaqdan ibarət olan mənzillərin bəzilərinə iki-üç ailə sığınıb. Səbəb isə köçkünlərin sayının çox, evlərin az olmasıdır. Mənzillər balaca olduğundan ev “sahib”ləri əşyalarını dəhlizə – hamının keçdiyi yerə qoyurlar. Hər qapının yanında qalaqlanmış pal-paltar çantaları, qab-qacaqlar var. Sanki sakinlər köç ərəfəsindədir.
Tələbələr dərsi necə oxuyur və nə cür istirahət edir?
Binanın hər mərtəbəsində iki ayaqyolu var. Baş tərəflərdə olan ayaqyolunun yanında hamamlardır. Bir tərəfdəki ayaqyolu qadınların, o biri isə kişilərin istifadəsindədir. Ancaq iş orasındadır ki, burada hamamla tualetin hansı olduğunu müəyyənləşdirmək çətindir. Bunu yalnız oranın istifadəçiləri bilir. Bütün mərtəbələrdə ayaqyolunda olan qoxu hamamları da bürüyüb.
Hər mərtəbədə üç mətbəx var. Sakinlər növbə ilə yemək bişirirlər. Bəzən vaxt çatmadığından qonşular nahar və şamı bir yerdə hazırlayırlar. Bu zaman isə yeməyin qoxusu dəhlizi bürüyür. Kənardan baxanda bura yeməkxananı xatırladır.
Yataqxananın döşəməsi və tavanı da pis gündədir. Çirkli və hisli tavan və divarların ağ rəngi qarayla əvəzlənib. Divarlara çəkilmiş suvaq çat verib, toxunan kimi yumurta qabığı kimi soyulub yerə tökülür.
Hər qapının ağzında zibil qabı olsa da, ətraf çirkab içindədir. Binaların altındakı zibillər isə ayrı aləmdir. Ətrafda səs-küy o qədərdir ki, tələbələrin bura necə sığındığını, necə dərs oxuduğunu, necə istirahət edib yatıb-durduğunu təssəvür edə bilmirsən. Burada gün keçirmək olar? Başdan-ayağa mənfi auralı bir ünvandır və belə bir yerdə tələbə heç vaxt evini səliqəli saxlaya bilməz. Dərsə hazırlaşmaq isə bu cür yerdə, ümumiyyətlə, mümkün deyil.
Kiçik sözardı…
Hər bir mərtəbədə tələbələrə iki-üç mənzil verilir. Hərəsinə də iki tələbə sığınır. Biz yataqxanada olanda öyrəndik ki, bura pənah gətirən tələbələr bir müddət sonra gedirlər. Çünki buradakı həyat tərzinə öyrəşə bilmirlər. Yataqxananın məcburi sakinlərisə – qaçqınlar sözügedən ünvanda bu cür mühitin yaranmasında özlərini günahkar saymırlar. Normal şərait üçün dövlətin qayğısı olmalıdır. Heç yerdən gəliri olmayan məcburi köçkünlər öz vəsaitləri hesabına mənzilləri təmir edə bilmirlər. Bu illər ərzində isə universitetlərin yataqxanalarına təmir üçün vəsait ayrılmayıb. Əksinə, həmişə televiziya önünə çıxan rektorlar ali təhsil müəssisələrinin balansında olan yataqxanaların söküləcəyini deyiblər. Di gəl, nə sökən var, nə təmir edən, nə də tələbələrin ixtiyarına verən…
Ramin DEKO