Azərbaycanda gizli məşğulluq

Dövlət Sosial Müdafiə Fondu nələri etməlidir?

Ölkədə 3 milyon adamın ahıllıq təminatı sual altındadır

Bu gün ölkə iqtisadiyyatının ən ciddi problemlərindən biri gizli məşğulluqdur. Son illər hökumət gizli məşğulluğun azaldılması istiqamətində təşəbbüslərin artdığını bildirsə də, statistika gizli məşğulluğun səviyyəsinin əvvəlki dövrlərlə müqayisədə artdığını göstərir. Belə ki, ölkədə məşğul əhalinin sayı 4 milyon 375 min nəfərdir. Amma onların yalnız 1 milyon 381 min nəfərinin işəgötürənlə əmək müqaviləsi var.
Yəni 69 faiz, yaxud 3 milyon nəfəri qeyri-leqal çalışır.
Vergilər Nazirliyi bu ilin ilk 6 ayı ərzində 5 mindən çox əmək müqaviləsiz işçi aşkarlayıb. Araşdırmalara görə, Azərbaycanda məşğulluğun 30 faizi rəsmiləşdirilir.
Dünya təcrübəsində bu rəqəm 70-80 faiz təşkil edir.
Onu da bildirək ki, rəsmi açıqlamalara görə gizli məşğulluq daha çox tikinti və xidmət sektorlarındadır.
Azərbaycanda gizli məşğulluğun yaxın tarixi
Sovet Ittifaqının süqutundan sonra əvvəlki iqtisadi münasibətlərin qırılması, istehsalın həcmin dəfələrlə azaldı istehsal olunan məhsulların satılmaması, istehsalın həcminin dəfələrlə azalması iqtisadiyyatda tənəzzüllə gətirib çıxardı. Çoxsaylı işçiləri olan iri müəssisələr fəaliyyətlərini dayandırdı. Işçiləri uzunmüddətli ödənişsiz məzuniyyətlərə göndərildi. Məhz bu zaman gizli işsizlik anlayışı Azərbaycan üçün də aktuallıq kəsb etməyə başladı. Əslində dövlətin rəsmi statistikasında məşğul kimi qeydə alınan minlərlə işçi uzun illər ərzində öz əsas iş yerlərində əmək funksiyasını yerinə yetirmir və təbii ki, heç bir əmək haqqı da almırdılar. Lakin bu kateqoriyaya aid olan (yəni adı işdə olan, lakin həmin müəssisədə faktiki əmək fəaliyyətilə məşğul olmayan) və olmayan (yəni əvvəldən işsiz olan) bir çox insanlar qeyri formal əmək münasibətlərinin subyektlərinə çevrildilər. Beləliklə, ölkədə gizli məşğulluq anlayışı da aktuallaşmağa başladı. Bəzi göstəircilərə görə, ölkədə qeyri-formal əmək sektorunda çalışanların kəmiyyət göstəriciləri rəsmi əmək münasibətlərində olan işçilərə yaxındır.
Gizli əmək bazarının fəsadları
Hər bir dövlətin makroiqtisadi siyasətinin əsas məqsədlərindən biri əmək qabiliyyətli insanların məşğulluğunu yüksək səviyyədə təmin etməkdir. Çünki məşğulluğun yüksək səviyyədə təmin olunması öz növbəsində ölkədə olan məhsuldar qüvvələrdən səmərəli istifadəyə gətirib çıxarır. Hazırda Avropa Ittifaqının üzvü olan dövlətlərinin hər birində ayrı-ayrılıqda məşğulluq siyasəti mövcuddur və bu siyasət həmin ölkələrin oturuşmuş iqtisadi sistemlərinə əsaslanır. Bununla belə Avropada vahid məşğulluq siyasətinin müəyyən olunması ciddi aktuallıq kəsb etməkdədir. Azərbaycanda gizli əmək bazarının mövcudluğu məşğulluq siyasətinin müəyyənləşdiriliməsinə əngəl yaradır. Belə ki, gizli əmək bazarında və ya qeyri-formal sektorda çalışan işçilərin sayının yüksək olması məşğulluğun təminatında əsas problemdir. “Kölgə” əmək bazarının mövcudluğu əmək hüquqlarının kütləvi pozulmasına gətirib çıxarır. Yüzminlərlə insanın qeyri- rəsmi əmək fəaliyyəti ilə məşğul olması isə insanlara münasibətdə əmək qanunvericiliyinin tətbiq edilməməsi deməkdir. Belə işçilərin əmək fəaliyyəti həm dövlət, həm də həmkarlar ittifaqlarının nəzarətindən kənardadır. Gizli məşğulluq insanların pensiya təminatında da maneədir. Fikrimizcə, xüsusilə də bu gün Dövlət Sosial Müdafiə Fondunun ən ümdə vəzifəsi vətəndaşlar arasında bu istiqamətdəki marifləndirmə olmalıdır. Bəlkə də, gizli məşğulluğun vergi yığımına təsiri vətəndaşa birbaşa təsir etmir. Bəlkə də, vətəndaş əmək müqaviləsinin olmamasının hansısa fövqəladə hadisədə ona ciddi problem yaradacağının fərqində deyil. Ancaq insanın ən çox madiyyata ehtiyacı olan dövrü ahıllıq vaxtıdır ki, indi əmək qabilliyyətli insan məlumatsızlıqdanmı, işini itirmək qorxusundamı özü əmək müqaviləsini tələb edə bilmir.
Hökumət tədbirləri sərtləşdirmək istəyir?
Düzdür, gizli məşğulluq son bir neçə ayda hökumətin müvafiq qurumlarının gündəmə gətirdiyi əsas mövzulardan birinə çevrilib. Məsələyə isə daha çox vergidən yayınma kimi yanaşılır. Yəni işçi ilə əmək müqaviləsi bağlamayan sahibkar bununla vergidən yayınır. Problemin qarşısını almaq üçün Əmək Və Əhalinin Sosial Müdafiəsi və Vergilər Nazirlikləri, eyni zamanda Dövlət Sosial Müdafiə Fondu Əmək Məcəlləsi və Inzibati Xətalar Məcəlləsinə dəyişikliklər üzərində iş aparırlar. Həmin dəyişikliklərdə əmək müqaviləsindən yayınan işəgötürənlərə tətbiq olunan cərimələrin artırılması nəzərdə tutulur. Ancaq bu yetərli deyil. Xüsusilə də ölkənin təqaüd siyasətini həyata keçirən Dövlət Sosial Müdafiə Fondunun bu istiqamətdəki işi yetərli deyil. Düzdür, DSMF fondu indiyədək xeyli işlər görüb. Bunları görməmək insafzılıq olar. Xüsusilə də, təqaüdlərin verilməsində kart sisteminin tətbiqi bu sahədəki rüşvəti kökündən həll etdi. Buna qədər elə bir pensiyaçı yox idi ki, onun təqaüdündən bu pulu paylayanlar tərəfindən hansısa məbləğ götürülməsin. Ancaq indi bu, yoxdur. Fikrimizcə, gizli məşğulluğun aradan qaldırılmasının da uğurlu mexanizmini tapmaq mümkündür. Bu isə iki istiqamətdə ola bilər. Birinci KIV-in köməyilə marifləndirməni gücləndirmək. Ikinci, dövlətdən əlavə səlahiyyətlər alıb, bu problemlə
bir başa məşğul olmaq.
Ekspertlər nə düşünür?
Gizli məşğulluğun Azərbaycan iqtisadiyyatı üçün aktual bir məsələ olduğunu deyən iqtisadçı Qubad Ibadoğlu vurğuladı ki, müşahidələr göstərir ki, qeydiyyatdan keçmiş kiçik və orta sahibkarların işçilərinin sayı hətta bir nəfərdən azdır: “Təsəvvür edin orta sahibkarlığa düşən iş yerlərinin orta hesabla sayı bir nəfərdən azdır. Bu isə o deməkdir ki, Azərbaycanda kiçik və orta sahibkarlıq qeydiyyatdan keçsə də onlarda məşğulluq səviyyəsi qeydiyyata düşmür.
Ona görə də belə mənzərə yaranır. Bu gizli məşğulluğun miqyasını və sayını göstərir”.
Iş yerlərinin açılması zamanı güzəştlər olmalıdır
Gizli məşğulluqla bağlı iqtisadiyyat üçün daha bir problemin məşğul olanların əmək haqları ilə bağlı olduğunu deyən Q.Ibadoğlu vurğuladı ki, bir qayda olaraq bu kateqoriyanın əmək haqları aşağı göstərilir. Q.Ibadoğlunun fikrincə, bu problemin aradan qaldırılması üçün iş yerlərinin açılması üçün müəyyən güzəştlər edilməlidir:”Yəni iş yerləri çox olan müəssisələrin sayı stimullaşdırılmalıdır. Hər bir iş yerlərinə görə məcburi ödənişlərin səviyyəsini azaltmaq lazımdır. Çünki hər bir iş yeri əmək haqqı hesablanması deməkdir. Əmək haqqı isə həm sosial ayırmalar və gəlir vergisi deməkdir. Ona görə düşünürəm ki, sosial ayırmalar sahəsində islahatlara getmək zəruridir”
Işçinin təminatı artırılmalıdır
Q.Ibadoğlu bundan başqa gizli məşğulluğa qarşı mübarizədə atılmalı olan bir sıra başqa addımlara da toxundu. Q.Ibadoğlunun sözlərinə görə, gizli məşğuluğun geniş yayılmasına səbəblərdən biri işçinin təminatının zəif olmasıdır. Ona görə işçinin təminatını artırmaq və seçim imkanlarını çoxaltmaq üçün vacib məsələlərdən biri qeyri-dövlət pensiya fondlarının yaradılmasıdır. Alternativ pensiya fondlarının yaradılması rəqabət yaradacaq ki, bunun da nəticəsində sosial ayırmaların səviyyəsində irəliləyiş müşahidə oluna bilər. Eyni zamanda düşünürəm ki, əmək haqqından tutulan gəlir vergisinin dərəcəsinə yenidən baxmağa ehtiyac var. Bəzi neft ölkələrində məsələn Küveytdə əmək haqqından gəlir vergisi yoxdur. Hökumət bunu tətbiq etmir. Bununla hökumət bir növ neft pullarının vətəndaşlar arasında bölüşdürülməsinə çalışır. Çünki onsuz da həmin ölkənin büdcəsinin maliyyə mənbəyi neft gəlirləridir. Əlavə gəlir vergisinin alınmaması da vətəndaşlara bir növ neft gəlirninin pay verilməsidir. Belə hallar mümkündür”.
Q.Ibadoğlu hesab edir ki, son nəticədə bu addımlar gizli məşğulluğun leqallaşdırılmasına gətirib çıxara bilər.
Bundan başqa Q.Ibadoğlu düşünür ki, eyni zamanda işçilərin qeydiyyat məsələsində prosedurları təkmilləşdirməyə ehtiyac var.
Əmək müqaviləsi tələb olunmalıdır
Q.Ibadoğluya görə yaranmış vəziyyətdə düzgün siyasətin və maarifləndirmənin aparılmaması da öz işini görür. Q.Ibadoğlunun qənaətincə, işçilər arasında geniş təbliğat aparmaq lazımdır. Əgər işçi bilsə ki, onun gələcək pensiya təminatı onun bu günki işindən aldığı əmək haqqından asılıdır, o zaman bu istiqamətə ciddi yanaşaraq, çalışar
ki, harada işləməsindən asılı olmayaraq Əmək Müqaviləsi tələb etsin və aldığı əmək haqqını rəsmiləşdirsin:”Belə bir təbliğat işçilərdə stimul yaradacaq ki, daha böyük staja malik olub, əmək haqqı alsınlar. Çünki bu daha yaxşı pensiya təminatına imkan verir. Ən vacib məsələlərdən biri budur.
Bu bir daha təsdiq edir ki, həqiqətəndə pensiya sistemi ilə gizli məşğulluq arasında əlaqə var. Və bu sahəni inkişaf etdirməklə gizli məşğulluğun leqallaşdırılmasına nail ola bilərik”. Q.Ibadoğlu qeyd etdi ki, ölkədə çoxlu sayda iş yerləri açıldığı barədə siyasi bəyanatlar verilir.
Amma gizli məşğulluğun mövcud olmağı sübut edir ki, bu açıqlamalar sadəcə bəyanatdır. Ciddi alternativlər olmadığına görə ona görə işçi iş yerini itirməmək üçün iş yerinə ciddi təzyiq edə bilmir.
Xəyal Babayev
Yazı Dövlət Sosial Müdafiə Fondunun jurnalistlər üçün keçirdiyi yazı müsabiqəsinə təqdim edilir.