Qırx beşdən sonra adam artıq artırmır, bu vaxta qədər qazandıqlarını yavaş-yavaş itirməyə başlayırsan. Sitat gətirməyə də qorxursan. Fikirləşirsən ki, birdən səhv edərəm, ya da müəllifini düz göstərmərəm. Amma başqa yol da yoxdur. Necə olsa da, yazını başlamalısan. Səhv olar, üzrlü sayarlar, elə bir xəta deyil. Hə, deyəsən, L.Tolstoy deyib ki, xoşbəxtlərin hamısı müxtəlif cür xoşbəxtdir, amma bütün bədbəxtlər eyni cür bədbəxtdir! Mən buna bir daha A.Lukaşenkonun andiçmə mərasiminə baxanda əmin oldum və bircə anlığa gözümün önünə 2018-ci il gəldi – dördüncü dəfə prezident olmuş I.Əliyev and içir, yaxud hansısa rayonda H.Əliyev mərkəzinin yenicə təmir olunmuş binasının açılışını keçirir.
Qəribədir, mən bunu çox asan, elə bir mənəvi güc sərf etmədən təsəvvür edə bilirəm. Bəlkə də bu da yaşın göstəricisidir, vaxt ötdükcə adam əvvəllər qətiyyən qəbul edə bilmədiyi bir çox mətləbləri çox asanca qəbul edir. Amma mən bircə şeyi təsəvvür edə bilmirəm və etmək də istəmirəm. Təssəvvür edin, 2018-ci ildə də, lap indi olduğu kimi, I.Əliyev ölkənin ərazi bütövlüyünü təmin etmək üçün əlindən gələn hər şeyi, eləcə də hərbi qüvvəni tətbiq edəcəyini və lazım gələrsə, torpaqlarımızı müharibə yolu ilə azad edəcəyini deyir! Bax, mən bunu təsəvvür etmək istəməzdim… Qayıdaq Lukaşenkoya. Bəli, MDB diktatoru and içdi. Vasil Bıkov isə artıq həyatda yoxdur. Güman ki, o da elə bir vaxtlar 2011-ci ili elə beləcə, mənim kimi təsəvvür etməyə çalışırmış. Maraqlıdır, görəsən, indilər Belarusun Xalq Cəbhəsi fəaliyyət göstərirmi? Belarusda ancaq yolüstü olmuşam, gözəl insanları var. Elə oradaca fikirləşdim ki, Ilahi, bu cür gözəl insanlara nədən azadlıq qismət etməmisən? Amma bircə günlük dayanacaq vaxtı həm də özüm üçün çox maraqlı bir müşahidə apardım – oradaca bizdəki kimi rüşvət yoxdur, ən azı vağzalda, aeroportda mən bunun izini görmədim. Bəs rüşvət harada boldur? Əlbəttə, bizdə! Rüşvət görmək istəyən, Azərbaycana gəlsin!
Avropa Lukaşenkonu boykot etdi. Düz də etdi. Amma bu selektiv münasibət bir qədər mənim xoşuma gəlmir. Nazarbayevin nəyi Lukaşenkodan artıqdır?
Qazaxıstana ATƏT-i etibar edirlər, amma Lukaşenkonu boykot edirlər! Mən bunun əsl səbəbini indi sizə deyəcəm. Bilirsiniz, səbəb nədir? Niyə Rusiya və Qərb Lukaşenkonu bu qədər sevmir? Demokratiyanın olmamasına görə? Belə olsaydı, səmimiyyətə görə Rusiyaya da, Qərbə də minnətdar olardım! Lukaşenko sözsüz, antidemokratdır, elə ona görə də boykot olunmalıdır, lakin ona qarşı nifrətin kökündə tamam başqa şey dayanır. Rusiya ona görə Lukaşenkoya nifrət edir ki, o, rus kapitalını Belarusa buraxmır! Qərb də ona görə Lukaşenkoya nifrət edir ki, onun da transmilli şirkətləri üçün ölkənin qapılarını açmır! Amma Nazarbayev tamam başqadır. Xarici şirkətlər, eləcə də transmilli şirkətlər, Qazaxıstanda necə var, təmsil olunublar. Təbii ki, biz də çox istərdik ki, Qərbin Lukaşenkoya münasibətində demokratiya amili də həlledici olsun. Sözsüz, Belarus diktatoru demokratiyaya qarşı necə var, əsl cihad aparır. Heç kimin ağlına gəlməzdi ki, məsələn, prezidentliyə namizəd olmuş kəsləri damlasın. Amma Lukaşenko bunu edir! Çox az diktator xarici səfirliklərin qapılarını mismarlatdırmaq kimi “cəsarət”ə sahib ola bilər, onu isə “qorxaqlıq”da qınamaq mümkün deyil, o, bunu edir və nəticələrini heç düşünmür, çünki nəticələrin acılarını Belarus çəkəcək! Ona nə?! Vəziyyət belədir! Indi təsəvvür edin, Belarus nələr çəkir! Belarus Lukaşenko üçün elə sözün əsl mənasında sovxozdur, elə sovxoz kimi də idarə edir…
Kiçik sözardı
Bu həftə diktatorlardan çox yazdım. Deyəcəksiniz ki, Tunisin havası buna yamanca təsir edib. Yox, məsələ bunda deyil. Mən sadəcə, diktatorların əsl sosial-psixoloji portretini yazmağa çalışıram. Hər yazıda bir ştrix tapıram.
Bu MDB diktatorları tamam ayrı aləmdir, yazmaqla portretləri tükənmir, əsl portretlərini cızmaq üçün bunlar haqqında kitab yazmaq lazımdır. Amma bunun da tədbirini yapıblar, çoxu özü haqqında kitab yazdırıb. Özü də lap başkənddə – Moskvada…