“15 sentyabr Azərbaycanda rəsmi bayram olsun!”

Türkiyə səfirinin bu təklifinə Azərbaycan hökuməti nə deyir?

“Türkiyənin Bakıdakı səfirliyinin həyətində Nuru Paşanın heykəli qoyulub. Bizim ən böyük təmənnamız onun Bakının görkəmli bir yerində də heykəlinin ucaldılmasıdır”. APA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıç media rəhbərləri ilə keçirdiyi vida görüşündə deyib.
Səfir başqa bir təkliflə də çıxış edib. Diplomat 15 sentyabrın Azərbaycanda rəsmi olaraq “Bakı bayramı” günü kimi qeyd olunmasını istədiklərini vurğulayıb: “15 sentyabr Bakının daşnak-bolşevik birləşmələrindən azad edildiyi gündür. Həmin günün ”Bakı bayramı” kimi təsis olunmasını, rəsmi bayram kimi qeyd edilməsini istərdik. Çünki bu tarix Azərbaycan üçün çox önəmlidir”(APA).
Qeyd edək ki, bundan əvvəl Türkiyə Böyük Millət Məclisinin üzvü, Konya millət vəkili Mustafa Kabakçı oxşar təkliflə çıxış edərək 15 sentyabrın Türkiyə-Azərbaycan Qardaşlıq Günü elan edilməsini təklif etmişdi. 15 sentyabr – Bakının işğaldan azad edilməsinin ildönümü münasibətilə açıqlama yayan M.Kabakçı eyni zamanda Azərbaycanın paytaxtında Qafqaz Islam Ordusunun komandanı Nuru Paşaya abidə qoyulması məsələsini yenidən gündəmə gətirmişdi: “Iki ölkənin ən qısa müddətdə bu istiqamətdə lazımi addımları atacağına inanıram”.
YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadəyə müraciət edib türkiyəli diplomatın və millət vəkilinin təklifi ilə bağlı Azərbaycan tərəfinin nə düşündüyünü öyrəndik. A.Mirzəzadə hər iki təklifi alqışladığını desə də, məsələ ilə bağlı mövqeyinin bir qədər fərqli olduğunu bildirdi: “Hörmətli millət vəkilinin və hamımızın sevimlisi  səfir Hülusi Kılıçın təklifini alqışlayıram və onların hər birini Azərbaycana sevgi nümunəsi kimi qiymətləndirirəm. Amma mən hesab edirəm ki, Azərbaycan-Türk qardaşlığına ayrıca gün həsr etməyə ehtiyac yoxdur. Çünki ilimizin hər bir günü bu qardaşlığın nümunəsidir. Bir gün belə, biz bu qardaşlığı unutmuruq. Özü də tək Türkiyə ilə yox, bütün türk dünyası ilə qardaşlığı”.
Abidə məsələsinə gəlincə, A.Mirzəzadə bildirdi ki, bununla bağlı müxtəlif təkliflər var və onların hər biri diqqətlə öyrənilməlidir: “Bu abidə Nuru Paşanın da ola bilər, bir türk əsgərinin də”.

Gültəkin