Çap olunmayan «Ölüm korpusu» kitabından parçalar…
Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…
Avqustun ortalarına doğru (2009) ingilis dilindən bezdim. Bu müddətdə rəisə, onun müavininə dəfələrlə yalvarmışdım ki, bura bir zəncidən-zaddan gətirsinlər, “dolanışığını özüm təşkil edəcəyəm”, – deyə. Bu lənətə gəlmiş dili praktikasız öyrənmək olmur. “Bonk”da olan mətnləri əzbərləyir, öz-özümə danışırdım, amma bu, düzgün tələffüz deyildi. Sadəcə, necə bacarırdımsa, elə də deyirdim. Ingilis dili bilən dustaq istəyirdim. Ilin sonundan (2008), gərək ki, elə dekabrdan bədii kitablar oxumağa başlamışdım. Evdən “yeni başlayanlar üçün” təyinatlı bir yığın kitablar gətirmişdilər. Oxuduğum ilk belə əsər Bill Qeytsin bizneslə bağlı bir kitabının çox sadələşdirilmiş broşür forması idi. Maraqlı araşdırma idi. Bu qəbildən olan on-on beş kitab oxuduqdan sonra uşaqlığım yadıma düşdü, Mark Tvenin “Tom Soyyer və Heklberri Finnin macəraları” kitabını xahiş etdim, onlar da kitabı tapmadıqlarına görə internetdən çıxarıb gətirdilər. Uşaq vaxtlarımda dili mənə çox sadə gələn bu kitabın orijinalı, yəni, ingiliscəsi çox ağır oldu. Amma lüğəti, məntiqimi, fəhmimi səfərbər edib oxudum. Zatən, ingilis dilinə sıfırdan başladığım vaxtdan cəmi 5 ay keçirdi və bu mükəmməl bədii əsər mənim üçün çox çətin olmalı idi. Başa vurdum!
Bundan sonra ABŞ səfirliyi 8 ədəd qalın kitab göndərdi. Ən sadəsinin Barak Obamanın “Dreams from my father” ola biləcəyini düşündüm. Nədən? Çünki siyasət adamlarının publisistikası çox sadə dildə olur. Məsələn, Əli Kərimli mənə həmişə irad tutur ki, çox mürəkkəb dildə yazırsan, mən də bunu etiraf edirəm. Onun öz yazıları isə çox sadə dildədir. Fərqi görürəm, amma ona uyğunlaşa bilmirəm. Görünür, siyasətçilər intuitiv olaraq geniş kütlələrə xitab etmək üçün kodlaşıblar və buna görə də onların ifadə tərzi daha çox adamın başa düşəcəyi sadə dildə alınır. Mən isə qəzetçiliyə ibtidai ədəbiyyatdan gəlmişəm. Yeniyetməlik və ilkin gənclik zamanlarımda şeir yazmış, mütaliəsi isə daha çox klassik Azərbaycan ədəbiyyatı üzərində bərkimiş adam kimi, obrazlı ifadələrdən qaça bilmirəm. Bunun pismi, yaxşımı olduğunu “Azadlıq”ın oxucularından soruşmaq lazımdır.
Bu məntiqlə Barak Obamadan başladım və yanılmadığımı gördüm. Mark Tvendən sonra onu oxumaq çox rahat idi. Sonra başqa bir kitab diqqətimi cəlb etdi – üzərində Şekspirin şəkli olduğuna görə. “Interred with their bonus” adlı yarım detektiv ədəbiyyat idi və bunu da çox sevdim. Daha sonra fantastika, detektiv, macəra… 8-ini də başa vurdum. Amma zəncimi, hindistanlımı… kimsə lazım idi. Kriminal xəbərlərə qulaq asanda bunların dəstəsinə 10-15 il iş verildiyini görürsən, eşidirsən. Amma bura bir yaramazı gəlib çıxmır. Idarədən də mənə deyirdilər ki, onlar iri narkotiklə yaxalandıqlarına görə ağır iş alırlar, az iş alanlar isə imkanlı olurlar və pul verib başqa “zon”lara gedirlər…
Nəhayət, bir Hindistan vətəndaşının gəlib çıxdığını eşitdim. Dəstə rəisi mənə məlumat verdi və gedib onu bizim korpusa gətirdi, “cavabdehsən” – dedi. Yoxlamamış qəbul etdiyimə görə də peşman oldum. Çox uzun adı olan bu gənc hindus (onun adı Casvinder, nə bilim nə, Singx idi) adının uzunluğu qədər mənasız adam idi. Mənə demişdilər ki, ingilis dilindən başqa heç bir dil bilmir və buna görə sevinmişdim. Amma sən demə, o, hansısa hindus qəbiləsinin dilindən başqa heç bir dil bilmirmiş və mən, əlbəttə, şokolad kimi “srok”umu onun mənasız şivəsini öyrənməyə sərf edəcək qədər əbləh deyildim. Əl-ayaq hərəkətləri və qismən, nə zamansa yuxularından yadında qalan bir-iki ingilis kəlməsi ilə mənə başa saldı və sübut etməyə çalışdı ki, ingilis dili Dehlidə dövlət dilidir, amma onların aulunda yox.
Burada Robinzon-Cümə oyunu oynamağa da vaxt sərf eləmək istəmədim və barakdakı əfqanlara dedim ki, alın, adamınıza yiyə durun. Bu hindusun danışdığı dil puştunların dilinə iki-üç min kilometr yaxın idi – Azərbaycan türkcəsi ilə Altayın aşağı yamaclarında yaşayan çorların prototürk dili kimi. “Aşağı sürətlə danışıb nəyisə izah edə bilərsiniz”, deyərək, Casvinderi onlara təhvil verdim.
Bundan bir ay sonra rəis müavini bildirdi ki, məxsusi olaraq mənim üçün Britaniya vətəndaşı, Londonda yaşayan, amma Bakıya gəlib hansısa qələt qarışdırdığına görə həbs edilən bir təbrizli gətizdiriblər. Sevindim və korpusa gedib onu təhvil aldım. Bura necə gəlib çıxdığını soruşdum, amma xahiş etdim ki, mənə ingiliscə izah etsin. Adam kimi izah etdi ki, Londonda doğulub, orada kolleci bitirib, evlənib, uşaqları olmayıb. Bir il əvvəl qohumlarını görmək üçün Təbrizə, oradan da Bakıdakı hansısa qohumlarını görmək üçün buraya gəlib. Burada qohumlarını tapa bilməyib. Küçədə qalmaq istəməyib və polisə müraciət edib ki, ona yardım etsinlər. Polis də təsbit edib ki, bu əbləh sərhədi qanunsuz keçib və gətirib atıblar Şüvəlana. Oradan da il yarım iş alaraq gəlib bura. Niyə, əbləh? Çox sadə səbəbə görə. Bu adam Britaniyanı buraxıb “Bakıda yaşamağa gəldim” deyəndə dalağım sancmışdı. Amma adam psixi xəstə idi və yarım saat sonra ondan kəlbətinlə də söz qoparmaq mümkün olmadı. Siqaret verdim, alıb çəkdi; birini də istədi, verdim. Çay içib bir siqaret də istədi. Uşaqlardan iki qutu “Yava” alıb verdim. Amma danışmadı ki, danışmadı. Siqareti istəyəndə də şəhadət və orta barmaqlarını cütləyib dodaqlarına yaxınlaşdırırdı. Həyətə çıxartdım. Özümün qatı açılmayan ingilis dilimdə başa salmağa çalışdım ki, mənə müəllimlik eləsin, dil öyrənmək istəyirəm. “Qud, qud” deyib durdu və daha bir kəlmə də danışmadı. Yağış zəhləmi tökəndə baraka keçdim, o da gedib öz yerində uzandı. Soyuqdan büzüşmüşdü. Uşaqların birindən yorğan alıb ona bağışladım. Amma səhəri gün də “I am happy to met you”-dan başqa heç nə demədi və bu sözü, ən azı 50 dəfə aramla təkrarladı. Adam dəli idi və bundan mənə müəllim yox, yalnız baş ağrısı ola bilərdi. Araz mənim əziyyətlərimi izləyib, “Hacı, nə məsələdir, ”xod”a düşmür?”, – deyə bic-bic güldü. Deyəsən, bunun dəli olduğunu bütün korpus başa düşmüşdü və mənim cəhdlərimə gülməyə başlamışdılar. Araza elə cavab vermək lazım idi ki, gülüşün səmti dəyişsin, yoxsa bunun pəstahası qurtarmayacaqdı:
– Türkiyədə bir Antep şəhəri var. Oranın camaatının bizim şəkililər kimi yaxşı lətifələri olur. Bir gün bir antepli dükan açır. Günlər keçir ay olur, dükana gəlib bir kibrit də alan olmur. Adam dükanın qabağında oturub çay içdiyi yerdə bir qərib adamın düz ona tərəf gəldiyini görür. “Alverin siftəsinə turistlə başlayacağam”, – deyə sevinir. Tez çay süzüb gələn adamın qarşısını kəsir, “Buyur əfəndim”, – deyir. Gələn adam, “Əfəndim, buralarda bir tualet yeri bilirsənmi”, – deyə soruşanda kişinin başına elə bil, daş düşür. Üzünü küçəyə tutub bağırır: “Al Antep, bu da sənə daha bir qavat”. Indi, ay Araz, məndə bəxt hardaydı ki, bura düz-əməlli adam gəlib çıxa! Bura onsuz da dəlixanadı, birini də tutub Londondan gətiriblər, mənim nə günahım var?!
ardı var