Məhəmməd Talıblı: “Vergi ödəmələrində qeyri-neft sektorunun payının çox olması inandırıcı deyil”
Bu ilin səkkiz ayı ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 mlrd. 180 mln. manatdaxil olub. Onun da 2 mlrd. 191,8 mln. manatı, yaxud vergi daxilolmalarının 52,8% qeyri-neft sektorunun payına düşür.
Bu barədə məlumat yayan nazirlik bunu müsbət hal kimi qələmə verir. Lakin 75 faizi birbaşa neftdən asılı olan dövlət büdcəsinə qeyri-neft sektorundan səkkiz ayda cəmi 2 mlrd. manat vəsaitin daxil olması heç bir halda müsbət hal kimi təqdim edilə bilməz. Bu hesabla qalan dörd ayda dövlət büdcəsinə qeyri-neft sektorundan cəmi 1 mlrd. manatın daxil olacağı gözlənilir. 20 mlrd. manatlıq büdcədə cəmi 3 mlrd. manatın qeyri-neft sektorundan daxil olması isə bu sahənin nə dərəcədə inkişafdan qaldığını göstərir. Özü də bunu dövlət qurumlarının açıqladığı rəqəmlər ortaya çıxarır. Ancaq ekspertlər Vergilər Nazirliyinin açıqladığı rəqəmlərin də reallığı əks etdirmədiyini deyir.
Iqtisadçı-ekspert Məhəmməd Talıblı vergi ödəmələrində qeyri-neft sektorunun payının çox olmasını inandırıcı saymır. Ekspert aylar üzrə bölgüdə kənaraçıxmaların mümkün olduğunu bildirdi. Bu isə qeyri-neft sektorunun inkişafını şərtləndirmir. Bu baxımdan ilin sonuna qədər vergi daxilolmalarında neft sektorunun payı arta bilər. Hətta Vergilər Nazirliyinin ilin qalan hissəsi üçün hesabatında neft sektorunun payının 70% olacağını gözləmək olar.
Ekspertin sözlərinə görə, Vergilər Nazirliyinin açıqladığı rəqəmlər hələ Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi demək deyil.
Fizzə