Məmur süpürgəçinin gözünü çıxarmaq istəyib

Sumqayıtın icra başçısının müavini Akif Quliyev niyə heç kimi saymır?

“Sumqayıtın icra başçısının müavini Akif Quliyev məni hədəlyərək dedi ki, basıb gözlərini çıxararam”. Bu sözləri “Azadlıq”a Sumqayıtda 8-ci mikrorayonın yaxınlığında yerləşən və bu günlərdə dağıdılan kənd təsərrüfatı malları yarmarkasının süpürgəçisi Xanım Musayeva deyib. Xanım Musayevanın sözlərinə görə, o, Ermənistandan deportasiya olunub və süpürgəçilik etməklə ailəsini dolandırır. Lakin artıq bu iş də əlindən çıxıb.
Çünki Sumqayıtın icra başçısı Eldar Əzizov onun çalışdığı yarmarkanı dağıdıb: “Heç bir xəbərdarlıq etmədən, icra hakimiyyətinin işçiləri və polislər yarmarkaya hücum çəkərək hamını ordan qovmağa başladılar. Camaatın mallarına təpik vurub dağıtdılar, elə bil düşmən malıdır. Bütün bunlara rəhbərliyi isə icra başçısının müavini Akif Quliyev edirdi. Mən ona dedim ki, yarmarkanı bağlayırsınız çox yaxşı, niyə bu barədə xəbərdarlıq etməmisiniz? Niyə zorakılıq edirsiniz, camaatın min bir əziyyətlə əkib-becərdiyi və satmaq üçün gətirdiyi məhsulları təpikləyib zay edirsiniz. O isə mənə dedi ki, basıb gözlərini çıxararam. Sonra da dedi ki, mən səndən vəzifəcə böyüyəm, pulum var, istəsəm basıb gözlərini çıxararam. O qədər insanın içində məni bu cür aşağıladı”.
Xanım Musayeva Akif Quliyevin onu hədələməsinə görə qəzetimiz vasitəsilə ölkə başçısı Ilham Əliyevə və xanım Mehriban Əliyevaya müraciət edərək onlardan Akif Quliyev barədə tədbir görməsini xahiş edir: “Onun vəzifəsi, pulu vardır deyə, kasıbın gözünü çıxarmalıdır? Belə də haqsızlıq olar? Mən xahiş edirəm ki, bu adam barədə tədbir görülsün”.
Bəzi məlumatlara görə, 8-ci mikrorayonda yerləşən yarmarka Sumqayıt Şəhər Icra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Seyfəddin Rəhimova məxsus olub. Eldar Əzizov Seyfəddin Rəhimovu komandasında görmək istəmədiyinə görə, ona qarşı hücuma keçib. Eldar Əzizov əvvəlcə şöbə müdirinin obyektlərini qapatmaq, daha sonra isə özü ilə vidalaşmaq niyyətindədir. Məlumatlarda həmçinin deyilir ki, Seyfəddin Rəhimova məxsus yarmarkanın dağıdılmasına Akif Quliyevin rəhbərlik etməsi şöbə müdirilə başçısının müavini arasında münasibətləri gərginləşdirib. Yeri gəlmişkən, Akif Quliyev dövlət sərhəd xidmətinin rəisi Elçin Quliyevin qardaşıdır.
Xanım Musayevin söylədikləri və yayılan məlumatlarla bağlı Akif Quliyevlə Seyfəddin Rəhimovun mövqeyini öyrənmək istəsək də, cəhdlərimiz baş tutmadı.

Azad