Könül Şamilqızı
Nigarla Nərgizi ataları Müsavatın toplantılarına, mitinqlərinə gətirdiyində balaca qızlarıydılar hələ. O zaman hələ rejim bu qədər qəddar, insanlar bu qədər amansız, əclaflar bu qədər çox, mübarizə bu qədər çətin deyildi. Bizi döyürdülər, söyürdülər, aşağılayırdılar, təhqir eləyirdilər, amma yenə də çətin deyildi, çünki çoxuyduq, çünki çoxumuzun qorxan yerlərimiz yoxuydu, çün
ki balalarımıza əl uzatmırdılar, çünki bizə görə sevdiklərimizi, canlarımızı cəzalandırmırdılar, çünki bir dayanan yerləri vardı…
Günlər, aylar, illər keçdi. Başqa ataları böyüyən qızlarını evlərindən çıxartmamağa başladığı o illərdə Nigarla Nərgiz Müsavatın, müxalifətin toplantılarında, mitinqlərində böyüdülər.
Rejim qəddarlaşdıqca, insanlar amansızlaşdıqca, əclaflar artdıqca, mübarizə çətinləşdikcə, ümidlər qırıldıqca bizlər yorulduq, bezdik, qorxduq, çəkildik, qaçdıq. Nigarla Nərgizin atası çəkilmədi. Bizlər oddan qaçdıq, balalarımızı, sevdiklərimizi oddan uzaq tutmağa çalışdıq, Nigarla Nərgizin atası o gözəl balalarının da əlindən tutub o odun üstünə yeridi.
Bizlər çörək dərdinə, iş dərdinə, can dərdinə, ailə-uşaq dərdinə düşdük, Nigarla Nərgizin atası o gəncəcik qızlarıyla birlikdə bizlərin boş qalan yerini də doldurmağa çalışdı. Bizim getmədiyimiz mitinqlərin önündə oldu – bizim yerimizə döyüldü, söyüldü, həbs olundu; bizim olmadığımız toplantıları təşkil elədi – bizim yerimizə cibinin pulunu, dostlarının, yaxınlarının imkanlarını xərclədi, bizim yerimizə özünün, ailəsinin rifahını Müsavata, demokratiyaya qurban elədi.
Biz eləyə bilmədiklərimizdən utandığımızda təsəlli verdi: “Canınız sağ olsun, darıxmayın, hər şey yaxşı olacaq!”. Ən ağır vəziyyətlərdə, ən çıxılmaz durumlarda, çarəsizliyin dibə vurduğu anlarda belə vicdanın, ədalətin, ləyaqətin, cəfakeşliyin yansıdığı üzündəki o doğma təbəssümüylə “Əşi, darıxmayın, vallar hər şey yaxşı olacaq!” deyə sakitləşdirməyə çalışdı qarşısındakıları.
Kimsə onu hansısa anda mübarizədən yorulan, bezən, şikayət eləyən, deyinən, küsən, başqalarına minnət qoyan görmədi. Halbuki imkanları onun imkanlarıyla müqayisəyə belə gəlməyəcək dərəcədə yüksək, fədakarlığı ondan dəfələrlə az olan, iddiaları dünyanı dağıdan, özündən deyən nə insanlar gördük – ilk çətinlikdə liderə,düşərgəyə, partiyadaşa, dosta minnət qoyan, min bir bəhanəylə aradan çıxmağa çalışan, gedib yenidən qayıdan…
Ən təsirlisi nədi, bilirsinizmi? Tofiq Yaqublu o minnət qoyanları, aradan çıxanları, gedib yenidən qayıdanları belə suçlamadı, qınamadı! Hamını anlamağa çalışdı!
O gözəl, özü kimi fədakar, özü kimi cəfakeş, özü kimi təvazökar balalarına da kimsəyə minnət qoymadan, şikayət etmədən, qorxmadan, çəkinmədən mübarizənin önündə olmağı öyrətdi. Saxtakarlığın, əclaflığın, satqınlığın, qəddarlığın, şərin qarşısına dikilməyi öyrətdi. Darvazasının qapısından çıxandan sonra namusu unudanların, tüpürüləsi mentalitetin arxasına sığınıb hər cür əclaflığı edənlərin çoxluqda olduğu ölkədə təhsiliylə, bacarığıyla, tərbiyəsiylə, ləyaqətiylə, vicdanıyla, ədalətiylə, səmimiyyətiylə hər kəsə örnək olası balalar tərbiyə elədi.
Şər onu və gözəl qızını sınağa çəkmək istəyəndə belə ona təsəlli vermək istəyənləri “hər şey yaxşı olacaq!” deyə təsəlli etdi. Şərə nigaran olduğu Nigarına ithaf elədiyi yazıyla cavab verdi (http://www.musavat.com/new/yazar/132010-%C3%87%C3%96R%C6%8FKL%C6%8F_BA%C5%9ELAYAN_V%C6%8F_QURTARAN_M%C3%9CBAH%C4%B0S%C6%8F)
Bir daha hamımıza nümunə oldu, bir daha hamımızı çarəsizliyimizdən utandırdı…
Səninlə, mübarizənlə, ləyaqətinlə, o qızların atası olmanla qürur duyuram, Böyük İnsan! Yaxşı ki varsan!
Gözəl Nigarım! O atanın qızları olduğunuz üçün nə qədər qürur duysanız, azdır. O ataya layiq olduğunuz üçün sizinlə nə qədər qürur duysaq, azdır.
Sizi sevirəm!