Sabiq maliyyə naziri Kəmaləddin Heydərovu nəzərdə tutur?
“Mənim vəzifədən çıxarılmağımda müəyyən insanların rolu oldu. Amma mən onlar haqqında heç bir açıqlama vermək istəmirəm. O adamlar cənab prezidentlə mənim arama girdilər. Mən bunu vəzifədən ayrılmamış hiss etmişdim. Vəzifədən çıxmağımı isə televiziyadan eşitdim”.
Bu sözləri keçmiş maliyyə naziri Əvəz Ələkbərov “Modern.az” saytına müsahibəsində deyib. Keçmiş nazirin sözlərinə görə, televiziyada onun vəzifədən çıxarıldığı elan olunanda o, Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı məsələləri xarici mütəxəssislərlə müzakirə edirmiş. Lakin görüşü pozmayıb, bu xəbəri xaricilərə bildirməyib və sonradan istefaya getdiyini söyləyib.
Ə.Ələkbərov müsahibəsində hələ də hansısa vəzifəyə təyinat alacağını gözlədiyini də bildirib: “Evdə olsam da, hər zaman özümü İlham Əliyev komandasının üzvü sayıram. Hər an iş gözləyirəm. Axı anası oğlunu nazir olaraq dünyaya gətirmir. Söhbət məsuliyyətli, təcrübəli peşəkar bir insanın imkanlarından istifadə eləməkdən gedir. Mən bunları gözləməsəydim, bəlkə də də bizneslə məşğul olardım. Hər zaman vəzifə gözləmişəm”.
Ələkbərov müsahibədə indiki maliyyə naziri Samir Şərifov haqqında da danışıb və onu müsbət keyfiyyətlərlə xarakterizə edib.
***
Maraqlıdır, bəs, keçmiş nazir ölkə başçısı ilə onun arasını vuranların olduğunu deyəndə kimləri nəzərdə tutur? Ə.Ələkbərovun öz xələfi barədə xoş sözlər deməsindən görünür ki, bu fikirləri səsləndirərkən S.Şərifovu nəzərdə tutmayıb. Bu zaman ağla fövqəladə hallar naziri Kəmaləddin Heydərov gəlir. Çünki Kəmaləddin Heydərov o zaman maliyyə naziri postuna indi hesablama palatasının sədri olan Heydər Əsədovu təyin etdirməyə çalışırdı. Heydər Əsədov həmin vaxt xəzinədarlığın rəisi idi. Kəmaləddin Heydərov Əvəz Ələkbərovun işdən çıxarılmasına nail olsa da, Heydər Əsədovu bu vəzifəyə təyin elətdirə bilmədi. Ilham Əliyev özünə daha yaxın hesab etdiyi Samir Şərifovu bu posta gətirdi. Samir Şərifov isə Heydər Əsədovun ona problem yaradacağından ehtiyat edərək bir müddət sonra Kəmaləddin Heydərovun adamını işdən çıxardı.
Bu baxımdan düşünmək olar ki, Əvəz Ələkbərov məhz Kəmaləddin Heydərovu nəzərdə tutur. Digər tərəfdən sabiq maliyyə naziri ad çəkməkdən ehtiyat edir.
Azad