Hökumətin “müasirləşmək”liyi

Çoxdan qəzet aldığım bir köşk var. Köşkdə işləyən də çoxdan tanıdığım xəstə oğlandı. Özü də qəzet oxumağı sevir. Arada bizim qəzet qonuşmamız da olur. Ondan hansı qəzetin necə satıldığını soruşuram. “Ən yaxşı satılan qəzet ”Azadlıq”dı, – deyir.
Mənim qəzetsatan dostumun son çağlar kefi pozulub. Ona belə bir buyruq verilib: “Köşkü dəyişməlisən!” Onun köşkü qabaqkı yaraşıqsız köşklərdən deyil, son illərin köşklərindəndir. Son illərin, ancaq son günlərin yox. Son günlərin köşkləri başqadır: başqa quruluşlu, başqa tipli. Ən başlıcası, bu köşklərin arxasında bəlli bir oliqarx-generalın durduğu söylənilir. Monopolist belə olur, bax, adam “Ağanəzərəm, belə gəzərəm, birin vuranda qırxın əzərəm” deyibən bütün pullu yerləri ələ keçirə-keçirə gedir.
Mənim qəzetsatan dostum üçün köşkün arxasında kimin durmasının önəmi yoxdur; ondan ötrü önəmlisi köşkün içində olmaqdır. Köşkün arxasında duranın kimliyi də çox önəmli imiş. Bunu indiyədək anlamayan qəzetsatan dostum indi anlamağa başlayıb: ay dadi-bidad, sən demə, bir var qəzetin arxasında hansısa deputat olmaq istəyən Xanhüseyn, hansısa deputat Mirkazım dayana, bir də var, oliqarx-general. Bugünlərdə mənim qəzetsatan dostuma sonuncu uyarmada bulunmuşdular: “Yeni köşk alıb qoymasan, köşkünü buldozerə verəcəyik!” Bax, bu oldu gerçək bir general sözü. Buldozerli generalın qarşısında duruş gətir, görüm necə gətirirsən.
Mənim qəzetsatan dostum kimlərəsə yersiz yerə hikkəli kimi görünə bilər. Sizi-məni Yaradana and olsun, onda azacıq da olsa, hikkə yoxdur. Dediyim kimi, dinc, başıaşağı, xəstə bir oğlandır. Günü bu gün ona istədikləri köşkü versinlər, nə deyəsidi, ondan buna keçib qəzetini satıb başını dolandırasıdır. Ortada çox saya, indiki banditizm rejimi üçün xarakterik bir nədən var, o nədən budur: “Müəllim, yeni köşk üçün məndən 2 min manat (iki min manat!) pul istəyirlər, mən yazıq bir elə pulu hardan tapım, xəstə adamam, başımı güclə saxlayıram, qazandığımın çoxu aylıq müalicəmə gedir”.
Mənə elə gəlir, bütün bunlar olduqca gülməlidir, qoy oxucularımız bunları oxuyub doyunca gülsünlər, axı, gülmək ömrü uzadır. Bu yerdə yaş artımının – ömür uzunluğunun Səddam Hüseyn, Hüsnü Mübarək, Qəddafi kimi pul, mal-mülk düşkünlərinin, var-dövlət manyaklarının bir-birindən acınacaqlı sonunu görmək qazancı var!
Mənim qəzetsatan dostum pul axtarışına çıxdığını, köşkünü buldozer qabağına verilməkdən hələlik yalvar-yaxarla saxladığını deyirdi. O biri yandan da o, alış-verişin azaldığını bildirirdi. Sən demə, çağında istənilən pulu verməyib, buyruğa boyun əyməyənləri Yuxarıdan göstərişlə boykot-bankrot eləyirlər. Düzünə qalsa, boykot-bankrotun özü də buldozer kimidir. Ancaq buldozer adamın evini birdən uçurub-dağıdır, boykot yavaş-yavaş. Hər ikisində sonuc birdir: evsiz-dolanışıqsız qalmaq.
Yenə qəzet almağa getmişdim. Yolu keçməli idim, keçəsi olmadım. Nə görsəm yaxşıdır: mənim dostumun yolun o üzündəki köşkü ilə üzbəüz yolun bu üzünə YENI köşk qoyulub – general köşkü; içi-çölü dopdolu. Yeni köşkün yeni satıcısından o biri köşkün nə olacağını soruşuram, gülə-gülə: “Qalacaq-qalacaq, sonra da çıxıb gedəcək işinin dalınca”, – deyir. Ardınca bunu da bildirir: “Hökumətin qərarıdır: 2013-cü ilədək bütün köşklər müasirləşməlidir”.
Gerçəkdən burası çox gülməlidir: yolun bu üzündəki YENI köşk yolun o üzündə ölüb gedən köşkə gülür. Gülür, axı, bu, general köşküdür. Görəsən, general belə YENI köşklərdən Xocalıya, Ağdama, Şuşaya da qoya bilirmi?!