“London taksiləri”nin planı artır

Narazı sürücülər işdən çıxmaq istəsələr də, onlara əmək kitabçalarını vermirlər

Bakıda xidmət göstərən “London taksiləri”nin sürücülərinə məcburi şəkildə ərizə yazdırırlar. Bu barədə “Azadlıq”a həmin taksilərdən birinin sürücüsü məlumat verib.
Sürücü bildirib ki, “Eurovision” musiqi yarışması ərəfəsində gündəlik plan 20 manata endirilmişdi. Lakin yarışmadan dərhal sonra məbləği 26 manata qaldırdalar. Bu yaxınlarda onlara xəbər verilib ki, planın məbləği bir qədər də artacaq. Bu səbəbdən sürücülərin bir çoxu ərizələrini yazaraq, işdən çıxmaq istəyirlər. Amma “öz istəyimlə işdən çıxıram” ərizəsini yazanlara da əmək kitabçalarını vermirlər: “Deyilənə görə, bunu qiymət artımına görə edirlər. Çünki qiymət qalxanda işçilərin maaşları da qaldırılmalıdır. Indi sürücülərə sənəd üzərində 400 manata yaxın maaş verilir. Bu, yalnız sənəd üzərindədir, ancaq heç bir sürücüyə pul verilmir”.
“Azadlıq”a danışan sürücü onu da qeyd edib ki, ildə bir dəfə sürücülərə köynək verilir. Amma bunun üçün də onlardan 12 manat alınır.
Bundan başqa, sürücülər dayandıqları yerdən asılı olaraq, 5-18 manat pul ödəyirlər.
“Kim deyirsə ki, ”London taksiləri”ni sürənlərin vəziyyəti yaxşıdır, səhv edir. Kənardan yaxşı görünə bilər, ancaq əslində, vəziyyət gündən-günə pisləşir”, – deyə sürücü bildirib.

Ramin