Azərbaycan hökuməti Macarıstana verdiyi diplomatik zəmanəti pozmaqda ittiham olundu
“Ramil Səfərovun əfvi bir dövlətin ərazisində məhkum olunmuş şəxsin cəzasının qalan hissəsini çəkmək üçün başqa dövlətə verilməsini nəzərdə tutan beynəlxalq razılaşmanın ruhuna ziddir”
Avropa Parlamenti ötən gün azərbaycanlı hərbçi Ramil Səfərovun Macarıstandan Azərbaycana verilməsi və burada prezidentin əfv fərmanı ilə azadlığa buraxılmasını müzakirəyə çıxararaq qətnamə qəbul edib.
Qətnamədə deyilir ki, Avropa Parlamenti Azərbaycan prezidentinin “Avropa İttifaqının üzvü olan ölkənin məhkəmələri tərəfindən cəzaya layiq görülmüş” Ramil Səfərovu əfv etmək qərarına təəssüf edir. Avropa Parlamentinin fikrincə, bu qərar Azərbaycan və Ermənistan arasında gərginliyin artmasına səbəb ola bilər. Avropalı parlamentarilər əfv qərarının Azərbaycan və Ermənistan cəmiyyətləri arasında “dinc barışıq proseslərini təhlükə altına atacağından və xalqlar arasında mümkün birbaşa təmaslara mane olacağından” narahatlığını bəyan edir.
Avropa Parlamenti hesab edir ki, Ramil Səfərovun əfvi Məhkum Şəxslərin Transferinə dair Konvensiyaya uyğun olsa da, bir dövlətin ərazisində məhkum olunmuş şəxsin cəzasının qalan hissəsini çəkmək üçün başqa dövlətə verilməsini nəzərdə tutan beynəlxalq razılaşmanın ruhuna ziddir. Sənəddə həmçinin göstərilir ki, Ramil Səfərovun əfvi “Azərbaycanın Macarıstan hakimiyyətinə verdiyi diplomatik zəmanətin pozulmasıdır”.
Qətnamədə “Ramil Səfərovun Azərbaycanda qəhrəman kimi qarşılanması, ona mayor rütbəsi verilməsi və 8 illik maaşının ödənməsindən, onun gələcək nəsillərə qoyacağı nümunədən” narahatlıq da ifadə olunur.
“Azərbaycanın işğal olunmuş ərazilərdə sülh prosesinə nail olunmamasından doğan haqlı məyusluğu nə qisas aktına, nə də onsuz da gərgin və həssas olan vəziyyətdə gərginliyi artıran səmərəsiz provokasiyalara haqq qazandırmır”, – deyə qətnamədə bildirilir.
Sənədə görə, avropalı parlamentarilər Avropa İttifaqı və Azərbaycan arasında hazırda danışılmaqda olan daha yaxın əlaqələr haqqında razılaşmada insan haqları və qanunun aliliyinin qorunmasına dair bəndlərin olması mövqeyini bir daha təkrar edir.
***
Qətnamə ilə bağlı səsvermədə 76 parlamentari iştirak edib. Onlardan 58-i sənədin lehinə, 13-ü əleyhinə səs verib.