Təhsil naziri Əli Həsənovun “Kaspi” Təhsil Mərkəzini qapatmaq istəyir?
Təhsil naziri Misir Mərdanovun repetitorluğa qarşı tədbirlər görüləcəyi barədə bəyanatının arxasında hökumətdaxili ziddiyyətlər dayanır. Bu məlumatı “Azadlıq”a Təhsil Nazirliyindəki mənbə verib. Mənbəninin sözlərinə görə, Misir Mərdanovun əsas məqsədi bu gün Azərbaycan ən iri repetitor mərkəzi olan “Kaspi” Təhsil Mərkəzini sıradan çıxarmaqdır.
“Kaspi” Təhsil Mərkəzi Prezident Administrasiyasının ictimai siyasi şöbəsinin müdiri Əli Həsənova məxsusdur. Əli Həsənov isə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin komandasında təmsil olunur. Təhsil nazirinə qarşı hücumlarda bu komanda daha çox aktivlik nümayiş etdirir. Misir Mərdanov da bu üsulla rəqiblərinə sarsıdıcı zərbə endirməyi düşünür”, – deyə mənbə bildirib.
Mənbənin sözlərinə görə, nazir həmçinin bu sahəni öz nəzarətinə götürmək istəyir.
Xatırladaq ki, Misir Mərdanov Bakının təhsil işçiləri ilə keçirdiyi konfransda repetitorluğun təhsilə ziyan vurduğunu deyib. “Sirr deyil ki, 10-11-ci siniflərdə bir çox valideynlər yalandan guya uşağın məktəbini dəyişir, amma məktəbə qoymur. Müəllimləri evində repetitorluğa cəlb edir, beləliklə, ciddi problemlər yaradır. Bu addımların qarşısını almaq üçün növbəti dərs ilində daha ciddi addımlar atmaq lazımdır. Dəfələrlə demişəm ki, repetitorluğun həm müsbət, həm mənfi tərəfləri var. Dünyanın hər yerində repetitorluq olub və olacaq. Amma repetitorluq təhsilin keyfiyyətinə təsir göstərməməlidir. Bizdə isə etiraf edirəm ki, bu iş məktəbin və müəllimin, bütövlükdə təhsilin nüfuzuna təsir göstərir. Camaatda belə bir fikir formalaşıb ki, repetitor yanına getməyən adam nüfuzlu təhsilə malik ola bilməz. Təhsil sistemində mütləq rasionallaşdırma tədbirləri aparılmalıdır”, – deyə nazir vurğulayıb.
Azad