Partiyanın Gənclər Komitəsi orijinal videomüraciət hazırladı
AXCP Gəclər Komitəsi yeni, orijinal bir kampaniyaya başlayıb. Kampaniya “Hər gəncin evi olsun” devizi altında keçirilir. Bu məqsədlə AXCP GK maraqlı videosüjet də hazırlayıb və yayıb.
Kampaniyanın məqsədini izah edən AXCP GK sədri Əbülfəz Qurbanlı deyib ki, gənclərin ev problemini və mövcud ipoteka şərtlərinin bu problemi həll etməyə imkan ermədiyini diqqətə çatdırmaq istəyiblər: “Azərbaycanda ipoteka siyasəti həyata keçirilir. Lakin ipoteka şərtləri çox ağırdır, gənclərin bu şərtlərlə ev əldə etməsi demək olar ki, mümkün deyil. Buna gerə də, belə bir sosial kampaniyaya başlamaq, gənclərə AXCP-nin ipoteka ilə bağlı təkliflərini çatdırmaq qərarına gəldik”.
Ə.Qurbanlı bildirib ki, İpoteka fondundan bu iş üçün ötən il 20 milyon manat vəsait ayrılıb və cəmi 400 ailə evlə təmin olunub. Ancaq hazırda ölkədə 400 mindən çox evsiz gənc ailə var.
Komitə sədri deyib ki, kampaniya çərçivəsində evsiz gənc ailələrlə bağlı araşdırma aparıblar. Bundan başqa iqtisadçı ekspertlər İlham Hüseynli, Məhəmməd Talıblı və başqaları ilə effektiv ipoteka şərtlərinə dair məsləhətləşmələr olub. O, gələcəkdə başqa tədbirlər də həyata keçirəcəklərini qeyd edib. AXCP GK gəncləri kampaniyada fəal iştiraka çağırır.