Əyyub Kərimov: «Siyasi iradə olmadan nə prokurorluq, nə də DIN sərbəst qərar qəbul edə bilir»
Bir qayda olaraq polisin adı siyasi motivli olaylarda hallanan zaman hakimiyyət tutduğu mövqedən geri çəkilməyərək məsuliyyət daşıyan şəxsləri cəzalandırmağa tələsmir. Amma yanvarın 13-də polis özbaşınalığı nəticəsində döyülərək qətlə yetirilən Elvin Əsgərov və polisin şərləməsinə görə özünə qəsd edən Ramin Məhərrəmovla bağlı hadisələr siyasi motivli deyil. Buna baxmayaraq, hər iki hadisəylə bağlı aparılan araşdırmalar reallığa uyğun deyil.
Ekspert Əyyub Kərimovun sözlərinə görə, E.Əsgərovun ölümü ilə bağlı istər DIN-in, istərsə Çevik Polis Alayının rəhbər şəxslərinin açıqlamaları olsa da, onlarda kifayət qədər ziddiyyətli məqamlar var. E.Əsgərovun hadisəsinin digərlərindən fərqləndiyini deyən Ə.Kərimov vurğuladı ki, ortada ölüm faktının olması burada ciddi araşdırmanın aparılmasını vacib edir: “Azərbaycanda polisin işgəncə verməsi ilə bağlı əvvəllər də ciddi faktlar olub. Onların bir qismi araşdırılaraq, günahkarlar cəzalandırılıb. Amma bu hallarda siyasi iradənin olması vacibdir. Siyasi iradə olmadan nə prokurorluq, nə də DIN sərbəst qərar qəbul edə bilir”.
Ə.Kərimovun fikrincə, baş verən olayda diqqət çəkən daha bir məqam E.Əsgərovun qətli ilə bağlı açılan cinayət işidir. Bu hadisə ilə bağlı polisə müqavimət maddəsi ilə cinayət işi açıldığını deyən Ə.Kərimov vurğuladı ki, gərək ölüm faktı ilə bağlı da cinayət işi açılaydı: “Mən həm polisə qarşı müqavimətin, həm də polis zorakılığının əleyhinəyəm. Amma gərək baş verən neqativ hallar ciddi araşdırılsın. Cinayət işi polisə müqavimət maddəsi ilə açılıb… Nəyə görə ölüm hadisəsi ortada ola-ola buna diqqət yetirilmir? DIN-in nüfuzuna xələl gətirən bu cür hallara aydınlıq gətirilməlidir”.
Hikmət