Sovet İttifaqının ələ düşməz kefi haqda

Natiq Güləhmədoğlu

İndi mənə demək çətindi. Bilmirəm, indi mənim hiss etdiklərimi o vaxtlar sovet təbliğatçıları, insanları duyub ya yox?
Nələri nəzərdə tuturam, açıqlayım.
Sovetin vaxtında onun soyuq müharibə apardığı Qərb dünyasında çəkilən, o vaxtkı ibarələrlə desək, vəhşi kapitalizmi ifşa edən filmləri izləyirəm. Onların çoxu təbii ki, ələ düşən qiymətli qənimət kimi sovetlərdə də tərcümə edilib göstərilib. Yüksək sənətkarlıqla qərb dünyasında insan problemlərini əks etdirən bu filmləri hətta indinin özündə həyəcansız izləmək olmur. Bu filmlər həmin dövlətlərin quruluşuna qarşı insanın içində hirs, üsyan doğrumaq gücündədir. Filmlərdə nümayiş edilən insanların çarəsizliyi, müxtəlif güc orqanların əlində oyuncağa döndərilməsi, mənəviyyat problemi, evsizlik, işsizlik və s kimi şeylər rejissorların, senaristlər istəməsə belə birbaşa “sovet dəyirmanına tökülən su” misalındadır.

Azad cəmiyyətlə belədir, öz qüsurlarını dilə gətirməkdən çəkinməz, hətta bunu hamıdan qabaq özü edər. Nəzərə alaq ki, sovet cəmiyyəti dəmir çəpərlərlə əhatələnmişdi, insanların başqa ölkələrdə nələrin olub keçməsi barədə, real vəziyyət barədə öyrənmək imkanları çox məhdud idi və belə şəraitdə qərbin özünün məhsulu olan bu yaradıcılıq nümunələrinin sovetlər üçün necə əvəzsiz nemət olduğunu təvəssür edirəm. Ancaq nəticə nə oldu? İdeoloji-təbliğati üstünlüyə baxmayaraq Sovet gülüş obyektinə döndərdiyi qərbin qarşısında çökdü, duruş gətirə bilmədi. Bunun müxtəlif səbəbləri var, amma ən başlıca amil odur ki, sovet öz insanını yarada bilmədi, ideyasına sədaqətli qalmadı, korrupsiyaya, yalana qurşandı və s. Qərb isə o tənqid olunan böhranlara düşə-düşə ondlardan güclənib çıxdı, onları gizlətmədi, əksinə vitrinə qoyub müzakirə elədi, nəticə də bəllidir.

İndi sovetlərin təcrübəsin Azərbaycan hakimiyyəti də uğursuz formada kopyalayır və elə düşünür ki, bəxt onların üzünə güləcək. Siz dövlət telekanallarına və mətbuat orqanlarına baxırsınızsa orda qərb dünyası barədə çoxlu tənqidi materallar görə bilərsiniz. Sizə deyim ki, onların heç də hamısı gop deyil. Məsələ başqadır. İş ondadır ki, o tənqidi materalların mütləq əksəriyyətin elə qərb nəşrləri özləri yayır: “euronews”, “cnn”, “bbc” və s kimi informasiya vasitələri hər gün öz cəmiyyətlərindəki onlarla tənqidə layiq hadisələri tapır, onları hazırlayıb auditoriyasına yayır. Bizimkilər də onları kopyalayıb öz təbliğat vasitələrində yayırlar ki, ay haray, baxın Qərb batır, biz isə sabitlik adasında günəş vannası qəbul edirik. Avamları tovlamaq üçün bu bəlkə də yaxşı metoddur, amma xilas üçün qətiyyən. Bir kərəmlik anlamaq lazımdır: Başqalarının bədbəxtliyi hələ bizim üçün avtomatik xoşbəxtlik vəd eləmir. Hələ heç orasına daha toxunmuruq ki, başqasının bədbəxtliyi saydığımız şey doğrudan da bədbəxtlikdimi?

Üstəlik vacib bir detal da var: Sovetlərdən fərqli olaraq, indi ən ucqar kəndində yaşayan azərbaycanlının əlinin altında internet, evində peyk antenası var. Belə imkana sahib şəxs aztvlərdə çox şey görə bilər, amma onun imkanı var ki, heç yatağından qalxmadan Almaniyadan ABŞ-a qədər “aztv”nin lənətlədiyi coğrafiyada yaşayan qohum-tanışına mesaj atıb, “nə var nə yox, əmioğlu” soruşsun, öz həyatı ilə daha dəqiq müqayisələndirmə etsin.

Daha onu da demirəm ki, Sovetin arxasında böyük mütəfəkkirlərin ideyaları, kitabları dayanırdı, onların qərb dünyasında dəstəkləyən gerçək ziyalılar, bütün dünyanın hesablaşdığı qələm adamları, zəka sahibləri vardı? Sənin Siyavuş Novruzovun parlaq intellektindən başqa nəyin var, ya zalım oğlu?