Müxalifətçisənsə, günah səndədir!

Sürücülərə tez-tez deyilən bir söz var: “Içmə, avtomobili içkili sürsən, bir hadisə baş verərsə, günah səndə olmasa da, səni günahkar biləcəklər…”.
Hamı da bu sözə inanır. Hamı da bu sözü bir-birinə deyir. Amma sən demə, içki ilə bağlı bu iddia keçərli deyil, birtəhər sübut edə bilərsən haqqını. Keçərli olan başqa səbəbdir: “Müxalifətçisənsə, yolda bir hadisə baş versə, günahın olmasa da, günahı səndə görəcəklər…”.
Içkili adam nəinki günahkar olmadıqda, hətta günahkar olduqda da min bir zülmə qatlanıb, xərcini çəkib, rüşvətini verib, barışıq yaradıb, dayısını-tanışını işə salıb və s. yollarla qurtula bilir. Reallıq budur. Amma müxalifətçisənsə, günahın olsa da, olmasa da qurtula bilmirsən. Hökm bəllidir: Müxalifətçisənsə, günahkarsan!
Müxalifətçi qızı olan müxalifətçi Nigar Yaqublu məhz belə bir hökmlə, belə bir reallıqla ilə üz-üzədir!
Dünəndən bəri bütün Azərbaycan Nigar Yaqublunun həbsi ilə başqa bir qəzanın analogiyasını axtarır. Mətbuatda çox yazılıb artıq. Bir müddət öncə keçmiş prezident Ayaz Mütəllibovun nəvəsi talesiz bir təsadüfdən 3 piyadanı vurmuşdu, onlar da ölmüşdü. Heç kim də həbs olunmadı. Bu cür hadisələr bir deyil, iki deyil. Amma bilirsinizmi bu analogiyanı niyə apardılar. Çünki hamı bilir ki, Ayaz Mütəllibov indi müxalifətçi deyil, elə başqaları da. Əksinə, günahın Nigarda olduğu sübut edilməyib, ortada şikayətçi belə yoxdur, amma müxalifətçi gənc artıq həbsdədir.
Qanun niyə hər kəsə yeni gözlə baxmır? Kim onun gözünü çaş edib? Təbii ki, ölkəni quldur təfəkkürü ilə idarə edənlər… Onlara ayrı qanun var, xalqa ayrı. Ölkəmizin böyük təzadıdır bu. Bu təzadlar həyatımızı öz ağuşuna almasaydı, sual da yaranmazdı, iddialar da ortaya çıxmazdı, hamı ədalətin hökmünü gözləyərdi, elə hökmün də ədalətli olacağını.
Gəlin statistikaya müraciət edək və təzadları orada da izləyək…
2011-ci ildə yol-nəqliyyat hadisələri zamanı 2890 cinayət hadisəsi baş verib. Bəs bu hadisələrə görə nə qədər adam məhkum edilib? Yəni nə qədər adamın haqqında məhkəmə hər hansı qərar çıxarıb (azadlıqdan məhrum etmə, cərimə, azadlığın məhdudlaşdırılması, şərti həbs cəzası, ictimai işlərə cəlb etmə, islah işləri, vəzifə tutma hüququndan məhrum etmə və s.)?
Deməli, statistikaya görə eyni ildə 2890 cinayət hadisəsinə rəğmən, yalnız 1412 nəfər haqqında məhkəmə hər hansı cəza müəyyən edib. Bura da daxildir bütün növ cəzalar: azadlıqdan məhrum etmə, cərimə, azadlığın məhdudlaşdırılması, şərti həbs cəzası, ictimai işlərə cəlb etmə, islah işləri, vəzifə tutma hüququndan məhrum etmə və s. Statistikada 1412 nəfərdən nə qədərinə həbs, nə qədərinə şərti həbs cəzası verildiyi, neçəsinin cərimə edildiyi və yaxud digər cəzalar aldığı göstərilmir. Bu, cəm şəkildə göstərilib (bax: http://www.azstat.org/publications/azfigures/2012/az/009.shtml).
Amma təzad ortadadır. 2890 cinayət hadisəsi baş verdiyinə baxmayaraq, yalnız 1412 halda kimsə bu hadisələrə görə cəza alıb. Bu, 50 faizdən də azdır. Daxili Işlər Nazirliyinin rəsmi statistikasında isə deyilir ki, 2011-ci ildə cinayət işlərinin açılması “yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmalarında 93,5% -dir” (bax: http://www.mia.gov.az/index.php?/az/content/29793/).
Biz nə qəribə ölkədə yaşayırıq? Hökumətimiz bəyan edir ki, yol-nəqliyyat hadisələri zamanı ötən il 2890 cinayət hadisəsi baş verib, onların 93,5%- açılıb, amma yalnız təxminən 50 faizində günahkar olub. Qalanlarında günahkar sükanlar, təkərlər, mühərrik və pedallarmı olub? Bu hadisələrin qalan 50 faizində günahkar yoxdursa, niyə onlar cinayət sayılır? Yox, o hadisələr də cinayətdirsə, günahkar niyə yoxdur?
Bütün bu təzadların rəsmi olduğu, hətta rəsmi sənədlərdə yer aldığı bir ölkədə müxalifətçinin halını düşünün. Çünki müxalifətçi olmaq özü burada ayrıca ittiham səbəbi sayılır.