Portuqaliya-YAP 3:0

Srağagün Azərbaycanın futbol üzrə millisi Dünya Çempionatının seçmə mərhəlisinin növbəti oyununda Braqada yerli Portuqaliyaya 0:3 hesabı ilə uduzdu. Futboldan azacıq anlayanlar gördülər ki, Portuqaliya oynamırdı, səbəb heç də rəqibin çox zəif olması yox, futbolun yazılmamış qanunlarına komandamızın əməl etməməsi idi. Oyun başlanan kimi millilərimiz 11 nəfərlə(!) müdafiəyə keçdi. Bu, futbola qarşı ən böyük hörmətsizlik sayılır. Bu səbəbdən rəqib portuqallar qəsdən taktikanı dəyişərək təhqiredici oyun tərzinə üstünlük verməyə başladılar. Elə həmin gün reytinqdə bizdən aşağı pillədə qərarlaşan Uels millisi belə, güclü Serbiyadan 6 qol buraxsa da, hücum etdi və şərəf qolunu vurmağa nail oldu. Qayıdaq bizimkilərə, bəli, dünyanın ən güclü komandalarından biri olan portuqallar təkcə ikinci hissədə nə az nə çox, düz 20 dəfə(?) qəsdən topu bizim oyunçulara verdi. Özü də bu “yanlış” ötürmələrin çoxu “Real”ın canlı əfsanəsi… Ronaldodan gəldi. Futbol dilində edilən yalvarışları Potuqaliya qəbul etdi və 3 cavabsız topla kifayətləndi. Bu “məşq”də qapıya yönələn çoxsaylı saymazyana zərbələrin bir neçəsini dəf edən, 3 dəqiq zərbəni isə buraxan qapıçımız Kamran Ağayevin YAPsayağı qəhrəman elan edilməsi isə, təəssüflə deməliyəm ki, analoqu olmayan çarəsizlikdir. Rəqib qapıçı 90 dəqiqə ərzində, demək olar, topa toxunmadı, belə çıxır ki, o antiqəhrəmandır?. Yeri gəlmişkən…
YAP rəsmisi Mübariz Qurbanlının bu yaxınlarda… Mozalan.net (!) saytına müsahibəsində, müxalifətçiləri Azərbaycanın indiki hakimiyyətinin idarəçiliyi dövründə müəyyən xoşagəlməz hadisələrə açıq-aşkar sevinməsindən(!) “üzüldüyünü” bildirir. Sitat kimi, Londan olimpiadasının ilk günlərindəki uğursuzluqlar gətirilir. Mən müxalifət liderlərinin müsahibələrinə yenidən nəzər saldım, hamısı bu uğursuzluğa təəssüf etdiyini və xaricdən gətirilən muzdlu idmançılara bel bağlamağın perspektivsizliyindən danışırdılar. Hətta mən deyərdim ki, rəsmi dövlət qəzeti olan “Azərbaycan”ın baş redaktorunun, eləcə də ayrı-ayrı dövlət və YAP rəsmilərinin reaksiyası daha kəskin oldu.
Məntiqə görə “Mozalan” dakı (!) cümlə belə olmalı idi – “London olimpiadasındakı ilk günlərdəki uğursuzluğa görə müxalifət və bəzi iqtidar və YAP rəsmiləri dövlətimizin inkişafına ”kölgə salmağa” cəhd etdilər”. Hətta Əli Əhmədov da “Azərbaycan” qəzetində bu uğursuzluğu tənqid atəşinə tutmuşdu. Hər iki tərəf, yəni iqtidar və müxalifət bəlkə də 20 il ərzində ilk dəfə idi ki, ortaq məxrəcə gəlirdilər, buna səbəb ölkə idmanının vəziyyəti idi. Alnmadı, qazanılan bir neçə medaldan sonra, qarşı tərəf “fikrini dəyişdi”, oxşar fikirləri səsləndirən müxalifəti ittiham etməyə başladılar…
Daha sonra “məlum oldu” ki, onlar… xaricdən gətirilən idmançıları tənqid ediblər. Müxalifət isə bir az qabağa gedərək onlara milyonları xərcləyən iqtidarı tənqid edib.
Mətbuatı yaxından izləyənlər, yəqin ki, Yaponiya olimpiyaçılarının qarşılanma mərasiminin də şahidi oldular. Öz idmançılarını qarşılamaq üçün Tokionun baş meydanına nə az, nə çox, 500 min nəfər toplanmışdı. Konsert-filan da yox idi, insanlar sadəcə idmançılara sevgi sərgiləmək üçün tələsirdilər.
London yay olimpiadasından dönən Azərbaycan idmançılarının qarşılanma mərasimini yəqin ki, hamı gördü. Təxminən yüz nəfərə yaxın idmançı yaxınları, jurnalistlər, müxtəlif nazirlik işçiləri…
Barak Obama üzgüçü Maykl Felpsə, Londonda 15-ci qızıl medalını qazanması münasibəti ilə göndərdiyi təbrikdə bütün Amerikanın onunla fəxr etdiyini yazmışdı.
Olimpiadada ümumi komanda hesabında 46-sı qızıl olmaqla, 104 medalla lider kimi tamamlayan ABŞ yığmasının tərifi ölkə mətbuatında göylərə qaldırıldı, amma Barak Obamanın idmana “qayğısı” haqda bir kəlmə də olsun danışılmadı.
Azərbaycan xalqının ölkə idmanına biganəliyinin səbəblərindən biri də qazanılan qələbələrindən ölkə iqtidarının təbliğat məqsədi ilə istifadə etməsindədir. Qələbə qazanılan vaxt qayğı qabardılır, məğlubiyyət zamanı isə ya susur, ya da idmançıları tənqid edirlər.
Başqa mühüm faktorlardan biri də qazanılan qələbələrin “bədəl”inin çox ağır olmasıdır. Qazanılan qələbə iqtidarın qələbəsi kimi təqdim olunanda xalq bunu çətinliklə qəbul edir, çünki ölkəni çapıb-talayan rejimlə bilikdə sevinə bilmir, əksinə bu qələbə ilə onların ömürlərinin daha da uzanacağından narahat olur. Bax, bu, günümüzün ən acı reallığıdır…