Ölkənin oliqarxlar arasında bölünməsinin növbəti təsdiqi

Aslan İsmayılov: “Bu cür idarəçilik ölkəyə böyük problemlər yaradacaq”

Quba hadisələri zamanı gərginliyi azaltmaq, əhalini sakitləşdirmək üçün rayona Nəqliyyat naziri Ziya Məmmədov göndərilmişdi. Həmin vaxt Z.Məmmədovun ara sakitləşənə qədər Qubada qalması, rayon camaatını təsəlli etməsi, onlardan keçmiş icra başçısı Rauf Həbibovun əvəzinə dəfələrlə üzr istəməsi elə Qubada baş verənlər qədər müzakirəyə səbəb olmuşdu.
Əlbəttə ki, tək qubalılar yox, elə bütün ölkə əhalisi yaxşı bilirdi ki, Ziya Məmmədov Qubanın qeyri-rəsmi sahibidir və bu rayon onun kurasiyasına verilib. Insanları təəccübləndirən məqam o idi ki, regionların ayrı-ayrı oliqarxlar tərəfindən bölüşdürüldüyü və onların nəzarətinə verildiyi açıq şəkildə etiraf olunurdu.
Çox keçmədi ki, eyni vəziyyət Azərbaycanın şimal-qərb bölgəsində təkrarlandı. Bugünlərdə prezident Ilham Əliyevin Qəbələ-Zaqatalaya səfəri zamanı demək olar ki, eyni mənzərə yaşandı. I.Əliyevin Zaqatala hava limanında qarşılanmasından tutmuş, iştirak etdiyi açılış mərasimləri və digər tədbirlərə qədər hər yerdə Kəmaləddin Heydərov da var idi. Niyə məhz Heydərov? Axı, o, bu rayonların nə icra başçısı, nə də deputatıdır. Heydərovun orada fövqəlnazir kimi iştirak etdiyini iddia etmək də yersiz olar. Deməli, Azərbaycanın iri məmurlar arasında bölüşdürüldüyü artıq açıq şəkildə nümayiş etdirilir və bundan ölkə rəhbərliyi də ehtiyat etmir.
Hüquqşünas Aslan Ismayılov baş verənlərin heç kimə sirr olmadığını deyir: “Yaxşı bir atalar sözü var ki, görünən dağa nə bələdçi. Bunu 9 milyonluq əhali bilir ki, Azərbaycan oliqarxlar arasında bölünüb. Indi adını kuratorluq qoyublar. Hər bölgənin öz kuratoru var. Hamıya bəlli olduğu üçün sadalamaq istəmirəm ki, hansı rayonun sahibi hansı məmurdur. Qubada böyük və təhlükəli iğtişaş baş vermişdi. Mən etirazın, insanların öz fikirlərini ifadə etmələrinin tərəfdarıyam. Hesab edirəm ki, aksiyalar, nümayişlər bir ifadə formasıdır və bu belə də olmalıdır. Lakin bu bir iğtişaşdırsa, ora ya Daxili işlər naziri, ya da Baş prokuror getməli idi. Ziya Məmmədovun getməsi o demək idi ki, Qubanın naziri də, prokuroru da Ziya Məmmədovdur. Indi Kəmaləddin Heydərovla bağlı da eyni mənzərə yaranıb. Bütün bunlar o deməkdir ki, Azərbaycan qanunlarla idarə olunmur”.
A.Ismayılov bu cür idarəçiliyin ölkəyə böyük problemlər yaradacığını deyir: “Hələ ki, yaratmayıb. Amma ona doğru gedirik”.