Hakimiyyət müxalifətçi xanımdan qisas alır
Müsavat Partiyasının üzvü, partiya başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu həbs edilib. Dünən Abşeron Rayon Məhkəməsi N.Yaqublu barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) təqsirləndirilir.
Həmin maddə üzrə üç ilədək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Istintaqı Abşeron Rayon Polis Şöbəsi aparır.
Həbs Müsavat Məclisinin üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də Bakıda, Hökməli dairəsində baş verib. Avqustun 27-də Baş Dövlət Yol Polis Idarəsinin müstəntiqi Rafiq Həsənov demişdi ki, hadisə A.Acalovun idarə etdiyi “Peugeot-206″ markalı avtomaşının yolun əks zolağına çıxması nəticəsində baş verib. A.Acalovun maşını Ağcabədi rayon sakini Sadiq Xəlilovun idarə etdiyi ”KAMAZ” markalı avtomaşınla toqquşub.
Daxili Işlər Nazirliyinin mətbuat xidməti isə məlumat verib ki, A.Acalovun avtomobilini N.Yaqublu idarə edib və yol-nəqliyyat hadisəsi onun təqsiri üzündən baş verib. Üstəlik N.Yaqublunun sürücülük hüququ olmayıb.
“Bu siyasi sifarişdir”
T.Yaqublu isə baş verən olayı siyasi sifariş adlandırıb: “Sadəcə hakimiyyət Nigar Yaqublunun o maşında olmasından istifadə edir. Hansı yol nəqliyyat hadisəsinə görə indiyə qədər həbs-qətimkan tədbiri seçilib? Mən qətiyyən narahat deyiləm. Bilirəm ki, həqiqət öz yerini tapacaq”.
T.Yaqublu qəzetimizə açıqlamasında onu da deyib ki, o, Nigarın sükan arxasında olub-olmadığı barədə açıqlama verməyib və bu məsələnin məhkəmədə araşdıralacağını bildirib: “Mənim iradım bu həbsə zərurət olmadığı və qərarın siyasi sifariş olduğu ilə bağlı olub”.
Vəkili Osman Kazımov N.Yaqublunun həbsinin ədalətsiz olduğunu vurğulayıb: “Onun ittiham olunduğu maddə ilə həbs-qətimkan tədbirinin seçilməsi tam absurddur. DIN-in bu iddiaları həqiqətə uyğun deyil. Nigar Yaqublu istintaqa ilk dəfə sentyabrın 4-də çağırılıb və həmin gün ifadə verib. Ikinci dəfə sentyabrın 7-də çağırılıb. Ancaq müstəntiq işdə olmadığından ifadə verə bilməyib”.
Müsavat Partiyası bəyanat verdi
Dünən Müsavat Partiyası bu qurumun gənc üzvü Nigar Yaqublunun həbs olunması ilə əlaqədar bəyanatla çıxış edib: “Istintaq orqanı hərtərəfli araşdırma və təhqiqat aparmadan avtomobil qəzasının törədilməsində Nigar Yaqublunu günahkar sayır. Abşeron Rayon Məhkəməsi Azərbaycan məhkəmə təcrübəsində çox nadir hallarda rast gəlinən bir qərar çıxarıb. Nigar Yaqublu haqqında iki aylıq həbs-qətimkan tədbiri seçilib. Bu, təkcə humanizm prinsiplərinə zidd bir qərar deyil, həm də az ağır cinayətlər törədildikdə həbs- qətimkan tədbirinin seçilməsi praktikasının məhdudlaşdırılması barədə Ali Məhkəmə Plenumunun Avropa Konvensiyasına uyğun qəbul etdiyi qərarına ziddir. Ölkənin Baş prokurorunun da belə hallarda həbs qətimkan tədbirinin seçilməsindən az istifadə olunması ilə bağlı xüsusi göstərişi var”.
Müsavat Partiyası əmin olduğunu bildirir ki, ölkə rəhbərliyi, hüquq-mühafizə orqanları qanunçuluğu, ictimai rəyi, N.Yaqublunun gəncliyini nəzərə alaraq məhkəmənin yanlış qərarının dəyişdirilməsi, gənc qızın dərhal azadlığa buraxılması yönündə təxirəsalınmaz və təsirli tədbirlər görəcək(Mediaforum).
AXCP etiraz edir
Dünən N.Yaqublunun həbsinə AXCP-dən də reaksiya gəlib. Partiyanın sədr müavini Gözəl Bayramlı baş verənləri hakimiyyətin Yaqublu ailəsindən qisas alması kimi qiymətləndirib: “Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı – gənc və fədakar mübarizə dostumuz Nigar Yaqublunun həbs olunmasının kökündə siyasi motivlərin olduğu şəksizdir. Belə olmasaydı, heç bir ehtiyac olmadan istintaq gedən müddətdə onun barəsində həbs-qətimkan tədbiri seçilməzdi. Rejim Yaqublu ailəsindən qisas almaq üçün onsuz da fürsət axtarırdı. AXCP bu həbsi qətiyyətlə pisləyərək, hakimiyyətdən Nigar Yaqublunu tezliklə azad etməyi tələb edir”.
Ictimai Palatadan da reaksiya gəldi
Ictimai Palatanın Koordinasiya Şurası da bəyanat yayaraq N.Yaqublunun həbsini üzüntü ilə qarşıladığını bəyan edib: “Bu, Azərbaycan təcrübəsində bir ilkdir. Odur ki, gənc xanım Nigar Yaqublu haqqında bu qərarın verilməsinin siyasi motivli olması şübhəsizdir. Ictimai Palata ölkə rəhbərliyinə və hüquq-mühafizə orqanlarına müraciət edərək xalqımızın əxlaqi-mənəvi dəyərlərinin, Nigar Yaqublunun gəncliyinin nəzərə alınmasını onun haqqında həbs-qətimkan tədbirinin dəyişdirilməsini xahiş edir”.
Ziyalı xanımlar prezidentə və Baş prokurora müraciət etdilər
Azərbaycanın bir qrup ziyalı xanımı prezident Ilham Əliyevə və baş prokuror Zakir Qaralova müraciət qəbul edib. Müraciəti 20-dən çox xanım (Gözəl Bayramlı, Zümrüd Yağmur, Arifə Hüseynli, Səadət Cahangir, Məlahət Mürşüdlü, Aynur Imranova, Vəfa Cümşüdlü və başqaları) imzalayıb.
Azərbaycanın humanist və mənəvi dəyərlərini əsas tutan müraciət müəllifləri dövlət başçısından və Baş prokurordan xahiş edirlər ki, N.Yaqublunun gənc fəal olması, ictimai təhlükə yaratmaması, daimi yaşayış yerinin bəlli olması, adının belə bir hadisədə ilk dəfə hallanması və hadisədən doğan psixoloji vəziyyəti nəzərə alınsın və onun barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv olunsun: “Təminat veririk ki, istintaq müddətində Nigar Yaqublu ölkədən çıxmayacaq, istintaqın bütün çağırışlarında iştirak edəcək”.
Dünən axşam saatlarında DIN məsələyə münasibət bildirərək N.Yaqublunun günahsız olması və guya siyasi sifariş əsasında həbs edilməsi ilə bağlı iddiaların həqiqətə uyğun olmadığını bildirib: “Nigar Yaqublu törətdiyi konkret cinayət əməlinə görə məsuliyyətə cəlb edilib. Nigar Yaqublu dəfələrlə üzrsüz səbəbdən istintaqdan yayınıb. Nigar Yaqublu Abşeron rayon Məhkəməsində nəqliyyat vasitəsini özünün idarə etdiyini səmimi etiraf etməklə yanaşı, sürücülük vəsiqəsinin olmamasını və Aydın Acalovun ona avtomobil sürməyi öyrətdiyini bildirib”.
Nigar Yaqublu Istintaq Təcridxanasına köçürüldü
Dünən N.Yaqublu Abşeron təcridxanasından Bakı Istintaq Təcridxanasına köçürülüb. Vəkili Nemət Kərimli bildirib ki, o, Nigar xanımla görüşüb və səhhətinin, əhval-ruhiyyəsinin qaydasında olduğunu görüb. N.Yaqublu vəkilə bildirib ki, özünü yaxşı hiss edir, ruh düşgünlüyünə qapılmayıb və hər şeyin yaxşı olacağına inanır.
N.Yaqublunun müdafiəsinə daha iki vəkil – Adil Ismayılov və Aslan Ismayılov da qoşulub.
“24 yaşlı qızı türməyə göndərənlərin balaları yoxdurmu?”
A.Ismayılov “Azadlıq”a açıqlamasında bildirib ki, iş materialları ilə tanış olmadığından hələ N.Yaqublunun günahının olub-olmaması barədə fikir yürütmür. Bununla belə, seçilmiş həbs qərarırın qanunsuz olduğunu hesab edir: “Yerli qanunvericilikdə bu qərarın verilməsinin əsasları var. Ya adam istintaqdan gizlənir və ehtimal var ki, yayına bilər. Ya da iş üzrə şahidlərə təsir göstərir. Bu halların heç biri yoxdur. Mən çoxillik təcrübəm dövründə öz qohumu zərərçəkən olan işdə təqsirləndirilən şəxs barədə həbs-qətimkan tədbirinin seçildiyini görməmişəm. Ortada şikayətçi yoxdur, bu, ehtiyatsızlıqdan olan cinayət işidir. Bu qərar niyə seçilib, bu mənə aydın deyil. Bu yaxınlarda keçmiş prezident Ayaz Mütəllibovun nəvəsi avtoqəza törətmişdi. O da gənc idi və qəza ikidən artıq adamın ölümü ilə nəticələnmişdi. Onun haqqında həbs qərarı seçilmədi. Bu ayrıseçkilik nəylə bağlıdır? Ona görə ki, Nigarın atası müsavatçıdır? Bu, həm də əxlaq problemidir. 24 yaşlı qızı türməyə göndərənlərin balaları yoxdurmu? Onlar ata deyillərmi? Ata kimi qızın həbsə atılmasının nə demək olduğunu anlayırlarmı? Mən ümid edirəm ki, bu bir yanlışlıqdır. Və bundan nə daxili işlər nazirinin, nə Baş prokuororun, nə də Ali Məhkəmə sədrinin xəbəri var. Əgər təcili bu yanlışlığı düzəltməsələr, demək xəbərləri var və bu haqsızlığa birbaşa onlar yol verirlər.
Bunu edənlərə bir şey deyirəm – yaddan çıxarmasınlar ki, onların da balaları var”.