48 milyard məsələsinə aydınlıq gətirilmir

ADP sədrinin MTN-ə müraciəti cavabsız qalıb

Bir müddət əvvəl Ingiltərənin “Tax Justice Network” qeyri-hökumət təşkilatının hesabatında Azərbaycanla bağlı bölümdə 1993-2010-cu illərdə ölkəmizdən gizli və oğurluq yollarla 48 milyard dollar vəsait çıxarıldığı əks olunmuşdu. Bu məsələ Azərbaycan cəmiyyətində də birmənalı qarşılanmadı və geniş müzakirələrə səbəb oldu.
Bir neçə gün əvvəl isə ADP sədri Sərdar Cəlaloğlu bununla bağlı milli təhlükəsizlik naziri Eldar Mahmudova məktub göndərib. Məktubda hesabatda Azərbaycanla bağlı əks olunan bu faktlar ölkəmizin iqtisadi təhlükəsizliyini ciddi təhdid edən hal kimi dəyərləndirilir və bu faktın araşdırılması, oğurluq faktında iştirak edən fiziki və hüquqi şəxslərin məsuliyyətə cəlb edilməsi və ölkədən oğurlanan 48 milyardın geriyə qaytarılması imkanları istiqamətində təxirəsalınmaz tədbirlər görülməsi tələb edilirdi.
Müraciətlə bağlı hər hansı cavabın olub-olmadığını öyrənmək üçün Sərdar Cəlaloğluna müraciət etdik.
MTN-dən müraciətinə cavab almadığını deyən ADP sədri bu addımını siyasi gediş kimi qiymətləndirdi. Bu səbəbdən də cavab üçün növbəti dəfə müraciət etməyəcəyini bildirdi. Çünki bu, daha çox siyasi effektdə hesablanmış müraciət idi.

Fizzə