Hüquq müdafiəçisi Oqtay İsgəndərli Ziya Məmmədova məktubunda nələri yazıb?
“Rauf Həbibovun Qubada etdiklərini, Mənsur Məmmədov Göyçayda edir”
Demokratiya və Vətəndaş Cəmiyyətinin Inkişafina Kömək Ictimai birliyinin sədri, hüquq müdafiəçisi Oqtay Isgəndərli nəqliyyat naziri Ziya Məmmədova qəzetimiz vasitəsiylə müraciət edir. Müraciətin müəllifi doğulduğu rayonda bir neçə problemi dilə gətirərək bu işdə onu günahlandırır.
Rauf Həbibovu Ziya Məmmədov niyə müdafiə etmək zorundadır
Hüquq müdafiəçisi yazır ki, bu ilin mart ayının 1-də Qubada baş vermiş hadisə ilə bağlı rayonun keçmiş başçısı Rauf Həbibovun Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinə verdiyi ifadə mətbuat vasitəsi ilə ictimaiyyətə bəlli oldu: “Istintaq Rauf Həbibovu 2012-ci il martın 1-də Qubada baş vermiş hadisələrə görə zərərçəkən kimi tanıyıb. Olaya görə 30-dan çox şəxs məsuliyyətə cəlb olunub. Sözsüz ki, məsuliyyətə cəlb edilmiş 30 nəfərin əksəriyyətini məhkəmə azadlıqdan məhrum edəcək. Mənim müraciətimin əsas məqsədi Qubada yaşanmış olayın baş verməsinin hüquqi məntiqi nəticələrini sizə və xalqa açıqlamaqdır. Quba rayonunda yerli əhalinin qəzəb və hiddətinə səbəb olan, sonluğu yerli sakinlər üçün faciə ilə bitən hadisələrin bu gün Göyçayda da təkrarlanması üçün ilkin ictimai şərtlər reallaşıb. Bu gün məhkəmə prosesində 30 nəfər Quba sakini ittiham olunan şəxslər kimi dəmir barmaqlar arasındadır. Əslində dəmir barmaqlar arasında, Rauf Həbibov və Ziya Məmmədov, siz oturmalısınız. Çünki heç kimə sirr deyil ki, Göycay, Ucar, Zərdab, Quba, Mingəçevir və başqa bir neçə rayon sizin kurasiyanızdadır. Hüquq elmində belə bir anlayış var: ”Cinayətin baş verməsinə səbəb olan amillər”. Ziya Məmmədov, hamıya gün kimi aydındır ki, Rauf Həbibov icra başçısı olmazdan öncə sizə məxsus tikinti şirkətinin işlərinin icrası ilə məşğul idi. Onun icra başcısı təyin olunmasına nail oldunuz. Rauf Həbibovun icra başcısı təyin olunması hansı zərurətdən irəli gəlirdi? Bəlkə onun yüksək istedadı, bacarığı, düşüncəsi, savadı, bəlkə xalqa təmənnasız xidmət etmək arzusu sizi buna məcbur etdi? Yox, yox, min kərə yox. Məqsədinizə çatmaq naminə bunu etdiniz və sonu faciə ilə bitdi. Bu faciədən qurtulmaq ücün kurasiyanızda olan Mingəçevir rayonun başçısı Mübariz Ağayevin tələm-tələsik Qubaya başçı gətirilməsinə nail oldunuz. Məlum məsələdir ki, Qubanı ələ keçirmək uğrundan siz və başqa oliqarxlar arasında kəskin mübarizə getdi və sonda yenə də sizin kurasiyanızda oldu. Rayonun Qəşiş kəndində 30 hektara yaxın ərazidə sizə məxsus gözoxşayan malikanəniz var. Bu villanın tikintisi üçün sizə Rauf Həbibov lazım idi. Ona görə də bu gün istintaq onu zərərçəkən kimi tanıyır. Çünki onun sizin üçün etdiklərini unutmamısınız. Rauf Həbibova camaatı təhqir etməsinə kim haqq verib? Müttəhimlər kürsüsündə əyləşmiş insanların və bütüvlükdə Qubanın 100 minlik əhalisinin mənəviyyatını alçatmaq nə dərəcədə doğrudur? Onun seyfindən çıxan 4 milyon manat haradandır? Hardan qazanıb bu pulları? Bu pullar kimə çatdı? Bu suallar cavabını gözləyir. Əfsuslar olsun, siz və təmsil olunduğunuz hakimiyyət bu suallara cavab vermək qüdrətində deyil. Bu gün siz Rauf Həbibovu müdafiə etmək zorundasınız. Çünki bu sistem zəncirvari bir-birinə bağlıdır. Biri həbs edilərsə, bütün əməllər faş olunacaq”.
“Mənsur Məmmədovun bu hərəkətlərinə kim haqq verib?”
Hüquq müdafiəçisi müraciətində qeyd edir ki, Qubadakı olaylar hər an Göyçayda da baş verə bilər: “Göyçay və ölkə əhalisi də bilir ki, rayonun icra başçısı Mənsur Məmmədov sizin xalanız oğludur. Onun bu vəzifəyə mərhələ-mərhələ adlaması sizin sayənizdə mümkün olub. Mənsur Məmmədov kimdir? O, əmək fəaliyyətinə Ucar rayonunda başlayıb. Mənsur Məmmədov Ucar rayonunda kənd bələdiyyəsində işlədikdən sonra indiki vəzifəsinə sahib olmaq üçün əvvəlcə rayonun Rabitə və Poçt şöbəsinə müdir təyin olunur. Orada necə işləyir? Işlədiyi müddətdə ona qarşı ağır maddələrlə cinayət işi başlanılır. Ancaq bunun qarşısını alırsınız və az sonra Zərdab rayonun icra başçısı vəzifəsinə təyin olunmasını təmin edirsiniz. Bəs Zərdabda necə işləyir? Mətbuatdan məlum olduğu kimi Zərdab rayonunda məsul vəzifədə işləyən səhiyyə işcisini onun marağını təmin etmədiyi üçün həbslərlə hədələyir. Həmin işçinin çox keçmədən ürəyi partlayır və ölür. Bəs bunun məsuliyyətini kim daşıyacaq? O cəzalandırlmaq əvəzinə əksinə, daha ”yağlı” bir ünvana – 2008-ci ildə Göyçaya icra başçısı təyin olunur. O, rayona gələn kimi özündən əvvəlki icra başçısının əhaliyə verdiyi “şitilxana” adlanan sahədə sakinlərin sənədlərində yaranmış problemdən sui-istifadə edərək hər sota görə 5 min manat tələb edir. Ancaq həmin dövrdə hüquq müdafiəçilərinin işə qarışması və mətbuata prolemin çıxarılması prosesi dayandırdı. Şəhərin mərkəzində Heydər Əliyev prospektində səkini qısaltmaqla tikinti işləri apardı. Heydər Əliyev Mərkəzinin tikintisi adı altında iş adamlarından tutmuş xadimələrə qədər hər kəsdən pul yığdırdı. Smeta dəyəri 2 milyon olan mərkəz üçün 5 milyon manatdan çox pul yığıldı. Bu 3 milyon hara getdi? Bu işləri görən, Zərdab rayonundan Göyaçaya başçı təyin olunan zaman gətirdiyi və qısa müddətdə rayonun Yaşıllaşdırma Idarəsində işə düzəldilən Elsevər adlı şəxs 300 min manat pulu ondan gizlətdiyi üçün işdən çıxarıldı. Bəs qalan pullar hara getdi? Bütün bu proseslər Bayraq Meydanının tikintisində də özünü büruzə verdi. Üstəlik, Bayraq Meydanına bitişik sahədə satış məqsədi üçün nəzərdə tutulan qadın paltarları dükanı tikdirir. Indi Göyçay şəhidlərinin abidəsi olan yeri mərkəzdən 4-5 km uzaq məsafəyə köçürür. Rayonun Uşaq Xəstəxanasının 7 hektar ərazisi yaxın adamının adına özəlləşdirilib, internat sahəsinin həyəti bir məmura satılıb. Bu gün Göyçay xaraba qalmış rayonlar arasında birinci yerdədir. Qubada olduğu kimi burada da balıqçılıq gölünün və villanızın mühafizəsi icra başçısına tapşırmısınız. Ziya Məmmədov bütün bu işləri sizin xalanız oğlu olan icra başçısı Mənsur Məmmədov edir. Bir gün Qubada baş vermiş olaylar Göyçayda da olacaq və daha da pis. Indidən öz mülklərinizi “qoruyun”, cənab nazir”.
Ramin DEKO