İlham Əliyevin üçüncü prezidentliyinə imkan verməyəcəyik

Pənah Hüseyn: “Bu məsələni yalnız Ictimai Palata deyil, başqa ictimai təşkilatlar, hüquqşünslar da irəli sürüb”

Fuad Qəhrəmanlı: “Cəmiyyətin bütün aktiv qüvvələri bu məsələdə ortaq mövqe nümayiş etdirməlidir”

Ictimai Palata son sessiyasında seçki ilə bağlı sənəd qəbul edib və əsas diqqət Ilham Əliyevin üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürməsi məsələsinə yönəlib. Qurumun qəbul etdiyi sənəddə deyilir ki, Azərbaycan xalqının özünə hörmət edən hissəsi Ilham Əliyevin hansısa konstitusiya manipuliyasiyaları ilə üçüncü dəfə namizəd olmasına, yenidən hakimiyyəti bir ailənin qəsb etməsinə razı olmamalıdır.
Kimlər özündə güc tapıb, doğrudan da Azərbaycanın xilası, Ilham Əliyevin antikonstitusion addımının dayandırılması üçün bir araya gəlcəksə, IP onların hamısı ilə birgə yola davam etməyə hazırdır. Bəs Ilham Əliyevin üçüncü dəfə namizədliyini irəli sürməsinin qarşısını almaq üçün hansı addımların atılması nəzərdə tutulur?
Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn Ilham Əliyevin 2013-cü il prezident seçkilərində namizəd kimi iştirak etməməsi istiqamətində addımların Ictimai Palatanın 2012-ci il üçün qəbul etdiyi fəaliyyət proqramına daxil olduğunu deyir. Məsələnin ictimailəşdirilməsi, o cümlədən belə bir tələbi ölkədə fəaliyyət göstərən siyasi partiyalar, ictimai təşkilatların da dəstəkləməsini təmin etmək istiqamətində istər təbliğati, istərsə də təşkilati işlər aparılır.
P.Hüseynin sözlərinə görə, bu məsələni yalnız Ictimai Palata deyil, başqa ictimai təşkilatlar, hüquqşünslar da irəli sürüb. Ilin sonuna qədər isə Ictimai Palata bu istiqamətdə bir sıra tədbirlərin keçirilməsini nəzərdə tutub. Bu sırada kütləvi aksiyaların və mitinqlərin də keçirilməsi gözlənilir.
Ictimai Palata üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Ictimi Palatanın Ilham Əliyevin yenidən prezident seçkisində namizəd kimi iştirak etməməsi ilə bağlı konkret mövqeyinin olduğunu deyir. Qurum bütün demokratik prosedurlardan istifadə edərək ölkə başsının yenidən seçkilərə qatılmasının qarşısını almağa çalışacaq. Bunun üçün ilk növbədə Azərbaycan cəmiyyətinin ictimai müqavimətinin formalaşması üçün ictimai etirazlar nəzərdə tutulub. F.Qəhrəmanlının sözlərinə görə, cəmiyyətin bütün aktiv qüvvələri bu məsələdə orta mövqe nümayiş etdirməlidir. Ictimai Palatanın qarşıdakı hədəflərindən biri məhz belə bir platforma formalaşdırmaqdır. Digər istiqamətlərdən biri isə qarşıda keçirilməsi nəzərdə tutulan kütləvi aksiyalarda bu məsələnin gündəliyə gətirilməsi və etirazın ifadə olunmasıdır.
AXCP sədrinin müavini seçki kampaniyası yaxınlaşdıqca müəyyən addımların da atılmasının nəzərdə tutulduğunu bildirdi. Bu sırada beynəlxalq birlikdə Ilham Əliyevin üçüncü dəfə namizədliyini irəli sürməsinə qarşı birmənalı münasibət formalaşması da durur.

Fizzə