” Demokratiya və mətbuat azadlığı məsələləri diqqət mərkəzimizdədir”

morninqstar-brifinqABŞ-ın yeni səfiri media ilə görüşdə mühüm mesajlar verdi

ABŞ-ın Azərbaycanda yeni səfiri Riçard Morninqstar Bakıya gəldiyi iki həftədən sonra, bazar ertəsi öz iqamətgahında mətbuat konfransı keçirib.Tədbirə ölkənin bir çox aparıcı KIV-lərinin rəhbərləri və əməkdaşları dəvət edilib. Səfir şəxsən iştirak edənlərin hər biri ilə görüşərək tanış olub. Daha sonra diplomat ikitərəfli münasibətlərə baxışı və prioritetləri barədə danışıb, sonra isə jurnalistlərin suallarını cavablandırıb.
Fəaliyyətinin prioritetləri arasında o, təhlükəsizlik, energetika, demokratiya və insan hüquqları məsələlərini qeyd edib. Uzun müddət energetika məsələləri ilə məşğul olduğunu qeyd edən səfir vurğulayıb ki, bu, başqa məsələlərə daha az diqqət yetiriləcəyi demək deyil.
“Qarabağ tənzimlənməsi, demokratiya və mətbuat azadlığı məsələləri diqqət mərkəzimizdədir”, deyə səfir bildirib. Ramil Səfərovun ekstradisiyası və əfvi ilə bağlı vəziyyətə toxunan səfir qeyd edib ki, Dövlət Departamentinin bu məsələ ilə bağlı narahatlığını bölüşür və Vaşinqtonun tərəflərə sabitliyi poza biləcək addımlardan uzaq durmaq çağırışına qatılır. “Biz cəlb olunmuş tərəflərlə müntəzəm əlaqələr saxlayırıq və hadisələrin neqativ inkişafının qarşısını almaq üçün əlimizdən gələni edirik”, deyə səfir bildirib.
O, Dövlət Departamentinin Səfərovun əfvinin Qarabağ münaqişəsinin tənzimlənməsinə şərait yaratmadığı barədə mənfi qiymətləndirməsini təkrar edib.
ASALA terror təşkilatının azərbaycanlı diplomatlara qarşı hədələrini necə qiymətləndirdiyi barədə suala cavabda Morninqstar deyib ki, bu hədələrin həyata keçirilməməsi üçün mümkün olan hər şey edilir.
Demokratiya və söz azadlığı haqqında suala cavab verən səfir bildirib ki, ABŞ bundan sonra da müstəqil KIV-i, Azərbaycanda hüquqların müdafiəsini dəstəkləyəcək. “Bu məsələlər təhlükəsizlik və energetika məsələləri ilə birlikdə prioritet təşkil edir”, deyə o qeyd edib.
Diplomat həmçinin vurğulayıb ki, uzun müddət energetika məsələləri ilə məşğul olmasına baxmayaraq, demokratiya və mətbuat azadlığı sahəsində vəziyyət barədə kifayət qədər məlumatı var.
Konqresmen Den Rorabaxerin Cənubi və Şimali Azərbaycanın birləşməsini dəstəkləmək zərurəti haqqında bəyanatını şərh edən Morninqstar qeyd edib ki, bu, onun şəxsi fikri idi. “Rorabaxer də daxil olmaqla, hər kəs öz fikrini bildirə bilər. Vaşinqtona gəlincə, Iranın dövlət sərhədlərinə hörmət edirik”, deyə səfir bildirib.
Transxəzər qaz kəmərinin tikintisi perspektivləri haqqında suala cavab verən Morninqstar deyib ki, bu mövzu diqqət mərkəzində qalmaqdadır və ABŞ bu layihəni dəstəkləyir.
Onun həyata keçirilməsi Türkmənistan və Azərbaycanın iradəsindən və istəyindən asılıdır.
O, həmçinin Avropa Ittifaqının bu layihəni dəstəkləməkdə maraqlı olmasını alqışlayıb. Əvvəlki səfir Brayza kimi hakimiyyət və müxalifət arasında dialoq qurub-qurmayacağı barədə suala Morninqstar müsbət cavab verib. “Biz bu prosesi birmənalı olaraq dəstəkləyəcəyik və öz tərəfimizdən əlimizdən gələni edəcəyik”, deyə o bildirib.