Dustaqlar dözülməz vəziyyətə görə ayağa qalxıblar; Kalona qoşun yeridilib
14 saylı cəzaçəkmə müəssisəsində məhkumların qiyamı baş verib. Bu barədə “Azadlıq”a Penitensiar Xidmətə yaxın mənbə deyib.Məlumatda bildirilir ki, məhbuslar cəzaçəkmə müəssisəsindəki dözülməz şəraitə, eləcə də müəssisə rəhbərliyi və əməkdaşlarının kobud rəftarına etiraz ediblər. Vəziyyətin nəzarətdən çıxdığını görən müəssisə rəhbərliyi yuxarı instansiyaya müraciət edib və nəticədə ora qoşun hissələri yeridilib. Bundan sonra qiyamı yatırmaq mümkün olub. Bu olaydan sonra məhkumların bir qisminin cəzalandırıldığı bildirilir.
Bununla belə, məhbusların etirazı hələ də davam edir. Mənbənin sözlərinə görə, onların bir qismi hələ də etiraz əlaməti olaraq, qida qəbulundan imtina edib.
Dustaqlardan birinin qohumu “Azadlıq” radiosuna deyib ki, sentyabrın 9-da həbsxanaya baş çəkəndə onları yaxına buraxmayıblar, həbsxanadan təxminən 150 metr uzaqda saxlayıblar. Onlar həbsxana qarşısında bir neçə təcili yardım maşını gördüklərini deyiblər.
Bir neçə şahid həbsxana yaxınlığında qara maskalı əməliyyatçıları gördüyünü, hadisə yerinə xüsusi itlər gətirildiyini bildirib.
Dustaqların qohumları 20-dən çox məhbusun həbsxanadan aparıldığını bildirib. Həbsxana nəzarətçilərindən biri xəbəri “Azadlıq” radiosuna nə təsdiq, nə də təkzib edib.
Penitensiar Xidmət Idarəsinin mətbuat xidmətindən isə bildirdilər ki, 14 saylı müəssisədə sakitlikdir, orada heç bir hadisə baş verməyib.
Məlumatı dəqiqləşdirmək üçün Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqovla əlaqə saxlamağa cəhd göstərsək də, onun telefonu söndürüldüyündən olayla bağlı rəsmi mövqe öyrənə bilmədik.
14 saylı cəzaçəkmə müəssisəsində əsasən az ağır cinayətlərə görə məhkum olunan, eləcə də ilk dəfə məhkumluq həyatı yaşayan şəxslər saxlanılır. Buna baxmayaraq, bura penitensiar sistemdə məhbuslar üçün ən ağır müəssisələrdən biri kimi tanınır. Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində, daş karxanalarının yaxınlığında yerləşən 14 saylı cəzaçəkmə müəssisəsi küləkli havada vəziyyət dözülməz olur. Karxanın bütün toz-torpağı müəssisənin həyətinə dolur.
Işgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov “Azadlıq”a bildirib ki, Penitensiar Xidməti tənqid etdiyi üçün o, artıq cəzaçəkmə müəssisələrinə buraxılmır. Bununla belə Elçin Behbudov “zonlarda” monitorinq aparan vaxtlarda 14-cü kalonda da olduğunu bildirib. Onun sözlərinə görə, bu kaloniyada vəziyyət o qədər ürəkaçan deyil: “Bu kaloniya sovet vaxtında dustaqlara əzab vermək daş karxanalarının yaxınlığında tikilib. Orada məhkumlara çox əziyyət çəkirlər. Ona görə də hesab edirəm ki, həmin müəssisənin yeri dəyişdirilməlidir. Orada baş verən qiyama gəlincə, bu məsələ ciddi araşdırılmalı, məhkumları qiyama vadar edən şəxslər cəzalandırılmalıdır”.
Məlumat üçün deyək ki, vicdan məhbusları Şahin Həsənli ilə Vidadi Isgəndərli də 14-cü kalonda saxlanılır.
İnformasiya şöbəsi