AXC parlamentinin lənkəranlı üzvü

Şair Mirzə Ismayıl Qasirin siyasətçi oğlu

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində təmsil olunan şəxsiyyətlərin böyük əksəriyyəti dövrün tanınmış ziyalıları idi. Bu ziyalılardan biri də görkəmli maarifçi Hacı Səlim Axundzadə idi.Hacı Səlim Axundzadə 1872-ci ildə Lənkəran şəhərində dünyaya gəlib. Onun atası öz dövrünün tanınmış şairi və görkəmli maarifçisi Mirzə Ismayıl Qasir (1805-1900) idi. Tarixi mənbələrin yazdığı kimi, o, Şirvandan Lənkərana köçdükdən sonra “Üsuli-cədid” məktəbi yaradaraq, maarifçiliklə məşğul olmuşdur.
Hacı Mirzə Səlim ilk təhsilini atasının dərs dediyi məktəbdə almışdır. O, bu məktəbdə fars və ərəb dillərini öyrəndikdən sonra o dövrdə Lənkəranda fəaliyyət göstərən rus gimnaziyasına daxil olur. Gimnaziyada təhsilini uğurla başa vurub bir müddət şəhər polis idarəsində, sonra isə yerli mülkiyyətçi Əsgər xan Talışinskinin yanında katib işləyir. Bundan sonra o, dini təhsil almaq məqsədilə Ərdəbil, Zəncan və Nəcəf şəhərlərinə gedir. Hacı Səlimin bu təhsili düz 8 il davam edir. O, Türkiyə və bir sıra Avropa ölkələrində uzunmüddətli səyahətdə olur. Axundzadə Vətənə qayıdandan sonra 1911-1916-cı illərdə Lənkəran şəhər gimnaziyasında Islam dini və şəriət dərsləri, o cümlədən fransız dilindən dərs deyir.
1916-cı ildə Axundzadə yenidən Türkiyəyə səyahət edir. Orada olduğu müddətdə Rusiyada fevral burjua demokratik inqilabı baş verir, bundan dörd ay sonra o, Lənkərana qayıdır. Axundzadə burada “Müsavat” partiyasının yerli şöbəsinə üzv olur.
Bu ərəfədə hər yerdə olduğu kimi, cənub bölgəsində də fevral inqilabının təsirilə ictimai-siyasi canlanma başlayır, yerli, məhəlli icraiyyə komitələri yaradılır. Bu təşkilatlar yerlərdə asayişi təmin etmək, xaos və qarmaqarışıqlığı aradan qaldırmaq məqsədilə gərgin fəaliyyət göstərirlər.
Bakıdan teleqram var…
1918-ci il yanvarın 9-da Bakıdan teleqram göndərilir. Bir nəfər rus dili bilən lənkəranlının Tiflisə gedib erməni və gürcülərlə birlikdə “Seym”in işində iştirak etməsinin tələb olunduğu bildirilir. Uzun illər sonra qürbətdə yaşayan 58 yaşlı Hacı Səlim Axundzadə bu hadisəni belə xatırlayırdı: “Mən təklif etdim ki, Ağa Məhəmmədəli getsin. Lakin təşkilatın üzvləri mənim getməyimi məsləhət gördülər. 1918-ci il yanvarın 10-da Bakıya gəlib ”Açıq söz” idarəsinə getdim və “Xeyriyyə”də sakin oldum.
Məhəmməd Əmin Rəsulzadə məni görcək ehtiram göstərdi. Həmin gün axşam saat 8-də Bakıdan qatarla Tiflisə yola çıxdıq. Heyətimizdən adları yadımda qalan yoldaşlarım bunlar idi: Məhəmməd Əmin Rəsulzadə, Xəlil bəy Xasməmmədov, Məhəmmədhəsən bəy Hacınski, Mehdi bəy Hacıbababəyov, Cavad bəy Məlikyeqanov, Mehdi bəy Mustafabəyov, Məmməd Yusif Cəfərov, Fətəli xan Xoyski, doktor Həsən bəy Ağayev və Islam bəy Qəbulzadə. Gəncədə Yusif bəy Nəsibov vaqona minib bizə qatıldı. “Ittihat” firqəsindən Sultan Məcid Qənizadə, doktor Miryaqub və Həybətqulu bəy də bizimlə idi. Qatar yavaş-yavaş hərəkət edirdi. Hər bir münasib yerdə dayanıb bura toplaşan camaat üçün müvafiq nitqlər edilirdi… Yanvarın 12-də günorta vaxtı Tiflisə varid olduq…” (Vikipedia)
Axundzadənin xatirələrində Türk qoşunlarının Azərbaycana gəlişilə də bağlı bir sıra maraqlı bilgilər var. Belə ki, türk qoşunu Batuma yaxınlaşanda almanlar gürcüləri öyrədirdilər ki, türkləri Batumdan keçməyə qoymasınlar. Buna görə də, Nuru Paşa yolu dəyişib başqa tərəfdən Gəncəyə gəldi. Bununla da Qafqaz müsəlman əhlinə böyük bir qüvvə yetişdi. Sonra Gəncədən 4 min türk əsgəri Hacı Mirzə Səlim Axund Axundzadənin nümayəndələrilə Zəngəzura tərəf hərəkət edir ki, orada ermənilərin mühasirəsində olan azərbaycanlıları azad etsin. Buna uğurla nail olurlar. Odur ki, sonralar Zəngəzur camaatı Hacı Mirzə Səlim Axundzadəni Azərbaycan Cümhuriyyəti parlamentinə deputat seçmişdi.
1920-ci ilin aprel işğalından sonra, o dövrün görkəmli siyasi xadimləri, hökumət üzvləri kimi, Axundzadə də məcburiyyət qarşısında vətəni tərk etməli olur. O, əvvəlcə Irana gedir, Ərdəbildə məskunlaşır, sonra Ənzəli şəhərinə köçür. Hökumət mədrəsəsində müəllimlik etməyə başlayır.
Qürbət ellər vətən olmaz…
Amma rus-bolşevik işğalından sonra digər ictimai-siyasi xadimlər kimi, Axundzadə də mübarizəni dayandırmır. Şərqdə, xüsusilə yaxın müsəlman ölkələrində böyük nüfuz sahibi olan Hacı Səlim həmin ölkələrə üz tutur. Böyük ziyalının əsas məqsədi müsəlman dünyasından hərbi yardım almaq, Vətəni yadelli işğalçılardan xilas etmək idi. Elə bu məqsədlə də o, Irandan Əfqanıstana yollanır. O dövrdə, yəni ötən əsrin 20-ci illərində Əfqanıstanda hakimiyyətdə olan rusiyameylli Əmənullaxan Hacı Səlimin bu xahişini qulaqardına vurur. Ona bu mübarizədən əl çəkməyi və Əfqanıstanda qalmağı təklif edir. Axundzadə bu təklifi qəbul etməyib, Tac-bəy sarayını tərk edir. Bir tərəfdən işğal altında olan Azərbaycan dərdi, digər tərəfdən qürbətdə doğma od-ocaq həsrəti, övlad nisgili onu əzir.
Hacı Səlim Axundzadə öz vətənində 42 yaşında evlənmişdi. Onun Aişə və Cəmilə adında iki qız övladı vardı. Hələ Vətəndə olarkən başı siyasi qovğalara qarışan Hacı Səlim ailə qayğıları ilə düz-əməlli məşğul ola bilmir. Atası mühacirətə gedəndən bir il sonra Aişə atasızlığa dözə bilməyib dünyasını dəyişir. Iki il sonra – 1923-cü ildə Axundzadənin ikinci qız övladı, Cəmilə vəfat edir.
Eyni zamanda, öz doğma yurdunda qərib kimi yaşamaq məcburiyyətində qalan Axundzadələr zamanın sərt sınaqları ilə üz-üzə qalır. Təqiblər, təhqirlər, repressiyalar bu nəslin nümayəndələrini cana doyurur. Ərinin bir daha Vətənə dönə bilməyəcəyini anlayan Mirzə Səlimin ömür-gün yoldaşı onun arxasınca Irana qaçmağa qərar verir.
Hacı Səlim Axundzadənin qaynı Məşədi Tağı bəy 1924-cü ildə öz bacısını Lerik yolu ilə onun yanına – Ərdəbilə aparır. Amma belə bir cəsarətli addım ona həyatı bahasına başa gəlir. Lənkərana qayıdan kimi Məşədi Tağı bəyi həbs edirlər. Sorğu-sual o qədər də uzun çəkmir. Onu gedər-gəlməzə – Sibirə sürgün edirlər və doğma vətənə qayıtmaq ona bir daha nəsib olmur. O, elə Sibirdəcə vəfat edir.
1927-ci ildə Hacı Səlim Axundzadənin Işıq (Rövşən), 1930-cu ildə isə Zahir adlı oğlanları dünyaya gəlir. Zahir dünyaya gələndə Hacı Səlim Axundzadənin 58 yaşı vardı. O, bundan çox keçməmiş dekabrın 15-də vəfat edir. Onu Ənzəlidə torpağa tapşırırlar.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir