agcabedi-olen-zabitler1

Zabit anasından tükürpədici faktlar

agcabedi-olen-zabitler1Ağcabədidə yerləşən hərbi hissədə nələr baş verir?

“Oğlum hərbi komandiri tərəfindən öldürülüb, lakin bununla bağlı heç bir tədbir görülmür”. Bu sözləri “Azadlıq”a Bakı sakini Lətifə Bədəlova deyib. Onun sözlərinə görə, mərhum oğlu leytenant Elşad Həsənov (şəkildə ortada – red.) Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsini daşıyıb. O,   2011-ci il iyulun 29-da boyun nahiyəsindən aldığı güllə yarası nəticəsində dünyasını dəyişib.
Lətifə Bədəlova bildirib ki, hərbi hissə rəhbərliyi oğlunun ermənilər tərəfindən öldürüldüyünü iddia edir. Lakin o, deyilənlərə inanmır: “Məsələ burasındadır ki, mənim oğlumla tabor komandiri mayor Bahadur Cəfərov arasında konflikt olub. Oğlum həmin hərbi hissəyə gedən gündən Bahadur Cəfərov ona təzyiqlər edib. Bunun kökündə isə o dayanıb ki, Bahadur Cəfərov oğlumdan pul istəyib. Təsəvvür edin, tabor komandiri elə ilk gündən öz əlaltıları vasitəsilə oğluma xəbər göndərib ki, pul versin kazarmanı təmir elətdirək. Lakin oğlum hələ maaş almadığını deyib və əlavə edib ki, əmək haqqını aldıqdan sonra deyilən məbləği ödəməyə hazırdır. Bundan sonra oğlum evə zəng vuraraq hərbi hissəyə kabel gətirməyimizi xahiş edib. Biz 500 metr kabel alaraq hərbi hissəyə aparmışıq. Istəməmişik ki, Bahadur Cəfərov övladımıza təzyiq etsin. Lakin tabor komandirinin təzyiqləri səngiməyib”.
Lətifə Bədəlovanın sözlərinə görə, Bahadur Cəfərov dəfələrlə oğlunu şərləyərək ondan müxtəlif məbləğlərdə pul tələb edib. Bir müddət sonra tabor komandiri daha da aqressivləşib və Elşad Həsənov Bakıya Hərbi Hospitala göndərib: “Bahadur Cəfərov oğlum barədə rəy yazıb ki, guya o dəlidir. Bu sənəd məndə var. Halbuki mən hospitala oğlumun yanına gedəndə, həkim dedi ki, o tam sağlamdır. Sadəcə komandirilə konflikti olduğu üçün bura göndəriblər. Oğlum bir həftə hospitalda. Hospitaldan çıxandan sonra vəziyyət daha da gərginləşdi.  Oğlumi hərbi hissəyə qayıdanda Bahadur Cəfərov onu kazarmaya buraxmamışdı. Bu yanvar ayında olub. O gecə saat 1-2 radələrində mənə zəng vuraraq dedi ki, kazarmaya buraxılmır, çöldə qalıb. Mən şoka düşdüm. Bilmədim nə edim. Müdafiə Nazirliyində Humay adlı bir xanım var. Əlacsız qalıb ona zəng vurdum. Xahiş etdim ki, əgər Bahadur Cəfərovun nömrəsini bilirsə ona zəng etsin və oğlumu heç olmasa bir gecəlik kazarmaya buraxılmasını təmin etsin. Humay xanım da çox sağ olsun, tabor komandirinə zəng edərək məsələni həll etdi. Oğlum həmin gün müvəqqəti olaraq növbətçi əsgərin yanında gecələyib. Səhəri gün isə Humay xanım özü hərbi hissəyə gedib. Mən oğlumun yanından zəng edərək dedi ki, narahat olma, Bahadur Cəfərovla danışmışam, sözümü ona demişəm. Amma tabor komandiri qanunsuz əməllərindən əl çəkmədi.  O iki əsgəri öyrədərək oğlumun üzünə qoydu. Guya oğlum həmin əsgərləri döyüb. Sonra da bu işi yoluna qoymaq üçün oğlumdan 500 manat tələb eləyib. Oğlum isə qəti şəkildə heç kim döymədiyini bildirib. Bahadur Cəfərov yenə əl çəkməyib. Bu dəfə əlaltılarına oğlumu döydürüb. Iyulun 27-də oğlum mənə zəng vuraraq dedi ki, artıq dözə bilmirəm. Bahadur Cəfərov məni hədələyir ki, bu hərbi hissədə ya, sən qalmalısan, ya da mən. Iki gün sonra yenə oğlumla danışdım. Axşam saat 20.20-də isə oğlumu öldürüblər. Məni bir ana kimi ekspertizanın rəyi, güllənin hansı silah növünə aid olması, yaxın və ya uzaq məsafədən vurulduğu, güllə yarasının diametri maraqlandırır. Amma heç kim bu haqda bizə məlumat verməyib. Iki gün sonra yoldaşım, qardaşım və qaynım oğlumun öldürüldüyü yerə gediblər. Orada qan izlərinin itirilməsi məqsədilə təkər yandırıldığının şahidi olublar. Bundan başqa Elşad vurulduğu an əlində mobil telefonu açıq qalıb. Ölümündən sonra telefonundakı nömrələri siliblər. Bizə də deyiblər ki, guya telefon koda düşüb. Oğlumun maaş kartı da üstündə olmayıb. Kartı bizim tələblərimizdən sonra Bahadur Cəfərovun əlaltıları gətirib müstəntiqə veriblər”.
Lətifova Bədəlova qəzetimiz vasitəsilə ölkə başçısı Ilham Əliyevə, müdafiə naziri Səfər Əbiyevə müraciət edərək bu məsələni diqqətdə saxlamalarını, oğlunun öldürülməsi faktının obyektiv araşdırılmasını təmin etmələrini xahiş edir.
Lətifə Bədəlova onu da əlavə edib, sözügedən hərbi hissədə təkcə onun oğlu deyil, başqa zabitlər də öldürülüb. Bunlar Vaqif Abdullayev (şəkildə sağda – red.) və Emin Əliyevdir (şəkildə solda – red.).
Mövzunu davam etdirəcəyik.

Hikmət