“- Buralar sənin məmləkətindir…
– Məmləkət, ev, yurd… Bu günlərdə bunların anlamını bir daha düşünməli oldum, Özkan. Mən bu məmləkət üçün savaşdığımı düşünürdüm. Ama bu, məmləkətin umurunda belə deyildi…”.
2005-ci ildə çəkilmiş “Babam və oğlum” filmi sadəcə möhtəməşdi. Turgenevin ideyalar üstündə qurulmuş “Atalar və oğullar”ından sonra bu əsər ata-oğul münasibətlərinə tam yeni rakursdan, daha çox bəşəri açıdan yanaşmanı ortaya qoyur. Ancaq bu yazımda filmdən danışmaq fikrində deyiləm. Məğlubların göz yaşlarından doğulan bu filmdə nədən danışıldığını izləyənlər bilir, bilməyənlər də izləsə, biləcəklər.
“Ama bu, məmləkətin umurunda deyildi…”. Bəli, bu ölümünə kədərli sözü filmin tragik qəhrəmanı Sadiq (Sadık) Egeyə qayıdışında sıxıntılı olmasıyla bağlı dostu Özkanın sezgisinin üstündən deyir. “Mən bu məmləkət üçün savaşdığımı düşünürdüm. Ama bu, məmləkətin umurunda belə deyildi…”. Nə qədər təəssüf, nə qədər özünə acımasızca ironiya!!!
Bu kəlmələrin acısını bu məmləkət üçün savaşmayanlar, savaşdığını düşünməyənlər duymaz, hiss etməz. Bu yazını da elə onlar üçün yazıram – savaşmayanlar üçün.
Sadiqin sitat gətirdiyim fikri ilə kimsəni ruhdan salmaq istəmirəm. Bəli, həmişə belə olub. Ömrünü, canını, sevgisini qurban vermiş insan birdən ayılır ki, uğrunda savaşdığını düşündüyü məmləkət, yəni onun insanları heç özlərini o yana qoymurlar, sənin savaşın onların heç vecinə də deyil. Hətta olur ki, qayıdıb sənə deyirlər: “Qardaş, səndən bizimçün savaşmağı xahiş eləyən olmuşdumu?”.
Yadımdadı, növbəti dəfə metroda gediş haqları qaldırılanda yan-yörədəkilər – qocalar, cavanlar Elmlər Akademiyası metrostansiyasının həndəvərində etiraz aksiyası keçirən müxalifətçi gəncləri polisin qovmasını, sıxışdırmasını, avtobuslara doldurulmasını seyr edib qaqqanaq çəkir, gülüşürdülər. Bu gülüşlərin fonunda polis aksiya iştirakçılarına sitəm eləyirdi. Onlar üçün, onların bu məmləkətdə asan yaşaması üçün çarpışanları döyürdülər, onlar isə gülürdü. Onlar isə döyürdü.
Yenə bu məmləkət üçün savaşan onlarla fədainin məhkəməsini yada salıram. Bu məhkəmələri informasiya qıtlığı və biganəlik ucbatından bütün ölkədə olmasa da, Bakıda hamı bilir, ancaq bir nəfər də məhkəmələrin önünə gəlmirdi. Gələnlər isə elə əqidə yoldaşları, yol yoldaşları idi. Hər yeni məhkəmənin qarşısında onları görərdin. Bir-birilə görüşür, hal-əhval tutur, dərdləşirdilər. Hamıya gün kimi aydın idi ki, bir də gələn məhkəmədə görüşəcəklər və o da heç kimə sirr deyildi ki, gələn dəfə… müttəhimlər kürsüsündə indi görüşdükləri bu jurnalistlərdən, müxalifətçilərdən biri oturacaq.
“Məmləkət”dən isə gözə dəyən olmayacaqdı. Hələ ən simsarları, özünü savaşçılara yaxın sayanları belə, dalda bir yerdə, çayxanada, yeməkxanada, nə bilim hansısa zibil… xanada məhkəməsi olanlar haqda yaxın biri kimi soruşacaq, hakimiyyətin qarasınca deyinəcək, lənətləyəcək, daha belə yaşamağın mümkün olmadığını deyəcək. Ancaq bir kərə əziyyət çəkib məhkəmə önünə gəlməyəcəkdi…
Nə qədər dostlar tanıyıram. Bir qarnı ac, bir qarnı tox yaşayırlar. Pərişanlıqdan övladlarının, ailələrinin üzü torpaq rəngindədi. Axı it zilləti ilə qazandıqları bir çimdik parayla necə uşaq oxutsunlar, onlara pal-paltar, dəftər-kitab alsınlar, repetitor tutsunlar?.. Di gəl, onlar ən yaxşısına layiqdirlər və istəsələr, bütün gedənlər kimi onların da öz övladlarını saraylarda yaşatmaq imkanı olardı.
Bir jurnalist dostum başqa tanınmış bir jurnalist dostum haqda dedi: “Onunla eyni yaşda olan, eyni vəzifə tutan başqaları şah kimi yaşayır. O isə dərviş kimi hələ də yollardadı…”. Ürəyimdən vurdular elə bil. “Qardaş, nolar,- dedim,- icazə verin bir nəfər də toxumluq insanımız qalsın da, noolar…”.
Hə, Sadiq haqlıdı. Ama Sadiqlər olmasa, toxumumuz kəsilər axı. Toxumunun kəsilməsini istəməyənlər əlini qaldırsın…

Toxumluq insan…
•
•