Üçüncü yazı
1.Xorvat gənclərin vətənpərvərlik dərsi
Adriatik dənizi sahilində yerləşən Ankona şəhərindən Yunanıstanın Aralıq dənizi sahilindəki liman şəhəri Iqoumenitsaya məşhur “Titanik”ə bənzəyən “Superfast” gəmisi ilə getmək nəsibim oldu. Nə nəhəng “Superfast” gəmisi barədə yazmaq, nə də dəniz səyahətinin gözəlliklərini qələmə almaq fikrindəyəm. Gəminin göyərtəsində Xorvatiyadan olan gənclərin 2 saatdan artıq davam edən şousundan aldığım təəssüratı sizinlə bölüşmək istəyirəm.
Yola çıxdıqdan iki saat sonra iki yüzdən artıq xorvat gənc gəminin göyərtəsindəki hovuzun dörd tərəfini işğal edib xorla Xorvatiyanın dövlət himnini oxumağa başladılar. Göyərtədən dənizi seyr edən müxtəlif millətlərdən olan yüzlərlə insan bu gənclərə tamaşa edirdi. Gənclər Xorvatiyanın bayrağını başları üzərinə qaldırıb təkrar-təkrar milli marşı oxuyurdular. Sonra birlikdə milli mahnılarını ifa etməyə başladılar, rəqs etdilər. Dəfələrlə alqışlandılar.
Xorvat gənclərin göyərtədəki hərəkətləri təkcə əyləncə xarakteri daşımırdı, onlar həm də vətənpərvərlik dərsi keçirdilər. Və XORVAT millətinin varlığını isbatlayırdılar.
Etiraf edirəm, o gənclərə həsəd aparırdım. Nəyə görə?
Ona görə ki:
– Milli Məclisdə deputatlarımızın Dövlət Himnimizi xorla, canı-könüldən, oxuduğunun heç şahidi olmadım;
– Dövlət toplantılarında yekə məmurların bir çoxu Dövlət Himni səslənəndə lal-kar olurlar;
– Dəfələrlə rəsmi məclislərdə Dövlət Bayrağının tərsinə asıldığını gördüm;
– Bir mahnı yoxdur ki, onu 10 nəfər, 50 nəfər, 100 nəfər soydaşımız birlikdə oxusun;
– Gənclərə dövlətdən çox dövlət başçısına sayğı aşılanır;
– Bir telekanal Dövlət Bayrağı və Dövlət Himni ilə bağlı samballı bir proqram ortaya qoymayıb;
– Məmləkətdə vətəndaşın DÖVLƏTƏ olan sevgisi yetərincə deyil…
Xorvatiya da eynən Azərbaycan kimi 1991-ci ildə müstəqilliyə qovuşub. Xorvatiya artıq NATO-ya üzv olub, Avropa Birliyinə (AB) gələn il tamhüquqlu üzv olacaq. Və dünya millətlərinin sırasında XORVAT millətinin varlığını hər kəs görür. Rəsmi Bakı isə hələ ki, nə NATO, nə də Avropa Birliyi evinin kandarına yaxın düşə bilir. Millətlərin sırasında adımızın olub-olmadığını isə sən daha yaxşı bilirsən, dəyərli oxucu…
2. Ziya Məmmədov Yunanıstanda olubmu?
Yunanıstanın Qərbini Şərqi ilə birləşdirən “Eqnatiya” magistral yolunun uzunluğu 670 km, eni 24,5 metrdir. Bu magistral yol bəlkə də dünyanın ən komfort avtomobil yoludur. 50-dən artıq tuneldən, mindən çox körpünün üzərindən keçən “Eqnatiya” magistralı yunan zəkasının məhsuludur. Ecazkar, əfsənavi magistral barədə düşünəndə öncə göz önünə dünyaya DAHIlər bəxş etmiş yunan milləti gəlir. Və yunan millətinə, yunan dövlətinə “əhsən” deməmək insafsızlıqdır.
O yolda Bakını da yada salmamaq qeyri-mümkündür. Yolları başını aşağı edən Bakını. O yollar ki, açılışının qırxı çıxmamış təmirə dayanır. O yollar ki, hissə-hissə lentkəsdi edirlər və bir saatlıq yağışdan sonra astarı üzə çıxır…
Nəqliyyat naziri Ziya Məmmədovun Yunanıstanda olmasından xəbərsizəm. Olmayıbsa, bir həftəliyə Yunanıstana getsin. Dövlətdən aldığı maaşı səfərə imkan verməsə, oğlu oliqarxdır, yəqin yardım edər. Getsin və bir kirayə avtomobil götürüb “Eqnatiya” magistral yoluna çıxsın.
Əminəm ki, hörmətli nazir “Eqnatiya” magistralında maşın sürərkən Azərbaycandakı bərbad avtomobil yollarını ərsəyə gətirənlərin yaxınları barədə mütləq xoşagəlməz ifadələr işlədəcək.

Avropadan Bakı necə görünür?
•